Eyni xislətlilər
Erməni
terrorçu-daşnak qüvvələri faşizmin xidmətində
XX əsrin 30-cu illərinin sonunda dünya iqtisadi böhranının dərinləşməsi fonunda A.Hitler Almaniyada hakimiyyətə gəldi. Bununla da erməni liderləri onlarla işbirliyi quraraq SSRİ-yə qarşı faşistlərlə əməkdaşlığa başladılar. SSRİ-ni sevməyən və Türkiyə Cümhuriyyətinə düşmən münasibət bəsləyən ermənilər Hitlerin sadiq quluna çevrilmək üçün dəridən-qabıqdan çıxırdılar. Bundan istifadə edən alman-faşist gestaposunun şefi Henrix Müller 1938-ci ilin oktyabrında qondarma mühəndis Krauze adıyla Bakıya gələrək "Daşnaksütyun” partiyasının üzvlərini "beşinci kolona” cəlb edir. SS qruppenfüreri H.Müllerin "…Bakıya gəlişindən sonra erməni milli təşkilatı "Daşnaksütyun”un casusları məlumatları faşist Almaniyasına ötürməyə başlayırlar.
Müller Henrix (28.04.1900,
Münhen-may 1945, Berlin) gizli dövlət polisinin (gestaponun) rəhbəri,
SS qruppenfüreri və polis general-leytenantı olmuşdur.
H.Müller 1917-ci il
iyun ayının 11-də könüllü surətdə
aviasiya qrupuna daxil olmuş, 1918-ci ilin aprelindən Qərb cəbhəsində
döyüşmüşdür. Döyüşlərdə
fərqləndiyi üçün 1-ci və 2-ci dərəcəli
"Dəmir xaç”la təltif olunmuşdur. 1919-cu ildə
ordudan tərxis olunan H.Müller dekabrın 1-də Münhendə
polisdə xidmətə daxil olmuş, 1920-ci il
oktyabrın 10-da Münhen polis idarəsində təhlükəsizlik
xidmətinə keçirilmişdir.
Müller tezliklə gestapoda karyera qura
bilmiş, 1934-cü il aprelin 20-də SS-ə daxil olmuş və
SS şturmfüreri rütbəsində SD Baş İdarəsində
kommunistlər, marksistlər, həmkarlar təşkilatları
və digər müxalifət qrupları ilə mübarizə
aparmış, 1935-ci ildə Almaniya Kommunist Partiyası
üzvlərinin kütləvi həbsinə rəhbərlik
etmişdir.
H.Müller 1936-cı il
iyulun 1-də gestaponun Bavariya siyasi polisinin 2-ci şöbəsinə
rəis təyin olunmuş, Bavariya siyasi polisi ilə SD-nin birləşməsindən
sonra gestaponun rəhbəri olmuşdur.
H.Müller 1939-cu ildə Hitlerin
Polşaya müharibə elan etməsi üçün Leyvitsdə
radiostansiyaya hücumun təşkilinə, həmçinin
Hitlerə 20 iyul 1944-cü il sui-qəsdinin iflasa
uğramasından sonra genişmiqyaslı həbslərə də
rəhbərlik etmişdir.
Məlumatlara görə,
Müller İmperiya dəftərxanasında intihar etmişdir. V.Şelenberqin
belə bir versiyası da var ki, Müller hələ müharibə
dövründə K.Şolts vasitəsilə sovet kəşfiyyatı
ilə əlaqə yaratmış, müharibədən sonra
SSRİ-də gizlənmişdir. 1958-ci ildə
Müllerin dəfn edildiyi güman olunan yerdə abidəsi
qoyulmuşdur. Ancaq 1963-cü ilin
sentyabrında cəsədin eksqumasiyası keçirilərkən
Müller olduğu təsdiq olunmamışdır.
