Heydər Əliyev Fondu Xaçmazda iftar süfrəsi
təşkil edib
Müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən növbəti iftar süfrəsi iyunun 1-də Xaçmaz şəhərində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdikləri iftar mərasimlərində "Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
Mərasimdə xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub.
Azərbaycan.- 2019.- 4 iyun.- S.9.