Beynəlxalq “Xəzər Neft və
Qaz” konfransı başa
çatıb
Bakıda keçirilən 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə "Xəzər dənizinin ofşor yataqlarında 70 illik hasilat tarixi”, "Ətraf mühit və sənaye təhlükəsizliyi üzrə davamlı inkişafa dair kompleks yanaşma”, "Kəşfiyyat və hasilat paneli: gələcək potensialın açarı”, "Ağıllı” infrastruktur sayəsində istehsal səmərəliliyi” mövzularında müzakirələr aparılıb.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin tarixindən, əldə olunan nailiyyətlərdən və qazanılan uğurlardan danışıb. O, cari ildə Azərbaycanın neft tarixində mühüm əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünün qeyd ediləcəyini deyib. Bildirib ki, Azərbaycan bu vaxtadək Xəzərdəki "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 280 milyon ton mənfəət nefti əldə edib. İndiyədək "Azəri-Çıraq-Günəşli”dən 483 milyon ton neft və 157 milyard kubmetr təbii qaz hasil olunub.
Azərbaycan neftinin dünya bazarına çıxarılmasında mühüm rol oynayan boru kəmərləri layihələrindən danışan X.Yusifzadə bildirib ki, indiyədək 508 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb. Bu həcmin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.
Akademik qeyd edib ki, Azərbaycan neft sənayesində çox mühüm yeri olan Neft daşlarının bu il 70 illiyi tamam olur. Neft daşlarındakı yataqlardan bu vaxtadək 178 milyon ton neft çıxarılıb.
Deyib ki, Azərbaycanın təbii qaz resurslarının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi mənbə və marşrutların şaxələndirilməsi, enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Üç seqmenti tamamlanan layihə çərçivəsində TANAP-la indiyədək Türkiyəyə 1,9 milyard kubmetr Azərbaycan qazı nəql olunub.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə şirkətin Xəzər regionundakı 27 illik fəaliyyətindən danışıb. 25 illiyini qeyd edən "Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin əhəmiyyətini vurğulayan BP rəsmisi qeyd edib ki, yataqlar blokundan bu vaxtadək 3,5 milyard barrel neft hasil olunub. AÇG-nin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox sərmayə qoyulub: "BP və tərəfdaşları bu vaxtadək Azərbaycanın neft-qaz layihələrinə 72 milyard dollardan çox investisiya yatırıb. Şirkət 25 ildə Azərbaycana 44 milyard kubmetr səmt qazını təmənnasız verib”.
BP-dəki işçilərin 90 faizi milliləşdirildiyini deyən B.Aslanbəli bildirib ki, 70-dək azərbaycanlı şirkət üzrə müxtəlif ölkələrdə rəhbər vəzifələrdə çalışır.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə şirkətin ekoloji siyasətindən və həyata keçirdiyi layihələrdən danışıb. O, atmosferə atılan qazın minimuma endirilməsi, şamda yandırılan qazın azaldılması istiqamətində görülən işlərdən bəhs edib. Bu sahədə Dünya Bankı və BMT ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətini qeyd edib.
SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib ki, şirkətin kəşfiyyat sahəsində gördüyü işlərdən, quyuda və dənizdə aşkar olunmuş yataqlardan, aparılan seysmik tədqiqatlardan danışıb.
"BP Azerbaijan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli isə şirkətin bu il ölkəmizdə dənizdə və quruda aparacağı kəşfiyyat, seysmik qazma işlərindən bəhs edib.
Konfrans çərçivəsində SOCAR və IBM-in birgə müəssisəsi olan "Caspian Innovation Centre” (CIC) MMC-nin yaratdığı quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alət təqdim edilib. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib ki, "Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Bildirilib ki, "Aliyə” SOCAR-ın əməliyyatlarının tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır.
İki
gün davam edən və
neft-qaz sektorunun, eləcə
də bu sektor ilə əlaqəli
müxtəlif sahələrin rəhbərləri üçün də əsas platforma
olan konfransa 30 ölkədən
600-dən çox nümayəndə
qatılıb.
Azərbaycan.- 2019.- 1 iyun.- S.7.