Andjey Duda: “Azərbaycan Polşa şirkətləri
üçün çox cəlbedici bir məkandır”
Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumda iştirak ediblər.
Dövlət başçıları biznes forumda nitq söylədilər.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, biznes forumun iştirakçıları.
Cənab Prezident, Sizi bir daha
salamlayıram. Biz Sizinlə səhərdən
bir yerdəyik. Bu gün Sizin Azərbaycana
rəsmi səfəriniz çərçivəsində
geniş fikir mübadiləsi aparılmışdır,
müxtəlif mövzular ətrafında
danışılmışdır və artıq demək olar
ki, səfər çox uğurludur. Əminəm
ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin gələcək
inkişafına çox böyük təkan verəcəkdir.
Bizim görüşlərimiz
müntəzəm olaraq keçirilir. Mən Polşaya
öz səfərimi böyük məmnuniyyətlə
xatırlayıram. Eyni zamanda, beynəlxalq
tədbirlər çərçivəsində də görüşürük,
danışırıq və bu görüşlər ikitərəfli
əlaqələrimizə çox böyük fayda verir.
Bu gün isə biznes forum çərçivəsində
Polşa-Azərbaycan biznes dairələrinin nümayəndələri
bir araya gəliblər və bu da təbiidir. Çünki bizim yüksək səviyyədə
siyasi əlaqələr imkan verir ki, biznes dairələri də
bir-biri ilə sıx təmasda olsunlar.
Bilirəm ki, forum çərçivəsində
bir neçə saziş imzalanacaq. Bu, onu göstərir
ki, forumun real nəticələri olacaqdır. Amma gələcəkdə
əlbəttə ki, bu sazişlərin sayı daha da çox
ola bilər. Çünki
qarşılıqlı maraq kifayət qədər
böyükdür. Sadəcə olaraq,
biznes dairələri bir-birini yaxından
tanımalıdırlar və biznes imkanlarını
araşdırmalıdırlar. Hesab edirəm
ki, Prezident Dudanın səfəri bu baxımdan çox əhəmiyyətlidir.
Çünki bəzi hallarda məlumat qıtlığı
imkan vermir ki, biznes dairələri bir-biri ilə sıx əlaqə
qura bilsinlər.
Biz çox maraqlıyıq
ki, ticarət dövriyyəsi artsın. Bu gün bu
barədə kifayət qədər geniş fikir mübadiləsi
aparılmışdır. İxrac-idxal əməliyyatlarının
artırılması üçün konkret addımlar
atılır. Keçən il
Polşada Azərbaycanın Ticarət Evi
açılmışdır. Hesab edirəm ki,
bu, önəmli addımdır və Azərbaycanda istehsal
olunan məhsullar bu Ticarət Evi vasitəsilə təqdim ediləcək.
Biz sərmayə qoyuluşu ilə bağlı
fikir mübadiləsi apardıq. Hesab edirəm
ki, burada da imkanlar var, sadəcə olaraq, biz öz səylərimizi
düzgün istiqamətə yönəltməliyik ki, sərmayə
qoyuluşu sahəsində səmərə əldə olunsun.
Mən hesab edirəm ki, biznes dairələri
üçün əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycanda
ümumiyyətlə biznes mühiti müsbətdir və son
illər ərzində bu istiqamətdə böyük irəliləyiş
var. Dünya Bankı da bunu qeyd edir. Dünya
Bankının "Doing Business 2019” hesabatında biznes
mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci
yerdədir və 10 ən islahatçı ölkə
arasındadır. Ona görə sərmayə
qoyuluşu məsələləri ilə bağlı
çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on
milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə
qorunur və hər bir ölkə üçün bu, önəmlidir.
Çünki biznes mühitinin
yaxşılaşdırılması nəticəsində həm
iş adamları özlərini daha rahat hiss edirlər, həm
də dövlətlər daha böyük fayda
götürür.
Azərbaycanda son illər ərzində
aparılan iqtisadi islahatlar imkan verir ki, biz öz maliyyə
imkanlarımızı genişləndirək. Xarici dövlət
borcu aşağı səviyyədədir, biz
çalışırıq ki, daha da aşağı səviyyəyə
endirək. Hazırda bu, ümumi daxili məhsulun
19 faizini təşkil edir. Biz beynəlxalq
maliyyə qurumları ilə fəal əməkdaşlıq
edirik və onlar Azərbaycanda gedən islahatlara müsbət
qiymət verirlər.
Ölkəmizdə həyata
keçirilən infrastruktur layihələri biznes şəraitini
daha da yaxşılaşdırır. Çünki yollar,
kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri
də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin
icrasına çox böyük diqqət yetirilmişdir.
Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr
deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini
verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş
adamlarının fəaliyyətini yüngülləşdirir.
Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə
bağlı aparılan bütün bu işlər, o cümlədən
biznes üçün gözəl şərait yaradır.
Azərbaycanda nəqliyyat
sektorunun inkişafı son illərdə prioritet məsələ
kimi qalır və bu gün biz bu barədə fikir mübadiləsi
apardıq. Azərbaycanda yaradılmış müasir nəqliyyat
infrastrukturu həm ölkə daxilində, həm də
regional çərçivədə əhəmiyyətlidir.
Son illər ərzində Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin
yaradılması istiqamətində atılmış
addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu
yaratmışıq. Əlbəttə ki,
bunun biznes dairələri üçün çox
böyük əhəmiyyəti, çox böyük
faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan
biznesin inkişafından söhbət gedə bilməz.
Azərbaycan ənənəvi
olaraq enerji sektorunun inkişafına böyük diqqət
göstərir. Ancaq bizim əsas məqsədimiz
qeyri-enerji sektorunun inkişafıdır. Bir
sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim
üçün prioritetdir və son illərdə bu istiqamətdə
addımlar atılıb. Hesab edirəm ki,
Polşa-Azərbaycan biznes dairələrinin birgə fəaliyyəti
nəticəsində bu sahəyə də diqqət göstəriləcək.
Biz bu gün kənd təsərrüfatı
sahəsində artıq nəticə hasil etmişik və
saziş imzalanmışdır. Polşanın bu sahədəki
təcrübəsi bizim üçün çox əhəmiyyətlidir.
Bizim ölkəmizin inkişafı, o cümlədən iş
yerlərinin yaradılması üçün kənd təsərrüfatının
çox böyük əhəmiyyəti var. Hesab edirəm ki,
biz bu sahədə sürətli əməkdaşlıq
aparmaq üçün yaxşı imkanlara malikik.
Son illərdə Azərbaycanda
turizmin inkişafı geniş vüsət alıb. Polşa vətəndaşları
sadələşdirilmiş viza rejimi əsasında ölkəmizə
gələ bilirlər. Hesab edirəm ki,
qarşılıqlı təqdimatlar keçirilməlidir.
Yəni, insanlarımız bir-birilərini daha
yaxından tanımalıdır ki, turizm daha da sürətlə
inkişaf etsin və qarşılıqlı səfərlər
həyata keçirilsin.
Beləliklə, yüksək
səviyyəli siyasi əlaqələr imkan verir ki, biznes sahəsində
də yaxşı nəticələr olsun. Hazırda
aramızdakı ticarət dövriyyəsi bizim
potensialımızı əks etdirmir. Ticarət
dövriyyəsini artırmaq üçün, ilk növbədə,
biznes dairələri daha fəal olmalıdırlar, biz isə
öz tərəfimizdən onlara hər zaman dəstək
veririk. Prezident cənab Andjey Duda ilə
bugünkü biznes forumdakı iştirakımız bu dəstəyin
növbəti təzahürüdür.
Mən Polşa və Azərbaycan
iş adamlarına yeni uğurlar arzulayıram. Arzu
edirəm ki, sizin aranızdakı əməkdaşlıq
yaxşı nəticələrə gətirib
çıxarsın. Sağ olun.
Polşa Prezidenti
Andjey Dudanın nitqi
- Hörmətli cənab Prezident.
Hörmətli nazirlər.
Hörmətli Polşa və
Azərbaycan biznes nümayəndələri.
Hörmətli sahibkarlar.Cənab
Prezident, ilk növbədə, Sizə dərin təşəkkürümü
bildirirəm.
Biz Azərbaycanın bu sahədəki
qurumlarına təşəkkürümüzü bildiririk
ki, onlar bu biznes forumu bizim üçün təşkil etdilər,
tikinti sahəsində və digər sahələrdə
çalışan Azərbaycan və Polşa şirkətlərini
bir araya gətirdilər.
Son illər ərzində,
ümumiyyətlə, bizim münasibətlərimiz çox
intensivləşmişdir. Azərbaycan Cənubi
Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri
üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa
İttifaqı arasında bu sahədəki tərəfdaşlığın
dərinləşməsində maraqlıdır. Biz Avropa İttifaqının fəal
üzvüyük. Qeyd etmək istəyirik
ki, biz məhz Azərbaycan ilə Avropa İttifaqı
arasında əhatəli əməkdaşlıq sazişinin
imzalanmasında olduqca maraqlıyıq.
Bu gün Polşa ilə Azərbaycan
arasında bir sıra razılaşmalar imzalandı. Bu da əslində
bizim münasibətlərimizin yeni bir səhifəsini göstərir.
