Milli Ordunun eskadron komandiri
1918-ci ildə
müsəlman Şərqində
ilk demokratik respublika -
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu yarananda çar Rusiyasının ordu birləşmələrində
xidmətdə olan onlarca azərbaycanlı əsgər və zabit doğma vətəninə qayıdıb
öz torpağında
qulluq etməyi şərəf və vətəndaşlıq borcu
hesab edirdilər.
Təəssüf ki, bu cümhuriyyət
hökuməti 23 ay yaşaya
bildi. 1920-ci ilin
aprelində Azərbaycan
XI ordu tərəfindən
işğal olunanda Milli Ordunun əsgər
və zabitlərinin taleyi AXC-nin taleyi kimi ağır
oldu. Onların çoxu məcburiyyət
qarşısında qonşu
İran və Türkiyəyə, habelə
Avropa ölkələrinə
mühacirət etməli
oldu. Belə mühacir - hərbçilərdən
biri də cümhuriyyət ordusunda eskadron komandiri kimi ləyaqətlə xidmət etmiş Vəli bəy Yadigarovdur.
O, 1897-ci ildə Borçalının Təkəli
kəndində zadəgan
ailəsində anadan olmuşdu. Atasının istəyi ilə
Tiflis Hərbi Gimnaziyasında
oxumuş, əmiləri
general İsrafil bəy
və Həsən bəy Yadigarovlar kimi şöhrətli hərbçi olmaq arzusu ilə yaşamışdı. Ona görə
də bu gimnaziyanın tələbəsi
olmaqdan böyük qürur duyur, dərslərdə və təlimlərdə nümunəvi
davranışı, bacarığı
və qabiliyyəti ilə fərqlənirdi.
Gimnaziyanı müvəffəqiyyətlə bitirən Vəli bəy 1916-cı ildən Rusiyanın Əlahiddə
Qafqaz Korpusunun süvari hissələrində
xidmətə başlayır. Birinci Dünya
müharibəsini Qafqaz
cəbhəsində qarşılayan
gənc kornet məşhur Brusilov hücumunda iştirak edir. Sonra bir müddət
1-ci Dağıstan süvari
alayında xidmətdə
olur, daha sonra Artilleriya Zabit məktəbinə göndərilir. Lakin bu ərəfədə iğtişaşlar,
qiyamlar, üsyanlar girdabında çalxalanan
Rusiyada inqilab başlayır. Peterburqda bolşeviklərin
çevrilişi nəticəsində
ordu iflic vəziyyətinə düşür.
Üstəlik, yeni hökumət
bütün Rusiya ərazisində postlar qurur, keçmiş çar zabitlərini axtarır, onları sorğu-sualsız güllələyirdilər.
Xalq Cümhuriyyətinin yaradılmasını
sevinclə qarşılayan
Vəli bəy təhlükədən çəkinməyərək
1918-ci ilin sentyabrında
Azərbaycana gəlir
və dərhal Milli Ordunun korpus
komandirinin yanında eskadron komandiri kimi xidmətə başlayır. Bu zaman Yadigarovlar nəslindən nə az, nə
çox Vəli bəylə birlikdə 8 nəfər - poruçik
Nadir bəy, kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, İkinci Qarabağ süvari alayında üçüncü bölüyün
komandiri, ştab-rotmistr
Məmməd bəy, İkinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Danial bəy və rəis müavini
general-mayor Davud bəy
Yadigarovlar, özü
də təhsilli, təcrübəli və zabit rütbəsində Milli Orduda xidmətdə
idilər.
Vəli bəy 3-cü Şəki
süvari alayının
eskadron komandiri idi. 1920-ci ilin martında erməni-daşnak
birləşmələri Əsgərana
hücuma keçəndə
onun rəhbərlik etdiyi süvari eskadron Qarabağda azərbaycanlıların kütləvi
qırğınına və
etnik təmizləməyə
dəstək verən
daşnak-quldur birləşmələrinə
ağır zərbələr
endirir, uğurlu hücum əməliyyatları
ilə fərqlənir.