(Zalesskiy K.A. Kto estğ kto vo Vtoroy Mirovoy
voyne Qermaniə i soözniki /K.A.Zalesskiy. M.: Veçe, 2010, 464
s., s. 110)
Əslində, ermənilərin
Türkiyə dövlətinə olan düşmən
münasibəti faşistlərin ermənilərlə əlaqə
yaratmasının əsas səbəbi idi. Hitler Almaniyasının
siyasi əlaqələndiricisi, siyasətçi Alfred Rozenberq
yazmışdı: "Almaniyanın Qafqazda siyasətinin, həmçinin
onların cənub qonşularının məqsədi siyasi və
hərbi arenada hakimiyyətə keçməkdir "(Gduard
Abramən. Kavkazüı v Abvere. M., 2006,
s. 43). İşğal olunacaq ərazilərin
Alfred Rozenberq tərəfindən tərtib olunmuş yeni xəritəsi
Türkiyə dövlətinin ərazilərini də əhatə
edirdi. Faşistlər ermənilərin
türklərə olan nifrətini bildikləri
üçün bundan ağılla istifadə etməyə səy
göstərirdilər. Bu səbəbdən
də Reyxin nümayəndələri ermənilərə
açıq müraciət ünvanlayaraq birgə hərəkət
üçün imkanları haqqında dəqiq məlumat verməyi,
sonra arzularını bildirməyi tələb etmişlər.
1941-ci ildə Hitler
Almaniyası SSRİ-yə qarşı müharibəyə
başlayanda ermənilər məkrli planlarını həyata
keçirmək üçün fürsət
yarandığını fikirləşdilər. Onlar "gələcək
gün üçün” 1919-cu ildə daşnak hökumətinin
başçısı olmuş Xatisyanı tapıb Adolf Hitlerə
təqdim etdilər və ermənilərin almanların sadiq
dostu, ədalət uğrunda mübarizə aparan xalq
olduqlarını bildirdilər.
Kimdir Xatisyan?
Xatisov (Xatisyan) Aleksandr
İvanoviç erməni çinovniki ailəsində
dünyaya gəlmiş, 1891-ci ildə Tiflis gimnaziyasını
bitirmiş, Moskva və Xarkov universitetlərinin tibb fakültələrində
oxumuş, 1897-ci ildə universiteti bitirərək həkim
ixtisası almışdır. 1898-ci ildə təhsilini
davam etdirmək üçün xaricə gedən Xatisyan
İtaliya, Fransa və Almaniyada olmuş, Paris və Berlində
bir neçə kitab və kitabçalarını nəşr
etdirmişdir.
A.İ.Xatisyan 1900-cü ildə Tiflisə
qayıtmış, 1905-ci il inqilabında
iştirak etmiş, "Daşnaksütyun” partiyasına
üzv olmuşdur. 1914-cü ildə çar
Rusiyasında daşnaklara amnistiya elan olunduğu
üçün A.İ.Xatisyan Qafqaz ordusunun baş
komandanı Vorontsov-Daşkovun, Tiflisin erməni yepiskopu
Ter-Movsesyan və həkim Akop Zavriev isə erməni
könüllü drujinalarının təşkili məsələləri
üzrə məsləhətçi olmuşlar. A.İ.Xatisyan ətrafına daşnak kadrları cəlb
edərək erməni qaçqınlarına kömək
göstərmişdir.
A.Xatisyan fevral inqilabından sonra
1917-ci ilin oktyabrınadək Erməni Milli Bürosuna, 1917-ci
ilin mart-aprelində erməni siyasi partiyalarının
müşavirəsinə sədrlik etmiş, 1917-ci ilin iyununda
Tiflisdə keçirilən Cənubi Qafqaz kəndlilərinin
qurultayında, 1917-ci ilin sentyabr-oktyabar aylarında
çağırılan Erməni Milli Müşavirəsində
(Şərq ermənilərinin qurultayında) və Erməni
Milli Şurasının yaradılmasında iştirak
etmiş, 1918-ci ilin aprelində Cənubi Qafqaz Demokratik
Federativ Respublikası yarananda maliyyə və ərzaq naziri, həmçinin
Cənubi Qafqaz Seymi hökumətinin himayəetmə naziri
olmuşdur. O, 1919-cu ilin oktyabrında Ararat
Respublikasının xarici işlər naziri, 1919-cu ilin
avqustundan 1920-ci ilin may ayına kimi Ararat Respublikasının
baş naziri olmuşdur.
A.Xatisyan mühacirətdə
Parisdə yaşamışdır. Erməni və rus
ictimai təşkilatlarının işində və
1923-cü ildə çağırılan Lozanna
konfransında iştirak edən A.Xatisyan Millətlər
Liqasında erməni xalqının maraqlarının təmsilçisi
olmuşdur. Masson təşkilatı "Şimal ulduzu”
(1924-1931), "Azad Rusiya” (1931-1937) şöbələrinin
üzvü olan A.Xatisyan 1940-cı ildə Hitler
qoşunları Fransanı işğal edəndə
Portuqaliyaya gedərək Portda yaşamış, 1944-cü ildə
almanlarla əməkdaşlıq etməsi barədə donos əsasında
yerli hakimiyyət orqanları tərəfindən həbs olunsa
da, himayədarlarının köməyi sayəsində
"sübutlar yetərli olmadığından” sərbəst
buraxılmışdır (https://ru.wikiprdia/orq|wiki/).
