Ölümə inad...
Dünya ədəbiyyatı
Zirvəsində dayandığı şöhrət, ünvanına can atan hədsiz-hüdudsuz sevgi... Oxucuları təsirləndirən, ovsununa salan əsərləri... Bənzərsiz istedadı onu Nobel mükafatçısı da etmişdi. Bir yazıçıya daha nə lazım idi ki? Dünya Ernest Heminqueydən danışırdı...
Onun isə
bunların heç biri
eyninə deyildi. Ernest Heminquey
ölümün ardınca
düşmüşdü. Amma cəhdləri
boşa çıxırdı.
Ölüm atlı
olmuşdu, o piyada...
Təbiətə və
ədəbiyyata sevgi...
O, 1899-cu ilin 21 iyulunda Çikaqo yaxınlığındakı Ouk-Park
şəhərciyində dünyaya
gəlmişdi. Atası Klarens
Edmont həkim, anası Qreys Holl opera müğənnisiydi.
Ernest altı uşaqlı ailənin böyüyü idi.
Kiçik yaşlarından atasının sevimlisiydi.
Ernestin üç yaşı olanda birlikdə balıq tutmağa gedirdilər. Təbiəti sevməyi də atasından öyrənmişdi.
Bir də kitablar Ernestin ən yaxın sirdaşı idi. On yaşında
atasının şəxsi
kitabxanasında oxumadığı
kitab qalmadı.
O, təbiət qədər
ədəbiyyata da vurğun idi. Amma atası Ernesti həkim görmək istəyirdi, anası isə onun musiqiçi
olmasını arzulayırdı.
O, Ernesti violonçel
sinfində oxutdurur, tez-tez kilsəyə apararaq xorda oxumağa məcbur edirdi.
On iki yaşında ikən ona babası 20 çaplı təklülə
ov tüfəngi bağışladı. Bu hədiyyə ilə baba Ernestin qəlbində
yerini möhkəmlətdi.
Babasının ona danışdığı
ov əhvalatları isə gələcəkdə
dünya şöhrətli
əsərlərə mövzu
olacaqdı.
Ov həvəsi atasının
sayəsində daha da güclənirdi. İlk hekayəsini
bu təəssüratla
yazdı. Ov mövzusunda qələmə
aldığı əsərinin
qəhrəmanını atasına,
bir az
da babasına bənzədirdi. Hekayənin sonunda qəhrəmanı
ovda faciəli şəkildə həlak
olurdu. Klarens eyni taleyi yaşadı. Ernest sanki 1928-ci ildə intihar edəcək atasının başına
gələcəklərini qabaqcadan
duyaraq yazmışdı
həmin əsəri.
O faciəli gün illər sonra olacaqdı. Hələ ki gənc Ernest Heminquey macəra axtarır, həyatını
təhlükələrə atırdı. Gördüklərini, düşüncələrini məşğul
edən hadisələri
əsərlərinin mövzusuna
çevirirdi.
1916-cı ildə
Şimali Miçiqan ştatına səyahətindən
çoxlu mövzularla
geri döndü. "Jinqan zəncirləri” adlı hekayəsini yazdı. Çox keçmədi ki,
"Trapesiya” adlı məktəb qəzeti üçün reportajlar
hazırlamağa başladı.
Məktəbi bitirəndə valideynlərinin
ondan ilk tələbləri
universitetdə təhsil
almaq oldu. Deyilənlərə əməl etmək əvəzinə Kanzas Siti şəhərinə
getdi. Yerli "Star” qəzetində işə düzəldi.
Redaksiyanın tapşırığı ilə şəhərin baş xəstəxanası,
dəmiryol vağzalı
və polis şöbəsi
yerləşən hissələrindən
reportajlar hazırlayırdı.
Oğruları, muzdlu qatilləri,
fırıldaqçıları və başqa cinayətkarları görür,
tanıyırdı. Hadisə yerindən
hazırladığı operativ
reportajlar Ernestə yalnız redaksiya rəhbərliyinin və oxucuların sevgisini qazandırmır, ona bədii yaradıcılığı
üçün yeni mövzular da verirdi.
Macəra axtarışında...
