Dənizin, səmanın və meşənin ətri
Azərbaycanda turizmin inkişafı üçün imkanlar çoxdur. Bu imkanlar yalnız inkişafla, yeni salınan yollarla, ucaldılan turizm obyektlərinin sayı ilə bağlı deyil. Tariximiz, zəngin mədəni irsimiz, memarlıq abidələri qədər də turizmin inkişafına təkan vermək gücünə qadir digər mənəvi amillər mövcuddur.
Sizə nə qədər qəribə gəlsə də, istənilən əcnəbinin ölkəmizi seçməsi, bura səyahətə gəlməsi ölkənin turizm potensialından daha çox milli-mənəvi dəyərlərimizi necə qorumağımızdan, sevməyimizdən və təbliğ etməyimizdən asılıdır. Odur ki, mədəniyyətimizdə və mənəviyyatımızdakı fərqləri və üstün cəhətləri göz bəbəyi kimi qorumağı və bu keyfiyyətlərlə öyünməyi, onları yaşatmağı bacarmalıyıq.
Əgər özümüz üstünlüklərimizi dərk etməsək, onları ruhumuzda, əxlaqımızda yaşatmasaq, əcnəbilər də bu ölkəyə nabələd gəlib, nabələd gedəcəklər və bir də təkrar Bakıya, Azərbaycana qayıtmağa can atmayacaqlar.
Fərqləri sezmək, turizm tərəzisinin gözündə çəkimizi bilmək üçün İtaliyadan gələn sosioloq Litsiya və istedadlı fotoqraf Alekseylə ölkənin cənubuna - Lənkərana yola düşdük. Biz Bakıdan çıxanda dan yeri sökülürdü. Paytaxtdan bir neçə yüz kilometr aralandıqdan sonra yolun kənarında yerləşən restoranlardan birində əyləşdik. Dörd nəfərin yeməyi cəmi 8 manata başa gəlir. "Bu, əla qiymətdir, qulluq da yaxşıdır. Ofisiantlar qonaq nədirsə yaxşı bilir və nəzakətlidirlər”, - Aleksey belə qiymət verir.
Yollarımızın gözəlliyi, müasirliyi də onları heyran qoyur. Hər şey heyrətamiz dərəcədə gözəldir. Müharibə şəraitində yaşayan ölkənin intibahı ağlasığmazdır. Əcnəbi səyyahlar belə fikirləşirlər. Aleksey 12 dəfə Azərbaycana baş ofisi Moskvada yerləşən "Bakı” jurnalının xətti ilə gəlib. Saysız yeniliklərin şəxsən şahididir.
Lənkəranda isə tamamilə fərqli səhnələrlə rastlaşdıq. Məqsədimiz turistlərin nə sezəcəyi, nəyə necə qiymət verəcəyi idisə, Lənkəranda gözləmədiyimiz məqamlarla rastlaşdıq, sanki bu qədim Azərbaycan şəhəri canlandı və özü hər birimizə ayrı-ayrılıqda qiymət verdi.
Bizi Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə xanım qarşılayıb Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimova tapşırdı ki, bələdçilik etsin. Bir cənub şəhəri ilə tanışlığımız dənizin kənarındakı restoranlardan birində qonaqlar üçün açılan çay süfrəsindən başladı.
Sonra isə İlqar müəllimlə birlikdə dənizin kənarından birbaşa çay plantasiyalarına getdik, ipəkqurdunu yetişdirən kümçülərlə görüşdük, şəhəri gəzdik, dağların arasında uyuyan göl kimi əsrarəngiz su anbarına baş çəkdik.