Qeyd olunduğu kimi,
müharibə başlayanda faşistlərin qalib gələcəyini
düşünən ermənilər yaltaqlıqla III Reyx rəhbərliyinə
yol tapmağa cəhd etdilər. Bu yaltaqlanma prosesində
general Dro (Drastamat Kanayan) xüsusi fərqlənirdi. Bu həmin Dro idi ki, 1918-1920-ci illərdə Zəngəzurda
və Naxçıvan diyarında silahsız azərbaycanlılara
hücum etmiş, əliyalın əhalini qətlə
yetirmişdir.
Erməni tarixçisi Eduard
Abramyan "Kafkazüı v Abvere” kitabında etiraf edir ki, erməni
məsələsi Hitler Almaniyası üçün xarici
işğal siyasətlərini reallaşdırmaq vasitəsi
olmuşdur. Buna görə də Reyx ermənilərlə əlaqəyə
dair Almaniyada olan erməni mühacirlərlə
yığıncaqlar keçirir, onlardan SSRİ-yə və
Türkiyə dövlətinə qarşı istifadə etməyi
planlaşdırırdı. Berlin ermənilərə
SSRİ-yə qarşı müqəddəs müharibəyə
hazırlaşmağı tövsiyə edirdi.
Daşnak hökuməti
dağıldıqdan sonra gizlənən A.Xatisyan 1942-ci ildə
Hitlerin xidmətinə girir. Uzun illər Ermənistan SSR-də
müxtəlif rəhbər vəzifələrdə işləmiş
mərhum T.Musayev yazır ki, "Hitler onu
(Xatisyanı-M.Ə.) Qafqaza - Rostov vilayətində ermənilərin
çoxluq təşkil etdiyi Armavir şəhərinə
göndərir ki, erməniləri səfərbər edib Sovet
dövlətinin məğlub olmasına yaxından kömək
etsin, Qafqazı Hitler zəbt edən kimi Zaqafqaziya üzrə
qubernator olub, Zaqafqaziyada qalıb... azərbaycanlıların
kökünü kəsə bilsin.
Daşnak hökuməti
başçısı olmuş Xatisyanın Rostov vilayətinin
ən çox erməni yaşayan Armavir şəhərinə
gətirilib orada yerləşdirilməsi və onun planları
barədə 1942-ci il iyul-avqust aylarında
"Pravda” qəzeti öz nömrələrinin birində
karikatura vermişdir. Karikaturada Hitler
A.Xatisyanı maşa ilə zibil vedrəsindən
çıxarıb ona vədlər edir”. (Talıb
Musayev. Ermənilər və faciələrimiz.
(XX əsrdə ermənilər tərəfindən
xalqımızın başına gətirilmiş faciələr)
Bakı, 2008, s.214-215)
Faşistlərin qulbeçələri
olan Dro Kanayan II Dünya müharibəsi zamanı Qaregin Njde ilə
birlikdə faşistlərin tərəfində
döyüşür və erməni hərbi birləşmələrinin
təşkilində fəal iştirak edir. Dro kəşfiyyat
və təxribat məqsədləri üçün
Simferopolda yerləşən "Dromedar” təşkilatı tərəfindən
koordinasiya edilən erməni qrupları yaradır və rəhbərlik
edir.
Quldur başçısı Dro ləqəbi
ilə tanınan cinayətkar general Drastamat Kanayan
Martirosoviç 1884-cü il mayın 31-də
İrəvan quberniyasının Sürməli qəzasında
dünyaya gəlmişdir. Dro gimnaziyada təhsilini
bitirdikdən sonra Pyatiqorsk şəhərində hərbi təhsil
almış, 1903-cü ildə "Daşnaksütyun”
partiyasına daxil olmuşdur. 1905-ci ildə
Bakıda başlanan erməni-azərbaycanlı
qırğınında Bakı qubernatoru Nakaşidzeyə
qarşı sui-qəsddə iştirak etmiş və onun
faytonuna bomba atmışdır. Partlayış
nəticəsində qubernator həlak olmuşdur. Bundan sonra Qafqaza qaçan Kanayan-Dro İranda və
Osmanlı dövlətində yaşamış, Şərqi
Anadoludakı erməni dəstələri üçün
silah qaçaqmalçılığı ilə məşğul
olmuşdur.
