Dünya şöhrətli yazıçı və şairlərin həyatından maraqlı məqamlar

 

Məşhur rus yazıçısı Lev Tolstoy qraf olsa da, ən ağır kənd işlərini görməkdən böyük həzz alardı. Torpağı kotanla şumlamaq, dəryazla ot biçmək, odun doğramaq onun ən sevimli məşğuliyyətlərindən idi. Bir gün hərəkətsiz qalanda özünü pis hiss edər, yuxusuzluqdan əziyyət çəkərdi.

Ömrünün ahıl çağında isə o, hər şeydən uzaqlaşaraq tərki-dünya bir həyat yaşamağa başladı. Nə yazıçı dostları, nə dövlət xadimləri, nə də oxucuları ilə görüşürdü. Jurnalistlər isə onu ən çox təngə gətirən şəxslər idi. Yazarın onlara nifrəti demək olar ki, patoloji həddə çatmışdı.

Bir gün bir jurnalist çətinliklə ondan müsahibəyə razılıq aldı. Jurnalist ilk sualını verdi:

- Sizcə, dünyanın ən yazıq insanı kimdir?

Tolstoy dedi:

- Lev Nikoloyeviç Tolstoy.

Yazıçının cavabından heyrətlənən jurnalist səbəbini soruşdu. Tolstoyun cavabı belə oldu:

- Çünki hazırda dünyanın ən bədbəxt, yaramaz sırtıq insanı ilə danışıram,

 

***

 

Rus şairi Aleksandr Puşkin şeirlərini yazarkən onun üçün xüsusi reseptlərlə hazırlanmış limonadı içməyi xoşlayarmış. Kamerdinerinin sözlərinə görə, şair gecə işləməli olanda mütləq əvvəlcədən içki tədarükünü görərmiş. Allaha sidq-ürəkdən inanan şair gələcəyi barədə deyilən sözlərə, o cümlədən dueldə öləcəyinə əmin imiş.

 

Azərbaycan.- 2019.- 27 iyul.- S.6.