3-cü Şəki
süvari alayının
komandiri, polkovnik Tonkiyev martın 26-da AXC-nin Qarabağ
ərazi qoşunlarının
komandanı, general-mayor Həbib
bəy Səlimova göndərdiyi məktubda
yazırdı: "Bu gün,
martın 26-da artilleriya
və tüfəng atəşi hazırlığından
sonra Çaylı və Bürcü kəndləri azad olunub. Ermənilər Çaylıdan qərbə
- dağların şərq
ətəklərinə çəkilib.
Bir neçə quldur öldürülüb. Bizim tərəfdən
isə bir neçə əsgər yaralanıb. Düşmənin çoxsaylı süvari dəstəsini vahimə içində qaçmağa
məcbur etmiş 1-ci
yüzlüyün korneti
Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu
xüsusi qeyd etmək istəyirəm”.
Vəli bəyin böyük qardaşı Davud bəy də hərbçi olmuşdu. 1903-cü ildə Peterburq yaxınlığındakı Pay korpusunu kornet rütbəsində bitirən
D.Yadigarov 1918-ci ildə
AXC ordusu yarananda böyük sevgi ilə Milli Orduda xidmətdə olmağı özünə
şərəf bilmişdi.
O, 1919-cü il avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə
Cavad bəy Şıxlinskinin Birinci piyada diviziyasında Birinci dəstənin komandiri olmuşdur. Dığ, Goranzur, Xanazax, Abdallar
və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı
döyüşlərdə böyük şücaətlər
göstərmişdir. Bundan
az sonra
1919-cu ilin oktyabrında
Qarabağ və Zəngəzur bölgəsində
terrorçu daşnak
birləşmələrinə qarşı döyüşlərdə
göstərdiyi igidliyə
görə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general-mayor rütbəsinə layiq görülmüşdü.
1920-ci il
28 aprel çevrilişindən
sonra taleyi məlum olmamışdı.
1920-ci ilin
mayında Azərbaycan
XI ordu tərəfindən
işğal ediləndə
əsgər və zabitlərin böyük əksəriyyəti çətin
seçim qarşısında
qalmışdılar. General Mehmandarov
"Vətəndən ayrılmağa
heç bir əsasım yoxdur” deyərək Azərbaycanda
yaşamağı qərara
alır. Bəzi hərbçilər qonşu İrana, Türkiyəyə, habelə
Avropa ölkələrinə
mühacirət etməyi,
bəziləri son nəfəslərinə
kimi bolşeviklərə
qarşı mübarizə
aparacaqlarını qərara
alırlar. Vəli bəy
Yadigarov rəhbərlik
etdiyi dəstə ilə döyüşə-döyüşə
Gürcüstan ərazisinə
keçir.
Hərbçi-jurnalist, ehtiyatda olan polkovnik-leytenant Şəmistan
Nəzirli yazır ki, Gürcüstan da bolşeviklərin işğalına məruz
qaldıqdan sonra Vəli bəy Türkiyəyə mühacirət
edir. Burada Atatürkün ordusunda
azadlıq yürüşünün
iştirakçısı olur.
Vəli bəy eşidir ki, Azərbaycanda, eləcə
də Gürcüstanda
ailə üzvləri,
qohum-əqrəbası bəy
və bəy əsilli olduqlarına və milli dövlət
quruculuğunda fəal
iştirak etdiklərinə
görə yeni quruluşun məmurları
tərəfindən möhkəm
incidilir, təzyiqlərə
məruz qalırlar, onlara işgəncələr
verilir. Hətta həbs ediləni, sürgünə göndəriləni
də var. Milli Orduda xidmətlərinə
görə hətta bəzi hərbçi qohumları İnqilabi Hökumətin əsgərləri
tərəfindən həbs
edilib, ÇK-nın qərarı ilə repressiya olunublar...