Dro I Dünya müharibəsində
Rusiya İmperiyasının ordusunda yerləşdirilən Erməni
Könüllü Alayında xidmət etmişdir. Qars və
Ərzurum cəbhələrində osmanlılara qarşı
vuruşan Dro 1918-ci ildə Ararat Respublikasında Müdafiə
Nazirliyinə gətirilmişdir. Dro 1918-ci
ildə dəstələri ilə İğdır üzərinə
hücum edərkən Mələkli-Daşburun arasında
İrəvan gimnaziyasından və İğdırdan
uşaqlıq dostu olan İğdır Milli Cümhuriyyəti
rəhbəri Əli Əkbər Tufanın
komandanlığındakı türk milis dəstələri
tərəfindən məğlub edilmişdir. Əsir
düşməkdən son anda qurtulan Dro bölgəyə gəlmiş
6 min nəfərlik ingilis dəstələrindən silah alaraq
1920-ci il oktyabrın 28-də yenidən
hücum edir.
Dro 1920-ci il noyabr
ayının 30-da Gümrü müqaviləsini imzalayan erməni
heyətində olmuşdur. 1920-ci il
dekabrın 1-də Sovet Rusiyası Ararat Respublikasını
işğal edəndə İrana qaçan Dro sonra Almaniyaya
getmişdir.
General Drastamat Kanayan (Dro) 15
dekabr 1942-ci ildə faşistlərin nəzarətində Erməni
Milli Komitəsini qurmuşdur. Bu komitə II Dünya
müharibəsi zamanı ermənilərin SSRİ əleyhdarı
və alman tərəfdarı təbliğatının mərkəzinə
çevrilmişdir.
1944-cü ilin fevralında
Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı
yaradılır. 1943-cü il aprelin sonunda erməni hərbi
qrupu müstəqil status qazanır. Qrupa Dronun
köməkçisi Kuro (Nikolay Tarxanyan) rəhbər təyin
edilir, qrupun qərargah rəisi Tiqran Baqdasaryan olur. Kəşfiyyat və təxribat hərəkətlərində
məsuliyyəti Misak Torlakyan öz boynuna götürür.
"AG-114” casus qrupu da daşnak Ermənistanın
(1918-1920) keçmiş ordusunun mənsublarından ibarət
idi.
Daşnak lideri Dro Kanayanın 1942-ci
ildə anti-sovet fəaliyyəti haqqında SSRİ DTK-nin
4-cü idarəsinin 17 dekabr 1942-ci il tarixli
məlumatında bildirilirdi ki, almanların istifadə etdiyi erməni
daşnak dairəsində məşhur olan Kanayan Drastamat Martirosoviç
Dro ləqəbi ilə tanınırdı. Dro
daşnak Ermənistanın keçmiş hərbi naziridir,
1925-ci ilə qədər SSRİ-də, sonra Rumıniyada
yaşamışdır. Sonuncuda onun şəxsi
mühafizəsində döyüş qrupu olmuşdur. Almaniya SSRİ-yə hücum edənə qədər
Dro faşistlərlə əlaqə yaratmağa cəhd
etmiş, müharibənin əvvəlində Almaniyaya gəlmiş,
erməni kəşfiyyatçı kadrların
yaradılması ilə fəal məşğul olmuşdur.
(Abramən G. Kafkazüı v Abvere. M.,
2006, s.245)
1942-ci ilin dekabrında general Drastamat
Kanayan və erməni yazıçısı Garo Gevorkyan
Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni
xalqının ölümcül yürüşü”
kitabını təqdim edirlər. Himmlerin və
general Dronun (Drastamat Kanayanın)
çağırışı ilə 30 minə qədər
erməni alman ordusuna qatılır və döyüşlərdə
iştirak edir.
İkinci Dünya müharibəsi
illərində Dro alman ordusunda (Vermaxtda) ermənilərdən
təşkil olunan 812-ci taborun rəhbəri təyin edilir. Almanlar
Krım və Şimali Qafqazı işğal etmək istəyəndə
Qafqaz cəbhəsində vuruşan Dro günahkar elan edilsə
də, sonradan bağışlanılır. Bundan sonra
Beyrutda ticarət işlərinə başlayır, lakin xəstələndiyi
üçün ticarət işini dayandırmağa məcbur
olan Dro ABŞ-a aparılır, 1956-cı
ildə Bostonda dünyasını dəyişir. Dronun nəşi 2000-ci ildə ABŞ-dan Ermənistana
gətirilmişdir.
