Bakıdakı uşaq evlərinin
sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə moskvaya gediblər
Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin bir qrup sakini Rusiya Uşaq Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iştirak edir.
AZƏRTAC xəbər verir ki, Rusiya Uşaq Fondu bu münasibətlə ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin sakinləri Rusiya paytaxtının qonağıdırlar. Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.
Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər. Tamaşadan əvvəl Rusiya Uşaq Fondunun rəhbəri Albert Lixanov Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Uşaq Fondunun və Uşaq Fondları Beynəlxalq Assosiasiyasının prezidenti Albert Lixanov AZƏRTAC-ın müxbirinə müsahibəsində Heydər Əliyev Fondunun uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun Azərbaycanda kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğısı barədə çox eşitdiyini vurğulayan Albert Lixanov deyib: “Bilirəm ki, Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkənizdə hər şey insanların rifahı, firavanlığı naminə edilir. Uşaqlara, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın səyləri sayəsində böyük diqqət ayrılır. Zənnimcə, bu, çox vacibdir”.
Nizami
rayonundakı 1 saylı uşaq evinin nümayəndəsi Rövşən Məmmədov
uşaqların Moskvada keçirilən
maraqlı bayram proqramında iştirak etməsi üçün
yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O qeyd edib ki, uşaq
evinin sakinləri Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə tez-tez dünyanın bir çox ölkələrinə
səfərlər edirlər. Uşaq evində
tərbiyə alan balacalar
bu günlərdə Türkiyədə keçirilmiş beynəlxalq festivalın və
Rusiyanın Volqoqrad şəhərində
təşkil edilən tədbirlərin də
iştirakçısı olublar.
Azərbaycan.-
2019.- 4 iyun.- S.9.