“Doing Business” hesabatında Azərbaycanın
əhəmiyyətli dərəcədə
irəli getməsi önəmli hadisədir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru
Mersi Tembon Azərbaycanda fəaliyyət
müddətinin başa
çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə
təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata
keçirdiyini vurğuladı.
Bu müddətdə ölkəmizin Dünya Bankı ilə əlaqələrinin çox
uğurlu olduğunu deyən Mersi Tembon "Doing Business” hesabatında
Azərbaycanın əhəmiyyətli
dərəcədə irəli
getməsini önəmli
hadisə kimi dəyərləndirdi. Son illərdə Azərbaycanın
sürətlə inkişaf
etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqda
böyük uğurlara
nail olunduğunu xüsusi
vurğuladı. Ölkəmizlə
əməkdaşlığın perspektivlərinə toxunan
Mersi Tembon qarşıdakı illər
üçün növbəti
sosial-iqtisadi inkişaf
proqramının hazırlanmasında
Dünya Bankının
Azərbaycana məsləhətçi
kimi dəstək verməyə hazır olduğunu dedi. Qonaq qeyd etdi ki,
artıq Şimal-Cənub
Nəqliyyat Dəhlizinin
inkişafı, özünüməşğulluq
sahələrində Dünya
Bankı ekspertləri
ilə ölkəmizin
müvafiq strukturları
arasında layihələrin
hazırlanmasına başlanılıb.
O, icbari tibbi sığorta və ədliyyə sahələrində
də işlərin getdiyini bildirdi. Sonra Mersi Tembon Dünya
Bankının Cənubi
Qafqaz üzrə yeni regional direktoru Sebastian
Molenösü təqdim
edərək əminliyini
bildirdi ki, gələcək illərdə
də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla
davam etdiriləcək.
Xoş sözlərə görə
minnətdarlığını bildirən dövlətimizin
başçısı Azərbaycan
ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsində
Mersi Tembonun rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev
ölkəmizdə Dünya
Bankı ilə müxtəlif istiqamətlərdə,
o cümlədən özünüməşğulluq,
infrastruktur və digər sahələrdə
birgə layihələrin
həyata keçirilməsinin
önəmini qeyd etdi. Dövlətimizin
başçısı əlaqələrimizin
yeni səviyyəyə
yüksəldiyini və
qarşıdakı illərdə
institusional islahatlar, iş yerlərinin
yaradılması, biznes
mühitinin daha da yaxşılaşdırılması
kimi istiqamətlərdə
də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə
ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev islahatların nəticəsi
olaraq "Doing Business” hesabatında
ölkəmizin 25-ci yerə
yüksəlməsini və
Azərbaycanın 10 ən
islahatçı ölkələr
siyahısına daxil olmasını önəmli
hadisə kimi dəyərləndirdi və
qarşıda ölkə
iqtisadiyyatının şaxələndirilməsi
və daha da inkişaf etdirilməsi kimi mühüm vəzifələrin
dayandığını dedi.
Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösə
fəaliyyətində uğurlar
arzuladı.
Azərbaycan. - 2019.- 4 iyun.- S.1.