Dro Kanayanın məsləkdaşı
və azərbaycanlıların düşməni olan Qaregin
Njde (əsl adı Qaregin Yeğişe Ter-Harutyünyan)
1886-cı il yanvar ayının 1-də
İrəvan quberniyasının Naxçıvan qəzasının
Güznüt kəndində (indiki Babək rayonu) anadan
olmuş, Azərbaycan torpağının nemətləri ilə
böyümüşdür. Naxçıvan şəhərində
rus məktəbini bitirən Qaregin Tiflis rus gimnaziyasında təhsilini
davam etdirmiş, 17 yaşında Erməni Liberal Hərəkatına
qatılmış, qısa bir müddətdən sonra təhsilini
davam etdirmək üçün Sankt-Peterburqa getmişdir.
1902-ci ildə Peterburq
universitetinin hüquq fakültəsinə daxil olan Qaregin
1904-cü ildə təhsilini yarımçıq qoyaraq erməni
millətçilərinə qoşulmuş, Osmanlı
İmperiyası və çar Rusiyasına qarşı olan
Erməni Beynəlxalq hərəkatına daxil olmaq
üçün Cənubi Qafqaza geri dönmüşdür. 1906-cı ildə
Bolqarıstana gedən Njde 1907-ci ildə əsgəri
hazırlığını tamamlamışdır.
1908-ci ildə
"Daşnaksütyun”a daxil olaraq NJDE (Əbədi cəlayi vətən)
ləqəbini almış Qaregin Yeprem Xan və Mustafa
Sebastianla bərabər "Gənc türklər”
inqilabında iştirak edir. 1909-cu ildə Cənubi Qafqaza geri
dönəndə Njde ruslar tərəfində tutulur və 3 il həbsdə yatır. 1912-ci
ildə general Andranik Ozanyan ilə bərabər Trakiya və
Makedoniyanın azadlığı üçün Balkan
vuruşlarında Osmanlı İmperiyasına qarşı
bolqar ordusunun "Makedon-Adriyanapol Könüllü dəstələri”
adı altında erməni taboru yaradır. Drastamat
Kanayanın (Dronun) başçılıq etdiyi erməni
könüllü dəstəsinin komandir müavini təyin
olunan Njde 1915-ci ilin mayında 3-cü dərəcəli
"Müqəddəs Vladimir”, 4-cü dərəcəli
"Müqəddəs Anna” ordenləri ilə, həmin ilin
iyulunda isə 2-ci və 3-cü dərəcəli "Georgi
xaçı” ilə təltif olunmuşdur.
İkinci Balkan müharibəsində
yaralanan Njde Bolqarıstanın "Cəsarət
xaçı” ilə mükafatlandırılmışdır.
Birinci Dünya müharibəsi
başlamamışdan əvvəl çar Rusiyası dövləti
tərəfindən elan edilən əfvdən sonra Njde
Osmanlı İmperiyasına qarşı vuruşmaq
üçün rus ordusu tərəfindən
könüllü erməni dəstələri hazırlamaq məqsədilə
Cənubi Qafqaza göndərilir. Birinci Dünya
müharibəsi başlayanda Rusiya İmperiyasının Sofiyadakı
səfirliyinə gələn Qaregin Njde öz xidmətlərini
təklif etmişdir.
Daşnakların Türkiyəyə
qarşı vuruşan dəstələrindən birinə rəhbərlik
edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri
ilə də məşğul olmuşdur.
1919-cu ilin sentyabrında
daşnak hökuməti tərəfindən Zəngəzura
göndərilən Njdenin qarşısına əraziləri
azərbaycanlılardan təmizləmək vəzifəsi
qoyulur. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr
azərbaycanlılar yaşayan kəndləri yandırır, əhalisini
qətlə yetirir və evlərindən qovurlar. Njdenin başçılıq etdiyi dəstələr
Vedibasarda və Göyçə mahalında azərbaycanlı
əhaliyə qarşı qırğınlar törədirlər.
Onun dəstələri 1920-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti ordusu ilə döyüşlərdə
iştirak edir.
