Qazaxın kəndlərində arxeoloji qazıntılar davam edir

 

Qədim tarixə malik Azərbaycanın hələ də öyrənilməmiş əraziləri çoxdur. İstər yerli, istərsə də xarici mütəxəssislərin apardıqları qazıntılar zamanı çoxlu sayda tapıntılar aşkar edilir, bir çox suallara aydınlıq gətirilir.

Qazax rayonunda da arxeoloji qazıntılar zamanı çoxlu sayda faktlar aşkar edilmişdir. Rayondakı belə yerlərdən biri "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağara düşərgəsidir. Damcılı mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi tədqiq etmək üçün üçtərəfli - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti arasında memorandum imzalanmışdır. Memoranduma əsasən, ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-də "AveyDTMQ-nin ərazisində yerləşən dünya əhəmiyyətli mağara düşərgəsində başlanılmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı alimlər yerli mütəxəssislərlə birgə qazıntı işləri apararkən Orta əsrlərə, Tunc dövrünün sonuna aid Neolit dövrü qalıqları, ocaq yerləri, Orta Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur.

Bu ərazidə ikinci arxeoloji qazıntılar 2017-ci il iyulun 17-dən 30-na kimi aparılmışdır. Həmin il bir quyu üzərində 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır. Memoranduma əsasən, Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdirmişlər.

Bu günlərdə isə arxeoloqlar 4-cü dəfə arxeoloji qazıntılara başlamışlar. İyulun 16-dan başlanan növbəti qazıntı işləri ilə əlaqədar rayon rəhbərliyi də Damcılı mağara düşərgəsində olmuş, yerli və yaponiyalı arxeoloqlarla görüşüb, işlərin gedişi ilə maraqlanmışlar. "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva demişdir ki, arxeoloji qazıntılarda Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Azərbaycan ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayev iştirak edirlər. Qazıntıların davam etdirilməsində Daş dövrünə aid nümunələri əldə etməklə burada qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.-31 iyul.- S.4.