Vəli bəy azərbaycanlı əqidə yoldaşları
ilə birlikdə Polşaya gedir. Vəli bəyin
Polşaya mühacirət
etməsinə səbəb
həm də onun anası, şahzadə Olqa Russiya-Korçibaşevanın polşalı
olması idi. Vəli bəy tabeliyində olan hissənin 20-dən çox azərbaycanlı
əsgər və zabiti ilə birlikdə Polşa ordusu sıralarına qəbul edilir. Qruzdində Suvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilir. Az
müddətdən sonra
milliyyətcə polyak
olan qızla evlənir. Rotmistr Vəli bəy Yadigar 1933-cü ildə Varşavada "Mustafa Axmatoviç
adına Tatar-Ulan Alayının hərbi tarixi oçerki” adlı maraqlı bir kitab yazır.
O, 1939-cu il sentyabrın 11-də təşkil
olunmuş Mazovetsk süvari briqadasına qərargah rəisi təyin edilir, Polşanın işğalından
sonra Armiya Krayovanın tərkibinə
daxil olan "Jelen” polkunun komandiri kimi Varşava üsyanında
(1944) iştirak edir.
Vəli bəy 1945-ci ildə Polşaya sovet qoşunlarının yeridilməsi
ilə barışa bilmir və ikinci vətənini də itirir. Vyana-İtaliya-Tilstok düşərgəsi marşrutu
ilə Londona gedir, yenidən mühacir həyatı yaşayır. Polşa və
Qafqaz mühacirləri
cəmiyyətlərinin fəal
üzvünə çevrilir,
Azərbaycanın "İgid
nişanı” ordeni, Polşanın müxtəlif
statuslu dörd ordeni ilə təltif edilir.
Vəli bəy Londonda çox yaşaya bilmir, öz ərizəsi ilə
1949-cu ildə istefaya çıxır. Ailəsi ilə birlikdə Argentinanın paytaxtı
Buenos-Ayresə köçür...
Azərbaycanlı hərbçi
1971-ci il dekabrın 13-də, üçüncü
infarktdan sonra vəfat edir.
Vəli bəy Yadigarın yeganə qız övladı Züleyxa xanım Yadigar-Kalinoskaya İspaniyada yaşayırdı. Vəli bəy
ömrünün son günlərində
qızına vəsiyyət
etmişdi ki, onu müsəlman adət-ənənələrinə uyğun dəfn etsinlər. Qızı atasının vəsiyyətini
təxminən 20 ildən
sonra - Polşada sosializm rejimi çökdükdən sonra
- 1990-cı ildə həyata
keçirə bilir.
Vəli bəy Yadigarın və həyat yoldaşının nəşi
Polşaya gətirilir,
Varşavada "Tatar-Müsəlman”
qəbiristanlığında fəxri qarovulun müşayiətilə müsəlman
dini adət-ənənələrinə
uyğun təkrar dəfn edilir. Dəfn marşı çalınır,
cənazə üzərində
müsəlman ayini oxunur.
Vəli bəy Yadigarın məzarının qarşısında
bir azərbaycanlı məzarı da var. Bu, Vəli bəyin əmisi general-polkovnik İsrafil bəy Yadigarın məzarıdır. O da bolşevik repressiyasının
təzyiqləri altında
vətənindən uzaqlaşdırılaraq
Polşada mühacir həyatı yaşamışdır.
Polşa
ordusunda xidmət etmiş, podpolkovnik rütbəsinə kimi yüksəlmişdir.
Azərbaycanın dövlətçilik tarixində
xidmətləri olan Yadigarovların xatirəsi
xalqımız tərəfindən
daim ehtiramla anılır. Polşaya gedən azərbaycanlılar
mütləq Varşava
şəhərinin mərkəzində
Povonzki qəbiristanlığı
ilə yanaşı olan "Tatar-müsəlman”
məzarlığına gedir,
mühacir-hərbçilərin məzarlarını ziyarət
edirlər.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 31 iyul.- S. 5.