“Caspian Oil & Gas” və “Caspian Power” sərgiləri çərçivəsində
“Bizimkilər” sessiyası təşkil olunub
Bakı Sərgi Mərkəzində keçirilən "Caspian Oil & Gas 2019” və "Caspian Power 2019” sərgiləri çərçivəsində mayın 31-də ilk dəfə olaraq tələbələr üçün "Bizimkilər” sessiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xaricdə təhsil almış azərbaycanlı mütəxəssislər öz iş təcrübələrini bölüşüblər.
Sessiyanın moderatoru, Şotlandiyanın "Wood” şirkətinin cihazqayırma üzrə baş mühəndisi Pərviz Qafarov çalışdığı müəssisə barədə məlumat verib. Qeyd edib ki, şirkət əsasən ölçü cihazlarının hazırlanması sahəsində ixtisaslaşıb. Bu məhsulların ərsəyə gəlməsi üçün müasir proqram və yeni texnologiyalardan istifadə edilib. Moderator diqqətə çatdırıb ki, təmsil etdiyi şirkət son 20 ildə bu sahədə böyük nailiyyətlər qazanıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirdiyini deyən P.Qafarov sonrakı illərdə bir çox ölkədə, o cümlədən ABŞ, İrlandiya, Norveç, Qazaxıstan, Gürcüstan və digər ölkələrin tanınmış şirkətlərində mütəxəssis kimi çalışdığını vurğulayıb.
"SOCAR KBR” şirkətinin baş layihə mühəndisi Firudin Səfərov, Əbu-Dabi Dövlət Neft Şirkətinin ("ADNOC”) baş mühəndisi Tural Yusubov neft-qaz sektorunda aktual məsələlərə toxunaraq texnoloji mühəndislik və yeni texnologiyalardan söz açıblar.
Məruzələr tələbələr
tərəfindən maraqla
qarşılanıb.
Azərbaycan.- 2019.- 1 iyun.- S.7.