Birlik və həmrəylik bayramı
Bu gün mübarək orucluq ayı başa çatır. Sabah müsəlmanlar Ramazan bayramını qeyd edəcəklər. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və adətən iki gün davam edən bayram ramazan ayının qurtarması ilə əlamətdardır. Bu bayram Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.
Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir,
təzə və ya təmiz paltar
geyirlər. Hamı bir-birini
bayram münasibətilə
təbrik edir, bir-biri üçün Tanrıya dua edir.
Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz
olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki,
Allah bəndəsindən tələb
olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Müsəlman fitrə-zəkatını bəxş
etdiyi nemətlərə
görə uca Yaradana şükür etmək, bayram günü kasıbları
sevindirmək, oruc vaxtı buraxdığı
səhvlərdən təmizlənmək
üçün verir. Fitrəni yalnız
imkanlı şəxslər
çıxarmalıdırlar. Ailə sahibi ailənin hər bir üzvünün
adından fitrə verməlidir.
Vaxtilə fitrə
buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından
adambaşına təxminən
3 kiloqram həcmində
ödənilirdi. Zaman keçdikcə
kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən
bu xeyirxahlıq başqa formalar da almışdır.
İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki,
fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Özü də fitrə
yalnız halal maldan verilməlidir.
Fitrə bayram namazı başlayanadək çıxarılmalıdır. Əks təqdirdə,
bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Fitrəni bayramdan
bir-iki gün əvvəl də çıxarmaq olar.
Çıxarılan fitrə ilk növbədə
ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə
də digər insanlara verilir. Fitrə bir
kasıbın azı bir günlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də
bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının fəzilətləri
təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində
müsəlman ailələrində
şənlik əhvali-ruhiyyəsi
hökm sürür.
Uşaqlara hədiyyə verilir,
qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatı
aparırlar. Qohum-əqrəba bir yerə toplaşır,
bayramı birlikdə qeyd edir. İncikliklər aradan qalxır,
küsülülər barışırlar.
Ramazan bayramı həm də müsəlmanların
həmrəyliyini, birliyini,
onların arasında qarşılıqlı anlaşmanı
möhkəmlədən mühüm
hadisədir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini
bölüşürlər.
Bütün müsəlman dünyasında
olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə
qeyd edilir. İnsanları şənlik, fərəh
duyğuları bürüyür.
Bayram münasibətilə
iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet
dövründə xalqımız
belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din
münasibətləri nizama
salınmış, etiqad
azadlığı təmin
edilmişdir. Ateist sovet
rejiminin möminlərə
dözümsüz münasibətini,
cəmiyyətə aşıladığı
mənəviyyatsızlığı müasir tələblərə
cavab verən dövlət siyasəti əvəz etmişdir.
Bu siyasətin əsas istiqamətlərindən
biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir.
Sovet dövründə ölkədə
cəmi 17 məscid fəaliyyət göstərirdi.
Milli müstəqilliyin bərpasından
bəri isə 2 mindən çox məscid tikilmişdir.
Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət
məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri arasında layiqli yerini almışdır.
Ölkənin ən qədim
məscidi - 734-cü ildə
tikilmiş Şamaxı
Cümə məscidi
tamamilə yenidən qurulmuşdur. Eyni zamanda,
Bakıda Cənubi Qafqazın ən möhtəşəm məscidi
- Heydər məscidi inşa edilmişdir.
Bu istiqamətdə tədbirlər davam edir.
Digər tərəfdən,
islam dünyasında
birliyin və həmrəyliyin möhkəmləndirilməsi
dövlət siyasətinin
üstün istiqamətlərindəndir.
Azərbaycan Respublikası İslam
Əməkdaşlıq Təşkilatının,
ISESCO-nun, həmçinin müsəlman
ölkələrini birləşdirən
digər mötəbər
qurumların üzvü
olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı
əlaqələr yaratmış,
qlobal əhəmiyyətli
bir sıra mühüm mədəni forumların təşkilatçısı
olmuşdur. Azərbaycan
tolerantlıq mühitinin
təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqun qurulmasına, islam dəyərlərinin
dünyada təbliğinə
böyük töhfə
vermişdir. Dövlətimizin müsəlman dünyasında
qazandığı nüfuz
2009-cu ildə Bakı
və 2018-ci ildə Naxçıvan şəhərlərinin
İslam mədəniyyətinin
paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır.
İki il
əvvəl möhtəşəm
idman tədbirinin - IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi
isə ölkəmizin
islam həmrəyliyinin
möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün
əlverişli şərait
yaradır.
Prezident İlham
Əliyev hər il orucluq
ayında Qafqaz Müsəlmanları İdarəsinin
təşkil etdiyi iftar mərasiminə qatılır. Həmçinin dövlət başçısı
mübarək ayda müsəlman ölkələrinin
Bakıdakı səfirlərini
və diplomatik nümayəndəliklərinin rəhbərlərini
qəbul edir.
Ramazan bayramı qeyd olunarkən şəriət
qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə
çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız
qəbiristanlıqları ziyarət
edib dünyadan köçmüş əzizlərini
anır, torpaqlarımızın
müdafiəsinə qalxıb
şəhid olmuş vətən övladlarını
yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.
Bayramınız mübarək
olsun! Allah çıxardığınız
fitrənin əvəzini
versin!
Allahverdi MEHDİYEV
Azərbaycan.- 2019.- 4 iyun.-
S.9.