ANA

 

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

Ürək süqut eləməz aldığı mətanətdən.

Ricavü xəvfə məkan vermərəm gər alimlər

Min il də vəz edələr dəhşəti-qiyamətdən.

 

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,

ya ki, vəd edələr dövləti-cahanı mənə

Ki, bir kəsə baş əyib iəczimi bəyan eləyim,

Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

 

Yanımda gər dura cəllad əlində şəmşiri,

Ölüm gücilə mənə hökm edə olum təslim,

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun

Gücilə xalqa həqiranə eyləyim təzim?

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir,

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

 

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!

Atıl cahana sən, ey ildırım, alış, parla!

Dayamma, taqi-səmavi, gurulda, çatla, dağıl!

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

 

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox! - Yox!!!

Fəqət Ana! O müqəddəs adın qabağında -

O pak bağrına bassın məni, desin layla,

Təbəssüm oynadaraq titrəyən dodağında.

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o, aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

- Ana... Ana... Sənə mən rahibəm itaətdə!..

 

Aman... Aman!.. Bu müqəddəs vücudu mümkünmü

Ki, bir taqım canavar zülmnən şikar eləsin?!

Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,

Ayaqlar altına torpaq kibi nisar eləsin?!

 

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,

O şanlı qollarına zülminən vurar zəncir.

Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?

Neçin parlayıb etməz cahanı bir tənvir?

 

Aləmi, ədl-ədalət üzüldü dünyadən,

Neçin nəsibim edibsən bu zülm-dövranı.

Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,

Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

 

 

AZƏRBAYCAN BAYRAĞINA

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?

Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.

 

Kölgəsində ay əyilib bir gözəli qucmada.

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU

Əsarətin gecəsindən flirsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

 

Cəfər Cabbarlı

 

Azərbaycan.- 2019.-28 iyul.- S.7.