Orduda xidmət etmək üçün müvafiq
qurumlara müraciəti
uzun müddət nəticəsiz qaldı. Gözləri zəif idi. Ruhdan düşməyən
Ernest, nəhayət, yaxın
tanışı vasitəsilə
"Qırmızı xaç”ın
sürücüsü kimi
İtaliyaya göndərilməyə
nail oldu. Sanitar maşınının sürücüsü kimi
cəbhə xəttinə
göndərildi. 1918-ci il iyulun
8-də yaralı italiyalı
snayperi döyüş
meydanından çıxaran
Ernesti avstriyalı əsgərlərin açdıqları
atəş ölümlə
qarşılaşdırdı. Həkimlər onu həyata
qaytara bildilər.
Zədələnmiş diz qapağını
alüminium protezlə
əvəz etdilər.
Ordudan tərxis olundu. İtaliya cəbhəsində vuruşan
ilk qəhrəman kimi
bütün Amerika qəzetləri onun barəsində geniş yazılar dərc etdilər. Heminquey İtaliya kralı tərəfindən "Fədakarlığa
görə” gümüş
medal və "Hərbi
xaç” ordeni ilə təltif olundu.
Bir il
müharibədə aldığı
yaraları müalicə
etdirdi. 1920-ci ildə yenidən jurnalistika ilə məşğul olmaq üçün Toronto şəhərinə
yollandı. "Toronto
star” qəzetində işə
başladı.
1921-ci il
sentyabrın 21-də gənc
pianoçu Hedli Riçardsonla evləndi. Birlikdə Parisə getdilər.
Heminquey ədəbiyyat sahəsində
ilk böyük uğurunu
1926-cı ildə qazandı. "Və Günəş doğur” adlı romanı çap olundu. 1927-ci ildə "Qadınlarsız
kişilər”, 1933-cü ildə
"Qalib heç nə almır” adlı seçilmiş hekayələri nəşr
edildi. Qərbdə isə 1929-cu ildə
qələmə aldığı
"Əlvida silah” romanı onu daha çox şöhrətləndirdi.
Yazıçı kimi uğur qazananda atası hələ həyatdaydı. 1927-ci ildə çap etdirdiyi və xeyli qonorar aldığı
"Kişilərsiz qadınlar”
hekayələr toplusunu
böyük ümidlə
atasına göndərdi.
Personajların dilindəki vulqarlıq,
baş qəhrəmanın
qonoreya xəstəliyindən
əziyyət çəkməsi
Klarens Edmontu əsəbiləşdirdi və
o, kitabları geri qaytardı. Oğlunu danışdırmadı.
1930-cu ilin
payızında düşdüyü
avtomobil qəzasından
ağır zədələr
aldı. Müalicəsi yarım il
çəkdi. Həmin müddətdə
də ədəbi yaradıcılıqdan uzaqlaşmadı.
1932-ci ildə "Günortadan sonra ölüm” adlı roman yazdı.
Ovçuluğa marağı 1933-cü ilin
sonlarında onu Afrikadakı Tanqanika gölü ətrafına
apardı. Orada xəstələndi. 1934-cü ilin yanvarında
vəziyyəti ağırlaşdı.
Yazıçını İngiltərənin bölgədəki hospitalına
apardılar. Bu dəfə də həkimlər onu çətinliklə sağaltdılar.
Və həkimlər Ernestə ovçuluqla məşğul
olmağı qadağan
etdilər. Afrikaya ov
səfəri təəssüratları
barədə 1935-ci ildə
"Afrikanın yaşıl
təpələri” adlı
kitabı çapdan çıxdı.
1937-ci ildə
oxucularına "Olsun,
olmasın” romanını
təqdim etdi. Həmin illərdə
dünyada baş verən siyasi proseslərlə yaxından
maraqlanırdı. Bu maraq onu İspaniyaya
gətirdi. Frankoya qarşı
vuruşan respublikaçıların
sırasına qoşuldu.
"İspaniya torpağı” adlı sənədli filmin ssenarisini, "Beşinci kolonna” adlı pyesini də o vaxtlar yazdı. Döyüş bölgəsində
amerikalı jurnalist
Marta Hellhornla tanış oldu. Evə dönən Heminquey Marta ilə evləndi. 1940-cı ildə yazıçının İspaniyada
vətəndaş müharibəsini
əks etdirən
"Kim üçün çalınır
zəng” adlı romanı çap olundu.
