Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında unudulmaz anlar yaşandı

 

Füsunkar gözəlliyi, əsrarəngiz təbiəti, bir çox dünya əhəmiyyətli tarixi abidələri ilə turistləri özünə cəlb edən Gədəbəy həm də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşantariximizi özündə yaşadan bölgələrimizdəndir. İyulun 26-dan 28-dək burada keçirilən Milli Yaylaq Festivalı da bunu bir daha sübut etdi.

Həmin günlər Gədəbəyin Düzyurd-Miskinli yaylağında özgə büsat var idi. Rayon sakinləri indiyədək belə bir izdiham yaşamamışdılar. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "CavadxanTarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Turizm Agentliyi, KiçikOrta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən Milli Yaylaq Festivalında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev demişdir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik milli-mənəvi dəyərlərini, min illərlə formalaşmış yaylaqelat mədəniyyətini, tarixi abidələrini nümayiş etdirmək, bölgənin turizm potensialını üzə çıxarmaq idi.

Kənd Təsərrüfatı naziri İnam Kərimov festivalın xalqımızın milli-mənəvi dəyərlərinin təbliğindəki əhəmiyyətindən danışaraq ilk dəfə keçirilən Milli Yaylaq Festivalında çoxsaylı qonaqların iştirakının böyük önəm daşıdığını diqqətə çatdırmışdır. Nazir Azərbaycanın multikultural dəyərlərə sadiqliyini vurğulayaraq ölkəmizdə azsaylı xalqların mehribanlıq, dostluq şəraitində yaşadıqlarını qeyd etmişdemişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sabitlik və əmin-amanlıq hökm sürür. Elə Milli Yaylaq Festivalına 16 xarici ölkədən qonaqların qatılması da buna sübutdur. Tədbirin keçirilməsi dövlətimizin öz tarixinə, adət-ənənələrinə bağlılığının təcəssümüdür.

Festivalda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryakiiştirak etmişdir.

O, festivalın təşkilatçıları arasında olmasından məmnun qaldığını qeyd edərək demişdir ki, tədbirə qatılan xarici ölkə nümayəndələri üç gün ərzində Azərbaycanın, o cümlədən Gədəbəyin adət-ənənələri ilə tanış olmuş, bu füsunkar diyar haqqında bilgilərini zənginləşdirmişlər.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Gədəbəydə keçirilən Milli Yaylaq Festivalının Türkiyədə düzənlənən festivallara bənzədiyini diqqətə çatdırmışdır. Ulu Öndər Heydər Əliyevin bir kəlamını xatırladaraq demişdir ki, biz bir millət, iki dövlətik. Odur ki, oxşar tədbirlərimiz də çoxdur.

Festival iştirakçıları arasında olan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan ölkəmizin son illərdə sürətlə inkişaf etdiyini qeyd edərək demişdir ki, Azərbaycan nəinki iqtisadiyyatda, eləcə də idmanda öz sözünü demişdir. Keçirilən beynəlxalq idman yarışlarında qazanılan nailiyyətlər buna əsas verir. Bundan başqa, Azərbaycan bir çox mötəbər yarışlara da evsahibliyi edir. Bu da onun əsl idman ölkəsi olduğuna sübutdur.

Bilal Ərdoğan onu da vurğulamışdır ki, mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirmiş olarıq. Ona görə də gənc nəsil arasında milli-mənəvi dəyərlərimizlə yanaşı, milli idman oyunlarımızın da təbliğini aparmalıyıq ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, bizə üstün gəlmək istəyənlər öz bədniyyətlərinə çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq bu mesajı sadəcə, türk dünyasında deyil, bəşəriyyətin hər yerində verirəm. Çünki düşmənlərimiz indi də milli-mənəvi dəyərlərimizə, milli idman oyunlarımıza göz dikərək özününküləşdirmək istəyirlər. Ancaq onlar istəklərinə nail ola bilməyəcəklər.

Festivalda Gədəbəy aşıqlarının, respublikamızın tanınmış incəsənət ustalarının, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər. Gəncə Dövlət Dram Teatrı aktyorlarının çıxışları da maraqla qarşılanmışdır.

Festivalda çaparlar cıdır meydanında Qarabağ atları ilə nümunəvi çıxışlar etmişlər. Meydan festivalda iştirak etmək üçün gəlmiş qonaqların təmsil etdikləri ölkələrin bayraqları ilə bəzədilmişdi. Əllərində Azərbaycanın və qardaş Türkiyənin bayraqlarını tutan süvarilər meydana çıxaraq at belində qeyri-adi oyunlar göstərmiş, yerlixarici qonaqlar ox atıb məharətlərini nümayiş etdirmişlər.

Qeyd edək ki, Milli Yaylaq Festivalına əvvəlcədən geniş hazırlıq işləri görülmüş, Düzyurd-Miskinli yaylağında etnoqəsəbə yaradılmışdı. Etnoqəsəbənin ərazisində alaçıqlar, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı, kənd təsərrüfatı məhsullarının satışı üçün yerlər, pəhləvanlar üçün meydan, "Aşıq Ələsgər ocağı”, yaylaq süfrəsi və digər sahələr yaradılmışdı. Festival üçün qurulmuş etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafiq, mədəni, idman tədbirləri) təşkil edilmişdi. Etnoqəsəbə 3 hissədən ibarət olmuşdur. Bunlar mədəni-etnoqrafiq hissə, milli yaylaq oyunları və ekoetnoturizm idi. Mədəni-etnoqrafiq hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, mollamindi) təşkil edilmiş, mətbəx nümunələri, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli atların sərgi-müsabiqəsi, müalicəvi dağ bitkilərinin satış-yarmarkası keçirilmişdir.

Bundan başqa, festival müddətində Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramlarına və nümunəvi çıxışlarına yer verilmiş, milli yaylaq oyunları şərti altında qədim tarixə malik yorğa at yarışları, at belində nümunəvi çıxışlar, güləş yarışları keçirilmişdir.

"Yaylaqda bir gün” adlı hissədə şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edilmişdir. Bunlarla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara atla gəzintilər təşkil olunmuşdur.

Rusiyalı qonaq, Moskva Mədəni İrs İnstitutunun əməkdaşı Natalya Kruqovadan, Qazaxıstanlı, Qazax Milli İncəsənət İnstitutunun əməkdaşı Rauşan Maldıbayevadan və Türkiyənin Türk xalq oyunları məktəbinin müəllimi Fateh Oralla söhbət zamanı festival haqqında təəssüratlarını soruşduqda hər üç qonaq tədbirdən yüksək zövq aldığını, Azərbaycan, xüsusilə qədim diyar olan Gədəbəy haqqında çoxlu məlumat topladığını söylədi. Milli-mənəvi dəyərlərə bu qədər önəm verildiyi üçün Azərbaycan xalqına minnətdarlıq etdilər.

Beləcə, böyük coşqu ilə keçən Milli Yaylaq Festivalı həm gədəbəylilərin, həm də qonaqların yaddaşında silinməz izlər qoydu. Bir daha sübut olundu ki, qədim tarixə malik Azərbaycan, eləcə də onun bölgələri zəngin maddi-mədəni dəyərlərə, adət-ənənələrə malikdirulu babalardan bizim dövrümüzə gəlib çıxmış ənənələr böyük məhəbbətlə qorunur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 30 iyul.- S.1; 3.