Milli Məclisin
yaz sessiyası başa çatdı
Sonuncu iclasda
2018-ci ilin dövlət
büdcəsinin icrası
müzakirə olundu
Milli Məclisin mayın 31-də keçirilən
növbəti plenar iclasında "Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə edildi.
Əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə və ötən ilin makroiqitsadi göstəriciləri
barədə məlumat
verdi. Qeyd
etdi ki, 2018-ci il Azərbaycanın
ictimai-siyasi, sosial-iqtisadi
həyatında ən
yaddaqalan illərdən
olub. Ötən il Azərbaycanın
dövlət müstəqilliyinin
100 illiyi qeyd edilib. Bu münasibətlə
keçirilən tədbirdə
dövlət başçısı
İlham Əliyev ölkəmizin müstəqillik
illərində əldə
etdiyi uğurlardan danışaraq deyib ki, öz potensial
imkanlarından daha səmərəli istifadə
edən Azərbaycan dünyanın dinamik inkişaf edən nüfuzlu dövlətlərindən
birinə çevrilib.
Bu baxımdan 2018-ci ilin uğurları təqdirəlayiqdir.
Komitə sədri
qeyd edib ki, ötən il əhalinin adambaşına düşən
gəlirləri 8,2 faiz, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi
sabit qalıb. Enerji daşıyıcılarının qiymətlərindəki pozitiv
dinamika xarici ticarət balansının
müsbət nəticələnməsinə
səbəb olub.
2018-ci ildə ölkənin
xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq, 31,8 milyard dollar təşkil edib. Tədiyə balansında 20,3 milyard manatlıq müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında
yaranmış müsbət
saldo gələcəkdə
böyük işlərin
görülməsinə imkan
yaradıb. Valyuta
ehtiyatlarımız ötən
il 44,5 milyard
manat təşkil edib. Bu göstərici
xarici dövlət borcundan 5 dəfə çox olmaqla 4 ildən artıq bir dövr üzrə
mal və xidmətlərin
idxalına bərabərdir.
Qeyd edək ki, təqdim olunmuş hesabata əsasən, 2018-ci ildə
dövlət büdcəsinin
gəlirləri 22 milyard
149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat və ya
101,6 faiz təşkil
etmişdir. Bu da 2017-ci illə müqayisədə 36,3 faiz çoxdur.
Dövlət büdcəsinin
gəlirlərinin 32,9 faizi
Vergilər Nazirliyinin,
15,3 faizi Dövlət
Gömrük Komitəsinin
xətti ilə daxilolmaların, 48,7 faizi Dövlət Neft Fondundan transfertlərin,
3,1 faizi digər gəlirlərin payına düşür. Dövlət
büdcəsi gəlirlərinin
ÜDM-də xüsusi
çəkisi 2018-ci ildə
28,2 faiz təşkil etmişdir ki, bu da
2017-ci illə müqayisədə
4,7 faiz çoxdur.
Xərclərə gəldikdə,
2018-ci ildə ölkənin
uzunmüddətli sosial-iqtisadi
inkişafının prioritet
istiqamətləri, o cümlədən,
təhsil, səhiyyə,
sosial, mədəniyyət,
idman və infrastruktur layihələrinin
reallaşdırılması, əhalinin aztəminatlı
təbəqələrinin sosial
müdafiəsi, dövlətin
təhlükəsizliyinin və
müdafiə qabiliyyətinin
gücləndirilməsi, kənd
təsərrüfatının stimullaşdırılması, dövlət
borcu və beynəlxalq təşkilatlara
üzvlük haqlarının
ödənilməsi və
digər zəruri dövlət tədbirlərinin
icrası üçün
maliyyə təminatının
yaradılması diqqətdə
saxlanılıb.
Ötən il dövlət büdcəsinin
xərcləri 23 milyard
100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya
98,4 faiz icra edilib. Bu da 2017-ci ilə nisbətən 29,2 faiz çoxdur.
2018-ci il üçün
dövlət büdcəsi
xərclərinin ÜDM-də
xüsusi çəkisi
28,5 faiz təşkil etmişdir.
Bu, 2017-ci ilə nisbətən
3,4 faiz çoxdur.
Strukturuna görə
2018-ci il dövlət
büdcəsi xərclərinin
50,8 faizi cari xərclərə
(2017-ci illə müqayisədə
5,9 faiz çox), 39,4 faizi əsaslı xərclərə (2017-ci illə
müqayisədə 1,7 dəfə
çox), 9,8 faizi dövlət borcuna və öhdəliklərinə
xidmətlə bağlı
xərclərə yönəldilib.
