Dostluq və qardaşlıq münasibətlərinin növbəti
təcəssümü
Azərbaycanın Türkiyə vətəndaşları
üçün viza
tələbini ləğv etməsi iki
ölkə arasında əlaqələrin daha
da dərinləşməsinə böyük töhfə verəcək
Bu il sentyabrın 1-dən etibarən Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilir. Bununla bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.
Azərbaycan XİN-nin bu barədə mətbuata açıqlamasında deyilir: "Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir. Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir”.
Elə buna görə də Azərbaycan Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən vizanı ləğv edir. Təbii ki, ölkəmizin bu addımı iki qardaş dövlət arasında qardaşlıq və dostluq münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişafına növbəti töhfə olacaq.
Prezident İlham Əliyevin hələ illər öncə qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur. Elə buna görə də Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ yalnız əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusudur. 27 il əvvəl xalqımız müstəqilliyinə nail olduqdan sonra iki türk dövləti arasında vaxtilə mövcud olmuş tarixi əlaqələr də bərpa edildi. Türkiyə ilə münasibətlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sürətli inkişaf mərhələsinə qədəm qoydu. Məhz bundan sonra iki ölkənin əlaqələri Ümummilli Liderin "Bir millət, iki dövlət” tezisi əsasında sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev hər zaman Azərbaycanla Türkiyə arasında dərin kökləri olan dostluq əlaqələrinə diqqətlə yanaşırdı. Məhz Ulu Öndərin qayğısı nəticəsində iqtisadi və ticarət əlaqələrinin inkişafında yeni mərhələnin əsası qoyuldu. Təsadüfi deyil ki, Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasında Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri də nəzərə alındı, Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdıran kəmərlər bu ölkənin ərazisindən keçməklə çəkildi.
Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri həm də strateji önəm daşıyır. İki ölkə arasındakı sıx hərbi əməkdaşlıq da bundan irəli gəlir. Artıq uzun illərdir ki, iki ölkə arasında strateji səviyyəyə yüksəlmiş hərbi əlaqələr mövcuddur. Türkiyə hərbçiləri və mütəxəssisləri ölkəmizdə həyata keçirilən ordu quruculuğunda, zabit kadrların hazırlanmasında yaxından iştirak edərək öz təcrübələrini əsirgəməyiblər. Bu gün Türkiyə Azərbaycanın həm də silah aldığı əsas ölkələrdən biridir. Silahlı Qüvvələrimizin arsenalında Türkiyə müdafiə sənayesinin məhsulu olan mühüm hərbi texnika və silah-sursat yer alır. Onların bir qismi hərbi paradlarda nümayiş olundu.
Azərbaycana hərbi dəstəyini əsirgəməyən Türkiyənin ağrılı problemimiz - Dağlıq Qarabağ məsələsində də mövqeyi prinsipialdır. Bu münaqişənin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi üçün bağlayıb. İndiyədək Türkiyədə hakimiyyətdə olan bütün siyasi dairələr birmənalı olaraq bəyan ediblər ki, Ermənistanla sərhədlərin açılmasının əsas şərti Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir. Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycanla həmrəyliyi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəklər.
Ötən illərdə həm Azərbaycan, həm də Türkiyə çox böyük inkişaf yolu keçib. Təbii ki, bu inkişaf həm də iki ölkənin münasibətlərində özünü göstərir. Xüsusən energetika sahəsində əməkdaşlıq dərinləşib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə yanaşı, "Cənub qaz dəhlizi” iki dövləti bir-birinə daha da yaxınlaşdırıb. Bu kəmər və onun tərkibi olan TANAP Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bunlardan başqa, ideya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu birliyin daha möhtəşəm görüntüsünü yaradır. Təbii ki, bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə həyata keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayıb.
"Cənub qaz dəhlizi” ilə yanaşı, ötən il Azərbaycan və Türkiyənin birgə səyləri ilə ərsəyə gətirilən möhtəşəm infrastruktur sahələrinin sırasına biri də əlavə olundu: Azərbaycanın sərmayəsi ilə Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda "Star” Neft Emalı Zavodu istifadəyə verildi. Bu gün "Star” zavodu qardaş ölkədə enerji və neft sektorunun inkişafına, həmçinin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluğun daha da möhkəmlənməsinə töhfə verməkdədir.
Beləliklə, indiyədək hər iki dövlət etnik və milli-mədəni ortaqlıqdan çıxış edərək münasibətlərin inkişafı, daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları atıblar. Azərbaycan tərəfindən vizanın ləğvi isə münasibətlərin daha da irəli aparılması üçün ortaya qoyulan siyasi iradənin növbəti təcəssümüdür.
Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmlidir. Təbii ki, bu qərar ilk növbədə iki dövlət arasındakı siyasi münasibətlərin, dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasının təsdiqidir. Digər tərəfdən vizanın ləğvi Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin dinamikasına son dərəcə pozitiv təsir göstərəcək, ticarətin dərinləşməsini, turizmin, habelə kiçik və orta biznesin inkişafını təmin edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.-31 iyul.- S.1; 3.