Amalı xoş, niyyəti aydın,
hədəfi işıqlı olan inkişaf
Tarixin bütün dövrlərində olduğu kimi, yenə də dünyada mürəkkəb proseslər gedir. Yaşadığımız zaman yeni reallıqlar dövrünə qədəm qoyub: qloballaşma ölkələr və xalqlar arasında sərhədləri ortadan götürüb. İqtisadi sistemdə, sosial, humanitar sahələrdə baş verən inkişaf prosesləri dövlətləri bir-birindən daha çox asılı vəziyyətə salıb.
Artıq böyük dövlətlərin bir-birinə təzyiqləri də ən çox iqtisadi müstəvidə özünü göstərir. Rəqib ölkələr üstünlüyü ələ almaq, bir-birinin iqtisadi mövqeyini zəiflətməkdən ötrü tez-tez siyasi amillərə əl atırlar. Bu isə iqtisadi inkişaf proseslərini öz təbii axarından çıxarır. Bundan ən çox əziyyət çəkənlərsə öz həyatını, dolanışığını sabitlik və gələcəyə ümid üzərində qurmağa çalışan sadə insanlar olur.
Dünyada sivilizasiyalararası toqquşma meyilləri də getdikcə güclənir. Ayrı-ayrı cəmiyyətlərdə fərqli milli mənsubiyyətlərin, müxtəlif mədəniyyətlərin daşıyıcılarına qarşı dözümsüzlük artır. Ksenofobiya elementləri bəşəriyyəti təhdid edir. Ayrı-ayrı ölkələrdən, özü də kifayət qədər inkişaf etmiş ölkələrdən terror xəbərləri gəlir. Cəmiyyətlər arasındakı sosial-iqtisadi inkişaf fərqləri, maliyyə, təhsil, səhiyyə, məşğulluq imkanlarının qeyri-bərabərliyi gərginliyi getdikcə artırır.
Siyasət adamlarının dediklərinə görə, bu gün dünyada ideoloji cəhətdən də böyük bir boşluq var. İnsanlar hansı ideyaların ardınca gedəcəklərini, hansı düşüncə sistemlərinin onlar üçün də, bəşəriyyət üçün də daha faydalı olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Bunun mənfi təsiri kimi bəzən dünyanın bir çox ölkələrində ziyanlı ideologiyalar yenidən baş qaldırır. İnsanlar bu ideologiyaların təzyiqi altına düşərək milli, irqi ayrı-seçkiliyə, dini radikalizmə meyilləri ilə ümumbəşəri dəyərlərə qarşı yönəlmiş təhdidləri daha da gücləndirirlər.
Bütün bunlar müasir dünyamızdakı reallıqların ötəri mənzərəsidir. Baş verənləri xatırlatmaqda məqsəd isə Azərbaycanın bugünkü milli dövlətçilik nailiyyətlərini hansı çətin şərtlər altında əldə etdiyini göstərməkdir.
Dinamik inkişafın qarantı
Hazırda Azərbaycan öz qapılarını dünyaya açmış, qlobal inkişaf proseslərində fəal iştirak edən və prosesə dəyərli töhfələr verən müstəqil ölkədir. Bu mənada beynəlxalq aləmdə yaşanan reallıqlar respublikamıza da bu və ya digər dərəcədə təsir göstərir. Dünyanın müxtəlif bölgələrində gedən mürəkkəb proseslər, ayrı-ayrı ölkələrdə müşahidə olunan gərginliklər fonunda Azərbaycan öz inkişaf kursunun ardıcıllığını, davamlılığını qoruyur.
Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət ölkəmizin milli maraqlarının, sabitliyin, təhlükəsizliyin, dinamik inkişafın qarantıdır.
Bu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik strategiyasının uğurudur. Müstəqil Azərbaycan dövləti bu strategiyaya əsaslanaraq hazırda tarixinin ən qüdrətli mərhələsini yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan tarix boyu heç zaman indiki qədər güclü olmamışdır.
Bu, tarixi nailiyyətdir!
Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin möhtəşəm nəticələrini şərtləndirən bir çox səbəblər var. Qloballaşan dünyada geosiyasi sabitliyə, balanslaşdırılmış siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkün deyil.
Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən bölgədə maraqları olan bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək amilinə əsaslanır. Bu baxımdan ölkənin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dünyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.
Ölkəmiz qlobal inkişafa təkan verən, dünyada sülh, sabitlik, qarşılıqlı etimad mühiti yaradan hər bir platformada təmsil olunmağa çalışır.
Sülh və sabitlik məkanı
Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz, eyni zamanda, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir. Azərbaycanın təşəbbüsü və evsahibliyi ilə ölkəmizdə sülhün, inkişaf mühitinin qorunmasına, bəşəriyyət qarşısında duran qlobal problemlərin həllinə yönəlmiş beynəlxalq forumlar, genişmiqyaslı tədbirlər keçirilir. Dünyanın ayrı-ayrı ölkələrindəki qarşıdurmalara, gərginliklərə, silahlı münaqişələrə rəğmən bu gün Azərbaycan bütün beynəlxalq aləmdə sabitlik və inkişaf məkanı, mədəniyyətlərin dialoqu meydanı, tolerantlıq, multikulturalizm kimi dəyərləri aktuallaşdıran ölkə kimi qəbul olunur. Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, respublikamız dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda gündən-günə inkişaf etməklə yanaşı, həm də etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır.
Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri əzmlə yerinə yetirir. Qlobal və regional təhlükəsizliyə, sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığını inkişaf etdirir.
Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri dünyanın iqtisadi-siyasi mənzərəsini dəyişir, regionun gələcək inkişafına, təhlükəsizliyinə əsaslı zəmin yaradır. Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin hər zaman diqqətindədir. Məhz bu səbəbdən enerji layihələri ölkəmizin xarici siyasət strategiyasının müəyyən olunmasında əsas amil kimi çıxış edir. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə imzalanmış "Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması, "Cənub qaz dəhlizi”, TANAP, TAP və digər enerji layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Böyük güclər tərəfindən də etiraf olunur ki, Azərbaycanın iştirakı, yaxından dəstəyi olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək və bu layihələrlə uğur qazanmaq mümkün deyil. Ölkəmizin beynəlxalq nüfuzu getdikcə güclənir, müstəqil, əsaslandırılmış, gələcəyə hədəflənmiş mövqeyi qəbul olunur və sözü eşidilir.
Milli vəhdətin gücü
Azərbaycanın bu nailiyyətlərinin mənbəyi xalqdan gəlir. Həyata keçirilən daxili və xarici siyasət insanlarımızın fəal dəstəyinə əsaslanır. Bu siyasət ona görə dəstəklənir ki, ölkənin istər daxili, istərsə də xarici siyasəti xalqın arzu və niyyətinə uyğundur, onların milli mənafeyinə xidmət edir. Azərbaycanın tutduğu yol, atdığı addımlar fundamental dəyər və məqsədlərə, cəmiyyətimizin, ümumilikdə dövlətimizin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər zərurətlərə uyğun gəlir.
Azərbaycan Prezidenti müstəqilliyimizin, ölkəmizin ərazi bötövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığının təmin edilməsi istiqamətində fəal iş aparır. Dövlət başçısının xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həlli mühüm yer tutur. Prezidentin münaqişənin həlli yönümündə apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyəsində ifşa edilir və nəticə etibarilə bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar və terrora rəvac verən bir dövlət kimi tanıyır. Azərbaycanın beynəlxalq nüfuzu gücləndikcə bu münaqişədə dövlətimizin ədalətli mövqeyini dəstəkləyən ölkələrin sayı artır. Respublikamız informasiya müharibəsində üstünlüyü ələ alır. Eyni zamanda, ordu quruculuğu sahəsindəki uğurlarımız, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirdiyi hərbi qüdrəti bizi bu münaqişənin həllinə, ərazi bütövlüyümüzün bərpasına yaxınlaşdırır.
Milli mədəniyyətimizə hərtərəfli diqqət və qayğını nəzərdə tutan müdrik yanaşma Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindəndir. Həyata keçirilən milli inkişaf strategiyasının uğurları sayəsində Azərbaycanı tarixinin ən qüdrətli çağlarına yetirmiş cənab İlham Əliyev milli mədəniyyətimizin inkişafını nəzərdə tutan ardıcıl addımlar atır, mühüm qərarlar imzalayır. Bu qərarlar nəticəsində son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib. Paytaxtımızda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert, tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib. Mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülüb.
Azərbaycanın zəngin və tolerant irsinin, mədəniyyət abidələrinin araşdırılması, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Qlobal mədəniyyət tədbirləri ilə bəşəriyyət xalqımızın malik olduğu zəngin irsi yenidən kəşf edir, bu misilsiz sərvətə heyran qalır. Azərbaycan Prezidenti belə bir mədəniyyətin yaranıb formalaşmasında müstəsna xidmətləri olmuş şəxsiyyətlərimizə böyük dəyər verir. Bu dəyərlə də onların irsini aktuallaşdırır. Cəmiyyət üçün nümunə yaradır, diqqəti həmin şəxsiyyətlərimizin təlqin etdikləri ideyalara yönəldir.
Mədəniyyət tariximizin zirvəsində qərarlaşan İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması, həmçinin bu il Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120, İsmayıl Şıxlının 100 illik yubileylərinin keçirilməsi haqqında Prezidentin sərəncamları bunun təzahürüdür.
Dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğumuzun və həmrəyliyimizin möhkəmləndirilməsi heç zaman diqqətdən kənarda qalmır. Xalqımızın mədəni tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumibəşəri dəyərlərlə zənginləşdirilməsi, vətənpərvərlik və milli iftixar duyğularımızın, intellektual potensialımızın inkişafı, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. İnsan hüquq və azadlıqları təmin olunur. Demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması istiqamətində mühüm işlər görülür.
Ölkəmizdə bazar iqtisadiyyatının daha da inkişafı, biznes mühitinin yaxşılaşdırılması, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şərait yaradılır. Təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi yönündə tədbirlər həyata keçirilir.
Görülən bütün bu işlərin məqsədi Azərbaycan vətəndaşlarının rifahına, insana, insanlığa xidmətdir. Amalı xoş, niyyəti aydın, hədəfi işıqlı olan hər bir iş həmişə yüksək səviyyədə başa çatır. Azərbaycan Prezidenti İlham Əliyevin uğuru da elə budur!
İradə ƏLİYEVA
Azərbaycan.- 2019.-2 iyun.- S.1-2.