Dayanıqlı və möhkəm əsaslı gələcək

 

Azərbaycan regionda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə ən uğurlu ölkədir

 

"Azərbaycan BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə regionda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə ən uğurlu ölkədir. Məhz bunu nəzərə alaraq Azərbaycanda bu istiqamətdə pilot layihələrin həyata keçirilməsi də mümkündür”.

Bu fikirləri iyulun 18-də BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper söyləyib. Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla keçirdiyi görüşdə Robert Piper Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Baş katibin müşaviri Azərbaycanda qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işlər barədə, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Könüllü Milli Hesabatın təqdim edildiyini bildirərək ölkəmizin DİM-lərə nail olunmasında sərgilədiyi müsbət yanaşmanın nümunəsi olduğunu diqqətə çatdırıb. Robert Piper DİM-lərə nail olunmasında bütün maraqlı tərəflərin prosesə cəlb olunmasının vacibliyini qeyd edərək xüsusilə bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Əli Əhmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə əməkdaşlığının uğurla davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini, o cümlədən ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulmaqla əməkdaşlıqda yeni səhifə açıldığını diqqətə çatdırıb.

Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2000-2015-ci illər ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri əsasında hazırlanıb. 2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində elan edilib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosialekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Həmin sammitdə Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Bir neçə gün əvvəl isə BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ikinci Könüllü Milli Hesabatı təqdim olunub. Hesabat iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

Dayanıqlı inkişaf məqsədləri dedikdə gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Bu məqsədlər yoxsulluğa və aclığa son qoymaq, yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq, hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək, gender bərabərliyinə nail olmaq, dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək, möhkəm infrastruktur yaratmaq, innovasiyaların inkişafına dəstək vermək, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək, su ehtiyatlarını qorumaqonlardan səmərəli istifadə etmək üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyən edəcək yeni inkişaf gündəliyinin təməlini qoyub. Bununla da Dayanıqlı İnkişaf Məqsədləri əslində insanlarplanet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırır.

Yüz milyonlarla insanın həyatı məhz həmin inkişaf gündəliyinin birgə tətbiqi nəticəsində yaxşıya doğru dəyişib. Belə ki, Minilliyin İnkişaf Məqsədləri yoxsulluğun azaldılması, daha yaxşı içməli su mənbələrinə çıxışın təminatı, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması, ibtidai təhsildə gender bərabərliyinin təmin olunması kimi hədəfləri reallaşdırıb. Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azalıb, məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumitam orta təhsil səviyyələrində 100 faiz təşkil edib, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub.

Ancaq Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulmuş hədəflər daha böyükdür. Qarşıya 17 prioritet vəzifə qoyulub. Yeni məqsədlərin özünəməxsusluğu isə odur ki, bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləyir.

Azərbaycan dövləti bu 17 məqsədi əhatə edən uğurlu dövlət siyasəti həyata keçirməkdədir. Ölkəmiz bu məqsədlərə qoşulmazdan öncə də qeyd olunan 17 istiqamət üzrə böyük nailiyyətlər əldə edib. Sosial-iqtisadi sahədə qazandığımız uğurlar, əhalinin sağlamlığının qorunması ilə bağlı atılan addımlar, mütərəqqi təhsil, ekologiya siyasəti, gender bərabərliyinin qorunması göstərir ki, Azərbaycanın inkişafı kompleks xarakter daşımaqla dövlətin və xalqın maraqlarını təmin edir.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusionalsiyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilən iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının reallaşdırılması üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi önəm daşıyır. Məhz buna görə də Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Milli Əlaqələndirmə Şurasının əsas vəzifəsi qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin, eyni zamanda onlara dair göstəricilərin müəyyənləşdirilməsi, habelə ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasıdır. Qeyd etdiyimiz kimi, ötən müddət ərzində Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər BMT tərəfindən yüksək qiymətləndirilib.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-31 iyul.- S.2.