İlkin Neft Layihəsi xarici
investorların Azərbaycana inamını artırdı
İlkin Neft Layihəsi (İNL) Xəzərin Azərbaycan sektorundakı dəniz yataqlarının müvəffəqiyyətlə işlənməsinin mümkünlüyünü nümayiş etdirmək üçün bir sınaq idi. Bu layihə öz növbəsində bir neçə hissəni əhatə edirdi. Layihə çərçivəsində Azərbaycanın neft sənayesi infrastrukturunun geniş spektrinin Qərb standartları səviyyəsində modernləşdirilməsi nəzərdə tutulurdu.
Mövcud "Çıraq-1” hasilat platforması təmir olunmalı, əslində təzədən tikilməli idi. Platformadan hasil olunacaq karbohidrogenləri sahilə çıxarmaq və ixrac etmək üçün infrastruktur qurulmalı idi.
İNL üzərinə düşən genişmiqyaslı işlərin öhdəsindən layiqincə gəldi. Belə ki, o zaman "Şelflayihətikinti” adlanan birliyin quraşdırma sahələri əsaslı təmir edildi. Yardımçı gəmi donanması (8 gəmi) modernləşdirildi. Modernləşdirmə "Azərbaycan” kran gəmisini və "İsrafil Hüseynov” borudüzən barjını da gələcək mühüm işlər üçün hazır vəziyyətə gətirdi. Zığdakı boruörtükləmə zavodu təmir olundu.
Yeni "Çıraq” platformasından çıxarılan neft və səmt qazını nəql etmək üçün sualtı xətlər tələb olunurdu. Bu məqsədlə platformadan Səngəçal terminalınadək uzunluğu 157 kilometr olan 24 düymlük boru kəməri çəkildi.
Platformadan SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neft Daşlarındakı qurğularınadək uzanan, diametri 16 düym olan 50 kilometrlik qaz xətti inşa edildi.
Ən vacib məsələlərdən biri "Çıraq-1”in təmiri idi. Bunun üçün görülən işlər əminliklə deməyə imkan verir ki, platforma yenidən tikildi. Belə ki, vaxtilə SOCAR-ın tikib-quraşdırdığı qurğunun mövcud dayaq bloku təmir edildi, genişləndirildi, gücləndirildi və beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz olundu. Modulların 1035 ton ağırlığında olan dayaq çərçivəsi tikildi. Platformanın üst modulları quraşdırıldı.
Xatırladaq ki, "Çıraq” platforması Xəzərdə Bakıdan təxminən 120 kilometr şərqdə yerləşir. Burada suyun dərinliyi 120 metrə çatır. Platformanın üst modulları 19 quyuağzına malikdir və ümumi ağırlığı 8500 ton olan yükü saxlamağa qadirdir.
"Çıraq”ın
1997-ci ilin sonlarından başlanan
hasilatını sualtı kəmərlər Səngəçal
terminalına gətirdi. Həmin vaxtadək hazır olan terminal İNL
dövründə ümumi tutumu 650 min barel olan 4 çəndən
ibarət idi. Terminal sutkada 115
min barel xam nefti qəbul və emal etmək
üçün layihələndirilmişdi. Obyekt eləcə
də xam nefti ölçmək, onu Şimal və Qərb ixrac boru kəmərlərinə
vurmaq üçün
qurğulara malik idi.
İNL çərçivəsində
Qara dəniz sahilində də bir terminal tikildi. Ümumi
tutumu 950 min barel olan bu obyektdə
4 çən istifadəyə
verilmişdi. O vaxt terminalın artıq dənizin dibi ilə çəkilmiş
sualtı boru kəməri şəbəkəsi
və sahildən təxminən 3 kilometr aralıda üzən yükləmə qurğusu
daxil olmaqla tankerlərin doldurulması
üçün avadanlıqlarla
təchiz edilmiş sistemi də var idi.
İlkin Neft Layihəsi həmçinin Şimal İxrac Boru Kəməri (ŞİBK) və
Qərb İxrac Boru Kəmərinin
(QİBK) bərpası və
tikintisini əhatə
etdi. Bu boru xətlərini
qısaca olaraq Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri
də adlandırırlar.
MİMP (Məcburi
İşlərin Minimum Proqramı)
və İNL-nin müvəffəqiyyətlə yekunlaşması bir daha nümayiş etdirdi ki, Azərbaycan
xarici neft şirkətləri ilə
birgə çoxşaxəli
layihə olan
AÇG-ni uğurla sona çatdıra biləcək. Bu ilk nailiyyətlər
Azərbaycan dövlətinə
xarici investorların inamını artırdı
və beynəlxalq nüfuz qazandırdı.
Bu gün Azərbaycanın
yaratdığı mükəmməl
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
formatının möhkəm
təməli məhz həmin dövrdə qoyuldu.
Flora SADIQLI
Azərbaycan.-
2019.-27 iyul.- S.1; 3.