Taleyimdən müharibə keçdi
4 iyun Təcavüzə
Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi
Günüdür
Arıq, cılız bir
qızcığaz vardı...
Oyuncağı taxta silah...
Yuxuları qorxulu...
Nağılları almasız...
Nəsibi aclıq...
Arzuları ölməmək...
Müharibə uşağı...
* * *
İlk xatırladığı o idi ki, oynamaq, gülmək, bəzən hay-küy salmaq istəyirdi, amma qorxurdu...
Ən çox qorxduğu isə bomba ilə bağlı təsəvvür idi. Tez-tez eşidirdi ki, harasa bomba düşüb yerlə yeksan edib, yandırıb, hamını öldürüb. Bu zaman gözlərini yumub çarəsizcə dəhşətli partlayışdan qaçmağın yollarını axtarırdı... Hər dəfəsində də atılan bombaların dağıntıları altında qalırdı...
Amma o, ölmək istəmirdi, çıxış yolunu uşaq təxəyyülü və fantaziyasına sığınmaqda görür, xəyal edirdi ki, bombalar atılan zaman quşların qanadından yapışaraq göylərə qalxacaq və ona heç bir şey olmayacaq...
* * *
Evlərinin yaxınlığındakı təpənin üzərinə çıxıb rayona gedən yola baxırdı, görürdü ki, qadınlar, kişilər, qocalar, uşaqlar əllərində bayraq həyəcanlı halda harasa gedirlər...
Böyüklərin danışıqlarından anladığı qədərilə onlar mitinqlərə toplaşırdılar. Mitinqin nə olduğunu isə bilmirdi. Deyəsən, 1988-ci il idi...
Həyətdə uşaqlarla oynayırdı və ətrafında böyüklərin vaysına-vaysına danışdıqlarının istər-istəməz şahidi olurdu. Onlar deyirdi ki, erməni vertolyotunun pəri Kəlbəcərdə stadionda futbol oynayan 8 uşağı doğrayıb...
Elə ondaca ölüm xofu çökmüşdü canına...
Oynamaqdan da qorxurdu, daha bilirdi ki, uşaqlar oynayanda öldürülürlər, ölürlər...
* * *
Qaş-qabağından zəhrimar tökülən qarlı və şaxtalı bir yanvar günü idi, məktəbə getmişdi. Amma nədənsə heç kəs siniflərə girməmiş, məktəbin həyətinə toplaşmışdı, hamı ağlayırdı, hamı yasda idi... O isə təəccüblə ətrafa baxır, nə baş verdiyini anlaya bilmirdi. Birdən gözləri həyətdə qalanmış ocağa sataşdı - nə isə bişirirdilər... Və evə dönən zaman onun da əlində yuxaya bükülmüş bir büküm halva var idi...
O günlərdən yaddaşına övladının fotosunu bağrına basaraq ağı deyən bir ağsaçlı ananın təsviri həkk olunmuşdu...
Radioda isə yanğılı, ürəkparçalayan "Zəminxarə” inləyirdi...
1990-cı il idi...
* * *
Bir gün kəndlərinə iki-üç ailə gəldi, onlara qaçqın deyirdilər.
Görürdü ki, bütün kənd sakinləri onlara qayğı ilə yanaşır, kömək edir. O da kömək göstərmək istəyirdi və siniflərində oxumağa gələn qaçqın qıza hesablama çöplərindən bir dəstini hədiyyə etmişdi. Yeni gələnlərin məskunlaşdıqları evin qarşısından keçəndə maraqla onlara baxır, kədərlərinin nə olduğunu anlamağa çalışırdı və uşaq fəhmi ilə hiss edirdi ki, dərdləri böyükdür və heç bir köməkliklə bu yükü azaltmaq olmur...
Bunlar Ağdaban
soyqırımından canlarını
zor-bəla qurtaran insanlar idi...
* * *
Onun heç gəlinciyi də yox idi,
yalnız taxtadan bir silahı var idi, uşaqlarla
"dava-dava” oynayırdılar. Böyüklərsə elə hey tapşırırdı
ki, uzağa getməyin, yad adamlarla danışmayın,
kənddə şübhəli
insan görüblər.
Buna görə də
daha meşəyə,
çölə, düzə
gedib ürəklərincə
oynaya bilmirdilər...
Bir dəfə isə oynadıqları zaman kəndin içi ilə hərbi maşınlarda Milli Ordunun əsgərlərinin
keçib getdiyini görmüşdülər. Çox
sevinmişdilər, sevinclə
qışqırır, bağırır,
əsgərləri salamlayır,
qaçıb alma bağlarından alma dərib
onlara verirdilər. Daha sonra yığışıb
əsgər paltarına,
papağına, əsl
silahlara tamaşa etmiş, əllərini vurmuş, giliz hədiyyə almışdılar.
* * *
1993-cü ilin
mart ayının axırları
idi və o, Novruz tətilindən sonra məktəbə getməyə hazırlaşırdı. Atası və
bacısı rayonun mərkəzinə məktəb
bazarlığına getmişdilər,
həvəslə yeni
çantasını, ayaqqabısını
gözləyirdi. Onlar isə
bazarlıqdan çox
təşvişlə qayıtmışdılar.
Danışırdılar ki, Kəlbəcəri
raket atəşinə
tutublar.
Səhərə yaxın gözlərini güclə açaraq onu oyadan anasının
həyəcanlı üzünə
təəccüblə baxmağa
başladı. Atası təlaşla otaqda
var-gəl edərək
nə edəcəyini
bilməyən qərarsız
adamlar kimi vurnuxurdu. Bayırdan səs-küy eşidilirdi.