Gözləmədiyimiz məqamlar maraqlı olduğu üçün onları da xatırlamağa dəyər. İlqar müəllim gözünün ucu ilə bizim fotokameralara baxdı. Əvvəl Alekseyə dedi ki, sənin fotokameran pis deyil, amma bununla bədii çəkiliş apara bilməzsən. Film də çəkmək mümkün deyil. İtaliyalı fotoqraf dodaqaltı qımışdı və təbəssümlə razılaşdı ki, "düzdür”. Reportaj stilində işlədiyi üçün başqa kameraya ehtiyacı yoxdur. Sonra növbə mənim kamerama çatdı. Məlum oldu ki, mənim də obyektivim portretlər üçün yaramır. Bələdçimizin özünə aid olmayan sahədəki bilikləri ilə maraqlananda öyrəndik ki, sən demə, İlqar müəllim peşəkar fotoqraflardandır. Dünyanın məşhur nəşrlərindən sifarişlər alır. Təxmini hesablayanda bildim ki, onun bir obyektivinin qiyməti ikimizin fotoaparatlarının birlikdə qiymətindən bahadır. Amma hələ harasıydı, bələdçimiz beş barmağı kimi əzbər bilirdi ki, hansı vaxtda hansı yerin şəklini çəkmək olar. Hansı nöqtədən hansına kameranı tuşlamaq lazımdır. Çəkdiyi bir neçə şəkli bizə göstərəndə peşəkarlığına heyran qaldıq.
Günümüz elə maraqlı keçdi ki, axşamın necə düşdüyünü hiss etmədik.
Qayıdanda isə bizə danışdılar ki, İtaliyanın ən məşhur ətriyyatçılarından biri Mariya Kandida Lənkərana gəlib Dəmirağacının və Lənkəran meşələrinin qoxusundan ətir hazırlayıb. Sadəcə Lənkərana bircə günlük səfər bizə onu başa saldı ki, dünya nə qədər böyük olursa olsun, nə qədər gəzməli, zəngin şəhərlər olursa olsun, Azərbaycanın bir qarış torpağı onlardan geridə deyil. Əslində, dünyanın ən gözəl mənzərələri Azərbaycandadır. Bizim dağlarda bitən çiçəklərin qoxusundan Alp dağlarında bitən çiçəklərdən daha artıq gözəl ətirlər almaq mümkündür.
Bizim insanların qonaqpərvərliyindən heç yerdə yoxdur. İngilis, fransız, ya da alman başına gülləni çaxar, amma evinin son tikəsini çıxarıb məhəbbətlə süfrəyə qoymaz, qonağa verməz. Hələ alman bir yana qalsın, yeri gəlmişkən tələbəlik dostum Paşadan deyim. Drezden Texniki Universitetini bitirdikdən sonra evlənib Almaniyada qalır. 30 ildən sonra qardaşı Salman qonaq gedir. Axşam Paşa soyuducudan kolbasanı çıxardır və qardaşından soruşur ki, necə dilim yeyəcəksən? Salmanın gözləri bərəlir, soruşur ki, necə yəni neçə dilim, doğra tök, istədiyim qədər yeyəcəyəm. Paşa deyir ki, israfçılıq sizin evinizi yıxıb, sən de nə qədər doğrayım? Salman əsəbiləşir ki, "a kişi, bu nə hərəkətdi eliyirsən, mən sənin evinə qonaq gəlmişəm axı. Sən o Paşa deyilsənmi ki, Bakı Energetika Texnikumunun yataqxanasında Bahadurla bir qazandan borş içirdin? İstəmirəm sənin kolbasanı, səhər qayıdıram Bakıya”. Paşa özümüzünküdü, tam alman olmayıb hələ...
Bizim ölkəyə gələn əcnəbilər qonaqpərvərliyimizə, səmililiyimizə, əcnəbilərlə mehriban və tolerant rəftarımıza heyran qalırlar. Bizim ailə dəyərlərimiz də Avropadakı kimi deyil, bizim əxlaqımız da, qohum-əqrəbaya bağlılğımız da Qərbdəkindən fərqlidir.
Biz hamımız bir-birimizə arxayıq, güvənə bilirik, əl tutmaq Əlidən qalıb deyirik. Alman isə deyir ki, birinci özünü fikirləş, sonra başqasını. Biz bu dəyərləri də təqdim etməyi bacarmalıyıq.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2019.- 27 iyul.- S.3.