1941-ci il...
O, Baltimorda günlərini
"Pilar” adlı şəxsi kateri ilə yenə balıq ovunda keçirirdi. Həmin il dekabrın
7-də Yaponiya ABŞ-ın
Sakit okeandakı
Perl-Harbor adasında yerləşən
hərbi bazasına hücum etdi. Heminquey əks-kəşfiyyat qrupu
yaradaraq "Pilar” adlı kateri ilə alman sualtı qayıqlarının
və casusların üzə çıxarılması
əməliyyatlarında iştirak
etdi. Normandiyaya çıxarılan desant hissələrinə
qoşuldu, kəşfiyyatda
iştirak etdi. Fransa partizanlarına qoşulan Heminquey Paris, Belçika və Elzas uğrunda
gedən döyüşlərin
iştirakçısı oldu.
1949-cu ildə
yenə Kubaya getdi. 1952-ci ildə "Qoca və dəniz”
povestini yazdı.
Bir il
sonra bu əsərə görə
beynəlxalq "Pulitser”
mükafatı ilə
təltif olundu. Həmin il
Afrikaya gedən yazıçı təyyarə
qəzasına düşdü.
Yenə ölüm ondan yan keçdi. 1954-cü ildə ədəbiyyat sahəsində
Nobel mükafatına layiq
görüldü.
Ölümlə oyun
oynayan yazıçı
Dönə-dönə ölümlə üzləşmişdi. Qəzalarda, döyüş bölgələrində aldığı yaralar sağlamlığına zərbə vurmuşdu. 1950-ci illərin ortalarından depressiyadan və paranoyyadan əziyyət çəkirdi. Hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən izlənildiyini zənn edirdi. Xəstəxanaya aparıldı. Cərəyan verməklə edilən müalicənin nəticəsi ağır oldu. 20 seansdan sonra yaddaşını itirən Heminquey fikrini sərbəst ifadə edə, yaza bilmədi. Vəziyyətinin ağırlaşdığını görən yazıçı ölüm fərmanını verdi. Hətta necə intihar edəcəyini dəfələrlə dostlarına göstərdi. O, tüfəngin lüləsini çənəsinə dirəyir, tətiyi çəkirdi. Dostları Heminqueyin etdiklərini zarafat bilib, gülürdülər.
Qüssəli, keşməkeşli həyat yaşayan Ernest qadınları sevir, amma onlara inanmırdı. Anasını atasının intiharında günahlandırırdı. Buna görə onun dəfninə getmədi. 1960-cı ildə Kuba ətrafında baş verən hadisələr Heminqueyi ABŞ-a qayıtmağa vadar etdi. Aydaxo ştatındakı Ketçum şəhərində yaşamaq qərarına gəldi. Ancaq həyatın növbəti sınaqları burada da onu gözləyirdi.
Ölümə ilk cəhdi 1961-ci il aprelin 16-da oldu. Amma qonaq otağına girən Meri həyat yoldaşının tüfəngə patron qoyduğunu gördu. Yazıçının vəsiyyətnaməsi isə masanın üstündəydi. Meri çətinliklə Heminqueyi fikrindən döndərdi və təcili həkimi çağırdı. Ertəsi gün yazıçı yenidən intihar etmək istədi. O, qonaq otağının qapısını bağladı... Ancaq yaxınları bu dəfə də vaxtında xəbər tutdular. Silahı güclə ondan aldılar. Yenə Heminqueyi psixiatrik klinikaya müalicəyə göndərdilər. Ancaq qarabasmalar bitmirdi. Yazıçıya elə gəlirdi ki, onu izləyirlər. Müalicəsi iki aydan artıq davam etdi. Onu evə buraxdılar. Bir neçə gün sonra - 1961-ci il iyulun 2-də onu gözdən qoymayan həyat yoldaşı Merinin və digər yaxınlarının nəzərindən yayınan Ernest Heminquey ov silahı ilə alnına atəş açdı. O da babası və atası kimi həyatını intiharla başa vurdu. Yazıçı bu dəfə vəsiyyətnamə də yazmamışdı.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 27 iyul.- S.6.