Xəbər gəmişdi
ki, artıq ermənilər Kəlbəcərə
yaxınlaşır, tez
yığışıb kəndi
tərk etmək lazımdır, yoxsa...
4-5 ailə kənd sakinlərindən
birinin yük maşınına yığışır
və yol alırlar Murova sarı...
* * *
Amma atası digər kişilərlə bərabər
kənddə qalmışdı. Onlar məşəqqətli
və əzablı
10-12 saatdan sonra Gəncəyə çatmışdılar.
Qadınların, uşaqların ah-naləsi yeri-göyü inlədirdi. Atasındansa xəbər yox idi. Anası, nənəsi saçlarını
yolur, dizlərinə döyürdülər, deyirdilər
ki, yəqin o, ya öldürülüb,
ya da əsir
düşüb...
Yalnız üç gündən sonra atası birtəhər gəlib onları tapmışdı. Danışırdı ki, artıq silahlı ermənilər kəndə daxil olanda məcbur olub atla oradan
çıxa bilmiş
və dağlarla keçərək Gəncəyə
gəlmişdi. Yaşlı
əmisinə isə nə qədər yalvarsalar da, o, Kəlbəcəri tərk
etməyəcəyini demiş
və orada qalmışdı...
1993-cü ilin apreli idi...
* * *
Hər gün bir ocağa
şəhid atəşi
düşürdü. Elə bir ailə yox
idi ki, yaxınını
itirməsin... Anaların
taqəti, bacıların
heyi kəsilmişdi, atalar da ağlayırdı...
Uşaqlarsa...
Çarəsizcə bir-birinə
qısılmışdılar, için-için ağlamışdılar,
bir andaca böyümüşdülər...
O uşaqları dərd böyütmüşdü...
* * *
Artıq onun və onun
kimi on minlərlə uşağın adı Arzudan, Lalədən, Sevincdən, Azərdən,
Yasəməndən çevrilib
sadəcə "qaçqın”
olmuşdu. Qəfildən düşdüyü bu dəhşətli vəziyyətə görə
isə kimi, nəyi günahlandıracağını
bilmirdi. Bilmirdi ki,
evlərində qalan çantasına, itirdiyi müəllimlərinə, dostlarına,
yoxsa amansız yoxluğa, aclığa ağlasın. Gözünü
çörək təknəsindən
ayıra bilmirdi, girəvə düşən
kimi daha bir parça çörək kəsib
yemək idi yeganə qayəsi...
Və o, tək deyildi. Xocalının,
Şuşanın, Laçının,
Ağdamın, Cəbrayılın,
Zəngilanın ağrısı
kiçik çiyinlərini
əzən uşaqlar
çox idi ətrafında...
Bir dəfə "gizlən-qaç”
oynayanda əsirlikdən
gəlmiş həmyaşıdının
uzun-uzadı öskürməsi
gizləndikləri yeri
ələ vermişdi. Bərk
hirslənmişdilər, amma
balaca qızın ağzına tutduğu dəsmalın qıpqırmızı
qanla dolmasını gördükdə nə edəcəklərini bilməmiş,
təqsirkarcasına susmuşdular...
* * *
Yağışlı bir gün idi,
məktəbdən evə
dönəndə gördü
ki, Kəlbəcərdə
əsir düşən
atasının əmisini
buraxıblar. Erməni əsirliyində 70-dən yuxarı yaşı olan qoca kişiyə
elə əzab vermişdilər ki, ağlını itirmişdi.
Körpə uşaq kimi
tək qalmaqdan qorxurdu, gözünə qarabasmalar görünürdü,
qışqırırdı. Çox qısa müddətə ağlı üstünə
gələndə isə
əsirlikdə ermənilərin
hansı vəhşiliklər
törətməsindən danışır,
insanlara necə zülm çəkdirdiklərini
anladırdı. Həm
də deyirdi ki, onu əsirlikdən
buraxmazdan az
əvvəl qanına
dizel yanacağı vurublar. Heç bir ay keçməmiş bu günahsız qoca onun gözləri
önündə əzabla
can vermişdi...
* * *
Beləcə, bir-birini
izləyən acı dolu anlar ömrünə
hopurdu...
Zaman keçirdi, amma nə onun, nə
də digər qaçqın və məcburi köçkün
uşaqların qəlbində
dərin iz salmış dəhşətli
anlar silinmək bilmirdi və onları tərk etmirdi. Birinin ana-atası,
birinin xəyalları,
birinin uşaq dünyası yox olmuşdu...
İndi istəsələr də,
fotolarda belə o dünyanı geri gətirə bilmirdilər. Sanki onların
sevincini, xoşbəxtliyini
özündə əks
etdirən anları da düşmən əsiri idi...
Özləri də
hiss etmədən müharibə
qətrə-qətrə, zərrə-zərrə
iliklərinə işləmiş,
bu qanın, qadanın bir parçasına çevrilmişdilər...
Bu uşaqların
hamısı bir-birinə
oxşayırdı - taleləri,
nisgilləri, qarşılaşdıqları
haqsızlıqlar, gözlərindəki
qəhər anı, aclıqları, əşyasız
vaqon, çadır, yataqxana evləri, geyindikləri yardım ayaqqabıları ilə...
Hər birinin gözündə bir ömrə sığmayacaq
o qədər əzab
həkk olunmuşdu ki...
Onlar müharibənin
uşaqları idi...
Və həmin
uşaqlardan biri də elə mən özüm idim...
İllər sürətlə bir-birini
əvəz edib. Amma müharibənin
uşaqları üçün
sadəcə zamanın
özü keçib.
Onların ürəyində
qövr eləyən,
baxışlarına həkk
olunan o ağrı-acını
silməyə zamanın
belə gücü yetməyib...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 4 iyun.- S.10.