Biz Polşa tərəfi olaraq uzun müddətdir
Avropa İttifaqının üzvüyük və bu mövqedən
çıxış edərək istərdik ki, Avropa
İttifaqı öz əməkdaşlıq
qapılarını daha geniş açsın və yalnız
müttəfiqlər haqqında düşünməsin, həmçinin
digər ölkələrlə də əməkdaşlıq
imkanlarını genişləndirsin. Biz
çox şadıq ki, Avropa İttifaqı və Azərbaycan
əməkdaşlıq edir. Bununla biz, həmçinin
ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımızı
da inkişaf etdirmiş oluruq.
Bu gün iqtisadi təşəbbüslərə
gəldikdə, ölkələrimiz arasında olan gündəlik
göstərir ki, xalqlarımızın rifahına xidmət
edən bir çox layihələr var. Bu sırada nəqliyyat
sahəsini, daşımaları qeyd etmək istəyirəm. Həmçinin
müxtəlif istiqamətlərdə nəqliyyat dəhlizləri
yaradılmışdır. Son illər ərzində
Polşa xüsusən də dəniz limanlarına və dəmir
yol xətlərinə malik olan dövlətlərlə öz
əlaqələrini inkişaf etdirib. Bu
baxımdan bizim ölkəmizdə logistika infrastrukturunun
yaradılmasına da diqqət yetirilir. İstərdik
ki, bu gün biz, həmçinin beynəlxalq hava limanları
vasitəsilə bu sahədəki mübadilələri daha da
artıraq. Biz ölkəmizdə bunu
yaradırıq. Ölkəmizin coğrafi
mövqeyindən istifadə edərək, biz yaxşı
anlayırıq ki, bununla bağlı bir sıra
üstünlüklər var və bu üstünlüklərdən
istifadə olunmalıdır. Xüsusən
də Şimal ilə Cənub, Qərb ilə Şərq,
Avropa ilə Asiya arasında multimodal daşımalar əməliyyatları
artmalıdır. Qeyd etmək istəyirəm
ki, Polşa, həmçinin Trans-Xəzər daşımalar
dəhlizlərində də iştirak etməkdə
maraqlıdır. Biz, həmçinin istərdik
ki, Avropanın cənub-qərb hissəsində öz əlaqələrimizi
daha da genişləndirək.
Azərbaycan bu gün
geniş imkanlara malik olan ölkədir və bilirik ki,
böyük layihələr həyata keçirməkdədir. Azərbaycan,
həmçinin Çinin "Bir kəmər, bir yol” təşəbbüsünə
qoşulmuşdur. Bunun sayəsində
Çinə və Hindistana ticarət marşrutları daha da
qısalacaqdır. Bu baxımdan istərdik
ki, Polşa şirkətləri Azərbaycanda daha geniş
şəkildə fəaliyyət göstərsinlər. İstərdik ki, Polşada da Azərbaycan şirkətləri
daha geniş şəkildə çalışsınlar və
məhsulların ixrac-idxalı ilə məşğul
olsunlar.
Qeyd etmək istəyirəm
ki, biz son illər ərzində ticarət dövriyyəsində
600 milyon dollara yaxın imkanlar əldə etmişik. Bu da, həmçinin
bizim ümumi daxili məhsulumuzun artımından xəbər
verir. İstərdik ki, ölkələrimiz
arasında ticarət mübadilələri daha da artsın.
Təbii ki, bizim ötən il ərzində
geniş şəkildə artan ticarət dövriyyəsi buna
yaxşı misaldır. Çünki həm Azərbaycan
məhsulları Polşada, həm də Polşa məhsulları
Azərbaycanda təşviq olunur.
Cənab Prezident, hörmətli
iştirakçılar, ümid edirəm ki, bu gün hər
iki ölkənin biznes qurumları arasında imzalanacaq
sazişlər bizim təmaslarımızı daha da gücləndirəcək
və yaxın gələcəkdə ticarət dövriyyəmizi
artıracaq. Təbii ki, iqtisadi və ticari
münasibətlərimizin genişləndirilməsi
baxımından, həmçinin istərdik ki, bizim xarici ticarət
üzrə qurumumuz Bakıda daha geniş şəkildə fəaliyyət
göstərsin və sizin də müvafiq
strukturlarınız bizə qoşulsun.
Cənab Prezident, keçirdiyimiz görüşlərə, aparılmış məhsuldar fikir mübadiləsinə görə Sizə təşəkkürümü bildirirəm. İstərdim ki, ölkələrimiz bu iqtisadi faydalardan yararlansın və bundan sonra da biz Azərbaycanın və Polşanın maraqlarına xidmət edən layihələri birgə həyata keçirək. Mən Sizə işlərinizdə uğurlar arzulayıram.
***
Biznes forum işini təqdimatlar
və iş adamlarının ikitərəfli
görüşləri ilə davam etdirdi.
Azərbaycan.- 2019.-1 iyun.- S.3.