Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət
qarşısında xidmətləri olan
şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi
üzrə Komissiyanın iclası olub
Mayın 31-də Nazirlər Kabinetində görkəmli şəxsiyyətlərin,
xalq, vətən, dövlət qarşısında
xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi üzrə Komissiyanın
ilk iclası olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Baş nazirin müavini bildirib ki, görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə tarixində mühüm rol oynayan görkəmli ziyalılarımız, Vətənimizin müstəqilliyi uğrunda şəhid olanlar, şücaət göstərib Milli Qəhrəman adı qazananlar və onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Xalq, vətən, dövlət qarşısında xidmətləri olan həmin şəxslərin bir çoxlarının adları müxtəlif qurumlara, təhsil, mədəniyyət ocaqlarına, küçələrə və s. verilir. Sözügedən məsələ ilə bağlı müvafiq icra orqanlarından Nazirlər Kabinetinə yeni təkliflər daxil olur. Bu təkliflər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir.
Daha sonra Komissiyanın iclasında təkliflərlə
bağlı müzakirələr aparılıb. Komissiya üzvlərinin rəyləri nəzərə
alınaraq yekun qərar qəbul edilməsi
üçün zəruri tövsiyələr
verilib. Xatırladaq ki,
Komissiya 2019-cu il aprelin 1-i Nazirlər Kabinetinin
müvafiq qərarı ilə
yaradılıb.
Azərbaycan.- 2019.- 1 iyun.- S.5.