“Diplomatiya
könüllüləri” ictimai
hərəkatı təsis
edilib
İyunun 1-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində “Diplomatiya könüllüləri” ictimai hərəkatının təsis edilməsi ilə bağlı tədbir keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov müxtəlif yerli ali təhsil ocaqlarının tələbələrindən ibarət könüllülər qrupunun yaradılması haqqında danışaraq, ölkə rəhbərinin gənclərimizə olan diqqətini vurğulayıb və “Diplomatiya könüllüləri”nin qarşıdan gələn irimiqyaslı və dövlətimiz üçün əhəmiyyətli olan tədbirlərə cəlb ediləcəyini, gənc nəsillərə yeni təcrübə qazanmaq imkanının yaradılacağını qeyd edib. Öz şəxsi təcrübəsini gənclərlə bölüşən nazir müavini “diplomatiya könüllüsü” adını daşıyan hər bir gəncə təhsilə yüksək önəm verməyi, Azərbaycan haqqında, ölkəmizin tarixi, beynəlxalq münasibətlər sistemində rolu, apardığı xarici siyasəti və s. barədə məlumatlı olmağı tövsiyə edib. Vətənpərvər və bilikli gənclərin ölkəmizin gələcəyi olduğu vurğulanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin gənclərə diqqət və qayğı ilə yanaşdığını qeyd edib. Şöbə müdiri bildirib ki, dövlətimizin başçısının yürütdüyü gənclər siyasəti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunda öz təsdiqini tapıb.
Hikmət Hacıyev gənclərə səslənərək könüllü kimi fəaliyyət göstərən hər bir gənci, həmçinin “könüllü səfir” adlandırıb və məhz bu gənclərin üzərinə ölkəmizi layiqincə təmsil etmək məsuliyyətinin düşdüyünü bildirib. Şöbə müdiri dövlətimizin başçısının gənclərə müraciətinə istinad edərək vurğulayıb ki, vətənpərvərlik, dövlət ənənələrinə sadiqlik hər bir gəncin başlıca vəzifə borcudur. O, həmçinin gəncləri müasir dövrdə informasiya sahəsindəki yeniliklərdən xəbərdar olmağa səsləyib, müxtəlif sosial şəbəkələrdə fəal olmağa, ölkəmiz haqqında həqiqətləri yaymağa dəvət edib. Hikmət Hacıyev, eyni zamanda, dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət və əldə etdiyimiz nailiyyətlər haqqında gəncləri məlumatlandırıb.
Daha sonra
Bakı Dövlət Universiteti, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, Azərbaycan
Dillər Universiteti, ADA Universiteti
və Azərbaycan Dövlət İqtisad
Universitetinin tələbələrindən
ibarət olan “Diplomatiya
könüllüləri”ni maraqlandıran suallar
cavablandırılıb.
Azərbaycan.- 2019.- 2 iyun.- S.6.