Daxili İşlər Nazirliyində İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib

 

İyulun 30-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatası sədrinin müavini Fadli Zonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-polkovnik Vilayət Eyvazov ölkəmizin və xalqımızın qədim tarixə, mədəniyyətə, beynəlxalq aləmdə gedən proseslərə əhəmiyyətli təsirə malik, dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya Respublikası və xalqı ilə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. O, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, respublikamızın ərazi bütövlüyüsuverenliyi çərçivəsində, ədalətli şəkildə həlli prosesində İndoneziyanın hər zaman Azərbaycanın haqq işini müdafiə etməsini məmnunluqla xatırladaraq, bu əhəmiyyətli dəstəyə görə təşəkkürünü bildirib.

Sonra nazir Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlər, ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə bir milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi barədə məlumat verib. Qeyd olunub ki, xalqın tələbi ilə ali hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyevin müdrik siyasəti, rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayiş, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarət altına alınıb. Sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər, əmin-amanlıq ölkə iqtisadiyyatının durmadan inkişafı üçün əlverişli şərait yaradıb. Belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin, o cümlədən İndoneziya vətəndaşlarının da yararlandıqları nəzərə çatdırılıb.

Vilayət Eyvazov DİN-in strukturufunksional vəzifələrindən söz açaraq cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə ətraflı məlumat verib. Ulu Öndərin strateji kursunun, fəal hüquq-mühafizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirildiyini məmnunluqla vurğulayan Daxili İşlər naziri əməliyyat-xidməti fəaliyyətin əsasında insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğu amilinin dayandığını xüsusi qeyd edib. O, bu işdə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz Şəhər”, “102 Zəng Xidməti” Mərkəzinin, digər müasir texnoloji vasitələrin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.

Problemlərdən danışılarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində olduğu, belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Fadli Zon respublikamıza ilk səfəri zamanı nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını, qədim tarixsivilizasiyalar məskəni olaraq dövlətlərimiz və xalqlarımızı ümumi, oxşar cəhətlərin birləşdirdiyini məmnunluqla bildirib. Qonaq qarşılıqlı səfərlərin, geniş ünsiyyətin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə, parlamentarilərin də u əməkdaşlığa töhfə verəcəklərinə əminliyini ifadə edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə nail olunması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan.- 2019.-31 iyul.- S.2.