Ötən il büdcə xərclərinin
31,7 faizi sosialyönümlü xərclərin
maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci ildə
olduğundan 7,6 faiz çoxdur.
2018-ci il icmal büdcənin gəlirləri 28 milyard
124,6 milyon manat proqnoza qarşı icra 30 milyard 924,7 milyon manat və
110 faiz (2017-ci ilə nisbətən 28,4 faiz çox) olub. Xərcləri isə 26 milyard 575,2 milyon manat proqnoza qarşı icra 26 milyard 456,9 milyon manat və 99,6 faiz (2017-ci ilə nisbətən 5,1 faiz çox) təşkil edib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Palatanın 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyini diqqətə çatdırdı. Qeyd etdi ki, respublikamızın
ictimai-siyasi həyatında
əlamətdar hadisələrlə
zəngin bir il kimi yadda qalan 2018-ci il Azərbaycan Respublikasının iqtisadiyyatı
üçün də
uğurlu olmuşdur. Belə ki, son illər qlobal müstəvidə iqtisadi
amillərin dəyişkənliyi,
bu amillərin siyasi meyillər qarşısında həssaslığı
makroiqtisadi mühitin davranışından çox
sıx asılı olan büdcə layihələndirilməsi və
onun icrasında, ümumilikdə dövlət
maliyyəsinin idarəedilməsində
bir sıra dövlətlərə problemlər
yaratmışdır. Ölkəmizdə isə 2018-ci ilin dövlət büdcəsi
yüksək artım
tempi və icra səviyyəsi ilə xarakterizə olunur.
Vüqar Gülməmmədovun
sözlərinə görə,
ötən il
münbit makroiqtisadi meyillər dövlət büdcəsinin müvəffəqiyyətli
icrasına da real şərait formalaşdırmışdır.
Belə ki, dövlət büdcəsinin gəlir və xərclərinin icrası son 7 ildə ən yüksək artım tempini nümayiş etdirmiş, eyni zamanda, icra
səviyyəsi də
son illərin meylini davam etdirməklə yüksək olmuşdur.
Ötən ilin dövlət büdcəsinin
ayrı-ayrı göstəriciləri
barədə ətraflı
danışan Vüqar
Gülməmmədov rəyin
Hesablama Palatasının
kollegiyasında müzakirə
edilərək təsdiq
olunduğunu, qanunvericiliyin
tələblərinə uyğun
müddətlərdə təqdim
edildiyini bildirərək
müzakirələr zamanı
rəydə əks etdirilmiş mövqe və tövsiyələrin
nəzərə alınmasını
xahiş etdi.
Müzakirələr zamanı
Milli Məclis Sədrinin müavini Bahar Muradova, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Fərəc Quliyev, Elman Nəsirov, Əli Məsimli, Fazil Mustafa, Vahid Əhmədov, Tahir Mirkişili, Qüdrət Həsənquliyev, Azay Quliyev, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Elmira Axundova, Aydın Hüseynov, Aydın Mirzəzadə layihə ilə bağlı fikirlərini bildirdilər,
təkliflərlə çıxış
etdilər.
Çıxışlarda Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun düşmən
tərəfindən açılan
snayper atəşi nəticəsində şəhid
olmasına da münasibət bildirən
deputatlar bu hadisəni sərt pislədilər, parlamet səviyyəsində etiraz
olunmasını təklif
etdilər. Deputat Aydın Mirzəzadənin
sözlərinə görə,
belə bir təsəvvür yaranır
ki, ya Ermənistanın
baş naziri Paşinyan ikiüzlülük
edir, diplomatik danışıqlar aparır,
gizlində isə silahlı qüvvələrə
Azərbaycana qarşı
belə çirkin addımlar atmağa tapşırıq verir, ya da o, silahlı
qüvvələrə nəzarət
etmir. Deputat qeyd etdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda
səfərdə olduğu
bir vaxtda belə bir addım
Ermənistanın qeyri-konstruktivliyindən
xəbər verir.
Məsələyə münasibət
bildirən Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, bu
barədə beynəlxalq
təşkilatlara məlumat
çatdırılıb. Azərbaycan Xarici
İşlər Nazirliyi
bu istiqamətdə işlər aparır.
Azərbaycan Milli Məclisinin
beynəlxalq təşkilatlardakı
nümayəndələrinə tapşırılıb ki,
bu məsələni yüksək səviyyədə
qaldırsınlar.
Müzakirələrin yekununda
"Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Spiker Oqtay Əsədov növbədənkənar
sessiyanın keçiriləcəyini
bildirərək Milli Məclisin 2019-cu il
yaz sessiyasının başa çatdığını
elan etdi. Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 1iyun.- S.1; 6.