Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalması münasibətilə tədbir keçirilib

 

Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması münasibətilə mayın 31-də Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, MOK baş katibinin müavini Azər Əliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, festivalın təşkilat komitəsinin nümayəndələri, 20 nömrəli məktəb-liseyin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan və İspaniya xalqlarının dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxıblar.

Sonra İspaniya və Azərbaycan mədəniyyətinin, milli mətbəxinin nümunələri təqdim olunub.

Məktəbin direktoru Səadət Veysova çıxış edərək belə tədbirlərin şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılmasında önəmini qeyd edib. İspaniya xalqının, mədəniyyətinin və incəsənətinin ölkəmizdə çox sevildiyini vurğulayan direktor bildirib ki, tədbirin məqsədi şagirdlərin bu ölkənin tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılmasıdır. Direktor ölkəmizdə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına marağın böyük olduğunu vurğulayaraq bu tədbirin də yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.

Sonra məktəbin şagirdləri Azərbaycan-İspaniya dostluğuna aid tamaşalar göstəriblər.

Tədbirdə festivalın proqramına daxil olan gimnastika, güləş, boks idman növləri üzrə ustad dərsləri keçirilib.

Festivalla əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Olimpiya mədəniyyəti və təhsil” proqramının 48 məktəbi əhatə etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan da bu gün dünyada idman dövləti kimi tanınır. Azərbaycanın yüksək səviyyədə evsahibliyi etdiyi mötəbər turnirlər ölkəmizdə yeniyetmə və gənclərin idmana marağının artırılmasında mühüm rol oynayır. Bu baxımdan iyulun 21-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı da böyük əhəmiyyət daşıyır.

"Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, "Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.

 

Azərbaycan.- 2019.-1 iyun.- S.8.