Etibarlı müttəfiqlikdən strateji tərəfdaşlığa doğru

 

Azərbaycan-Polşa münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Azərbaycanın Avropa İttifaqının demək olar ki, bütün üzvləri ilə sıx münasibətləri formalaşıb. Hətta onların bir qismi ilə əməkdaşlıq strateji müstəviyə yüksəlib. Ən maraqlısı odur ki, bu günüzvü olan bir sıra ölkələrlə Azərbaycanın əlaqələri kifayət qədər tarixi keçmişə söykənir. Bu sırada Polşa ilə münasibətlər kifayət qədər tarixiliyi və zənginliyi ilə diqqəti çəkir.

 

Hər iki dövlətin maraqlarına cavab verən siyasi əlaqələr

 

Ölkəmizdə rəsmi səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə iki dövlət arasındakı əlaqələrin tarixi köklərindən bəhs edildi. Andjey Dudanın şərəfinə rəsmi ziyafətdə iki xalq arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasiiqtisadi həyatında fəal rol oynadıqlarını bildirdi. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlət başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini qeyd etdi.

Polşa ilə Azərbaycanı bağlayan tellərin tarixi uzaq orta əsrlərə gedib çıxır. Tarixi mənbələrə əsasən XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. XIX əsrin ortalarında Azərbaycanın qəhrəmanlıq dastanı olan "Koroğlupolyak Xodzko tərəfindən tərcümə edilərək ingilis və fransız dillərində nəşr olunub. Vaxtilə polşalı memarların müəllifliyi ilə Bakıda inşa edilən yaraşıqlı binalar bu gün də tarixi-memarlıq nümunələri kimi şəhərimizə yaraşıq verir. Azərbaycanda dənizdə neft hasilatının banisi sayılan polşalı mühəndis Pavel Polotskinin adı ölkəmizin neft tarixinə həmişəlik həkk olunub.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycanın da bir çox tanınmış maarifçiləri, mədəniyyət və incəsənət xadimləri öz yaradıcılıqları ilə Polşada məşhur olublar. Polyak LedinskiTopçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun aparıcı zabitlərindən biri milliyyətcə polyak general Sulkeviç olub.

Bu gün Polşa geostrateji mövqeyi, iqtisadiyyatı və zəngin mədəniyyəti baxımından Avropanın aparıcı ölkələrindən biridir. Öz növbəsində Cənubi Qafqazın söz sahibi olan Azərbaycanla bu Avropa ölkəsinin XX əsrdə keçdikləri yollar oxşardır. Hər iki ölkə xarici təsirlərə məruz qalıb və nəhayət, azadlığına nail olaraq demokratiksivil inkişaf yoluna çıxıb. Əlaqələrin qədimiliyi ilə yanaşı, hər iki dövlətin oxşar taleyi müasir dövrdə münasibətlərin inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, Polşa hələ 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ölkələrdən biridir. Hazırda Azərbaycanla Polşanın istənilən məsələdə mövqeləri üst-üstə düşüriki dövlət arasında qarşılıqlı maraqlara cavab verən siyasi münasibətlər mövcuddur. Prezident Andjey Dudanın Azərbaycana səfəri zamanı bu, bir daha təsdiqini tapdı.

 

İlham Əliyev: "Müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb”

 

Onu da qeyd edək ki, Azərbaycan-Polşa münasibətləri həm də strateji mahiyyət daşıyır. Belə ki, hələ iki il əvvəl Prezident İlham Əliyevin Polşaya rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” imzalanmışdı. Bu bəyannamə əlaqələrin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır.

Mayın 31-də mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu sənəddən söz açaraq iki dövlətin strateji tərəfdaş olduqlarını bəyan etdi. "Mən Sizin ölkənizə öz rəsmi səfərimi xatırlayıram. İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdüko görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz doğrudan da strateji tərəfdaşıq”.

Polşanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe Bakının maraqları ilə üst-üstə düşür. Rəsmi Varşava hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Bakıda da Andjey Duda ölkəsinin bu mövqeyini bir daha bəyan edərək bildirdi ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman Polşanın dəstəyinə arxalana bilər.

Xatırladaq ki, Polşanın əvvəlki prezidentləri də daim Azərbaycanla münasibətlərin inkişafına böyük önəm veriblər. Aleksandr Kvasnevski, o cümlədən faciəvi surətdə həlak olan Lex Kaçinski ölkəmizə dost münasibət bəsləyiblər. Lex Kaçinski 5 dəfə Azərbaycanda səfərdə olmuşdu. Onların bu siyasətini hazırda Andjey Duda davam etdirir. Prezidentlərin qarşılıqlı səfərləri ötən müddətdə dövlətlərarası dostluğu daha da gücləndirib. Məhz bu səfərlərin sayı iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Bir sözlə, Andjey Dudanın rəsmi səfəri də göstərdi ki, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan-Polşa münasibətlərinin inkişafı bundan sonra daha da dərinləşəcək. Çünki bunun üçün prezidentlərin yüksək siyasi iradəsi və ölkələrin böyük potensialı var.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-2 iyun.- S.1-2.