“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının 2019-cu il üçün məzunları mükafatlandırılıb

 

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının 2019-cu il üçün məzunlarını mükafatlandırıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Rəhimov tədbirdə çıxış edərək bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 ilinin tamam olduğunu bildirərək qurumun Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi bir dövrdə təsis olunduğunu xatırladıb. Nazir vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdan kimi ilk görüşü məhz həmin ilin sentyabrında Milli Məclisdə gənclərlə təşkil edib.

Azad Rəhimov bildirib: "1994-cü il iyulun 26-da təsis edilən Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan ilk nazirlik olub. Nazirliyin yaradılması ilə Azərbaycanda gənclər və idman siyasətinin əsası qoyulub. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrləri təhlil etsək görərik ki, gənclər və idman məsələləri daim dahi şəxsiyyətin diqqət mərkəzində olub. Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşıb və daim öz himayəsində saxlayıb. Əbədiyaşar lider gənclərlə görüşlərində "Azərbaycanın gələcəyi gənclərdir” ifadəsini əbəs yerə işlətmirdi.”

Nazir vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən keçirilmiş "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramına bu gün yekun vurulur.

Qeyd edək ki, proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ilə görüşlər təşkil edilib. Seminar xarakteri daşıyan görüşlərdə gənclər dövlətimizin müxtəlif sahələrdə siyasəti ilə daha da yaxından tanış olublar. Gənclər, eyni zamanda, Ulu Öndər Heydər Əliyev ilə çiyin-çiyinə çalışmış rəhbər şəxslərdən əbədiyaşar liderin həyat və fəaliyyəti barədə dolğun məlumat alıblar.

 

Azərbaycan.- 2019.- 27 iyul.- S.4.