1920-ci ilin aprelində Azərbaycan
sovet Rusiyası tərəfindən işğal edildikdən
sonra Njde sovet ordusunun hərbi birləşmələri ilə
də döyüşlər aparır. 1920-ci ilin
sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde
öz dəstələri ilə Mehri tərəfə çəkilir
və burada mövqe tutur. 1920-ci ilin
qışında Njde Zəngəzurdakı digər erməni
dəstələri ilə birgə qırmızı ordunu
sıxışdırıb çıxara bilir. 1920-ci dekabrın 25-də Njde və
silahdaşları Zəngəzurda "Dağlıq Erməni
Respublikası”nın yaradılmasını elan edirlər.
1921-ci ilin fevralında Ermənistanda kommunistlərə
qarşı yönəlmiş üsyan qırmızı
ordunun əsas qüvvələrini İrəvan üzərinə
göndərməyə vadar edir. Bu zaman ərzində
silahlı erməni dəstələri Qarabağ və
Naxçıvanda yaşayan azərbaycanlı əhalinin
kütləvi qətllərini törədir.
Qaregin Njde özünü
yaratdığı oyuncaq respublikanın "ali baş
komandan”ı elan etmişdir. Lakin iyulun ilk günlərində
hücuma keçən sovet qoşunları erməni dəstələrini
darmadağın edir və Njde öz dəstələrinin
qalıqları ilə İrana qaçır.
Qafqazdan qaçandan sonra Njde
Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını
qəbul edir.
1933-cü ilin yayında ABŞ-a köçən
Njde Tanderqyana türk səfiri Muxtar bəyin
öldürülməsində kömək edir. ABŞ-da Njde "Tsexarkon” hərəkatını təsis
edir və 1937-ci ildə "Daşnaksüytun”un
sıralarından ayrılaraq faşist Almaniyası ilə əlaqələr
yaradır, Rozenberqlə görüşür, onları
Türkiyəyə hücum etməyə
çağırır və öz köməyini təklif
edir.
Razılaşmaya görə,
Türkiyə dövlətinə qarşı hücumda ermənilər
Hitler Almaniyası üçün 100 min adam
toplamalı idi. Bütün bu məsələlər
detalları ilə erməni-alman razılaşmasında
-”Gertrud” planında əksini tapmışdır. Əvəzində ermənilərə Şərqi
Anadolu və Kilikiya vəd olunmuşdu. (Bulanova
O. Armənskaə pomoşğ fahistskoy Qermanii. Qaz. "Gxo”, 2017, 20 may, ¹86)
Daşnakların nasistlərə
əhəmiyyətli xidmətlərindən biri də sovet
arxa cəbhəsində və işğal bölgələrində
təbliğat fəaliyyətləri idi. Bu qrupların
birinin başında məşhur daşnak lideri S.Cəlabyanın
SS zabiti olan oğlu Nikolay Gevorkyan (uydurulmuş adı
"Doktor Sikorskiy”, "Gevorkov”) dururdu. İşğal
bölgələrində onlar erməni əhalisi arasına
agentlərini yerləşdirərək kəşfiyyat fəaliyyəti
göstərirdilər.
Almanlara görə ermənilər
millət olaraq kəşfiyyatçılığı
yaxşı bacarırdı. Qafqazda almanlar
onların verdiyi məlumatlardan yararlanırdılar. Yəhudilərin aşkar edilməsində və
almanlara təhvil verilməsində ermənilərin
"çox böyük xidməti” olmuşdur. Onlar əsirləri testdən keçirərək yəhudi
olduğunu təsbit edirdilər. Özünü
erməni olaraq təqdim edən və bununla ölümdən
xilas olmaq istəyən yəhudi əsirə ermənicə
kitab və ya İncili verərək gerçək milliyyətlərini
öyrənir və onların erməni deyil, yəhudi
olduğunu bildirirdilər.
Erməniləri almanlar tərəfinə cəlb etmək, onları Hitlerə xidmətə çağırmaq məqsədilə Almaniyada "Hayastan” qəzeti nəşr olunurdu. Qəzetin bütün redaksiya heyəti ermənilərdən təşkil olunmuşdu. Qəzet Hitler Almaniyası tərəfindən maliyyələşdirilir və III Reyxin təbliğat naziri Göbbelsin birbaşa nəzarətində idi.
(Ardı var)
Mais ƏMRAHOV,
AMEA-nın A.A.Bakıxanov adına arix İnstitutunun əməkdaşı,
tarix üzrə elmlər doktoru, professor
Azərbaycan.-
2019.- 31 iyul.- S. 5.