Qönçə fidanlar, solğun çiçəklər
və davamlı təcavüz
Neçə-neçə nənələr, nəvələr
separatizmin, qanlı münaqişələrin, nəhayət,
erməni vandalizminin qurbanlarına çevrilib
Səadət və xoşbəxtlik rəmzi kimi gül qoxulu körpələr həm də ailənin bütövlüyü, nəslin davamı deməkdir. Məhəbbət və sevgi ilə özülü qoyulan ailə uzunömürlü olar. Belə ailələrdə dünyaya gələn körpəni də xoşbəxt sanırlar. Uşaqların aydın səmanın ağ göyərçinlərinə - sülh rəmzinə bənzədilməsi də təsadüfi deyil. Bəlkə də ona görədir ki, uşaqların qorunması, müdafiə edilməsi üçün bir sıra qanunlar qəbul olunub: 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarının təmini üçün bəyannamə qəbul edilib.
Uşaqlar heç də həmişə xoşbəxt olmayıblar. Münaqişə və müharibələrin gətirdiyi bəlalar onların işıqlı dünyasını zülmətə çevirib. Birinci Dünya müharibəsi illərində Eglantye Djebb uşaqların daha çox əzab və işgəncələrə məruz qalmasından sarsılaraq bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.
1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması təsadüfi deyildi. Daha bir beynəlxalq səviyyəli qərar da 1982-ci il 4 iyun tarixində qəbul edilib: Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü.
Qan-qada, ölüm-itim
müharibədə qaçılmazdır. Lakin onun da öz qanunları
var. Mülki əhali, dinc insanlar - qocalar, qadınlar, uşaqlar,
körpələr hədəf seçilməməli, işgəncələrə
məruz qalmamalıdırlar. Sülh isə hər
bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin
ən çox arzu etdiyi dəyərlərdəndir.
Günahsız
uşaqlar... odsaçan silahlar...
Sülhün
carçıları - gələcəyimiz olan uşaqlar daim açıq
səma altında azad, əmin-amanlıq şəraitində,
atalı-analı yaşamaq arzusunda olublar. Çox təəssüf
ki, bu gün də dünyanın bir çox yerlərində
münaqişələr davam etməkdə, torpaqlar qan
çanağında boğulmaqda, günahsız uşaqlar...
odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.
Dağlıq Qarabağ
probleminin özü ilə gətirdiyi qətliam,
soyqırımı faktlarının daha bir səhifəsi də
açıldı. Uşaq qatilləri kimi tanınan
daşnak erməni vandalları bu dəfə (4 iyul 2017-ci ildə)
Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək
orada dinc sakinləri iriçaplı pulemyotlardan atəşə
tutdular. İki nəfər qətlə
yetirildi, bir nəfər isə ağır yaralandı.
Bu acı xəbərdən sonra teleekranlardan izlənilən
bir şəkil ürək dağladı, sinə göynətdi:
iki yaşlı Zəhra bala nənəsi Sahibənin
qucağında. Bəlkə də bu şəkli
çəkdirəndə nənənin körpə nəvəsi
ilə bağlı ürəyində nə qədər
arzuları var idi. Amma vandal, insan qatili, cəllad
erməni faşistlərinin gülləsi qanı
dağılan bu həyətdə onun bütün xəyallarına
son qoydu. Zəhranın şirin olduğu qədər də
qısa ömrünün son dəqiqələrindən qalan
yadigar onun bir tay başmağıdır. Yenicə ayaq açmağa başlayan körpə
xain düşmənin gülləsinin qurbanı oldu. Nə eləmişdi ki? Erməniyə
daş da atmamışdı. Heç hələ
onların bu vəhşiliyinə nifrətini ifadə eləmək
üçün dil də açmamışdı. Amma o, nənəsi ilə birlikdə hədəf
seçilmişdi. Ona görə ki, azərbaycanlı
balası idi. Böyümək, erməni
vandallarını tanımaq imkanı olmadı Zəhra
balanın. Yoxsa nənəsi Sahibə ona
danışacaqdı ki, son 10 ildə müharibə
zonalarında 2 milyona yaxın uşaq qətlə yetirilib.
Onların arasında azərbaycanlı uşaqlar da az olmayıb. Balaca Zəhranın qətli isə
erməni silahlılarının törətdiyi ilk belə
hadisə deyil...
Fransız səyyahı
qraf De Şole daşnakları olduğu kimi ifadə edib
Erməni cəlladlarının
əməllərini qiymətləndirmək üçün
təkcə Xocalı soyqırımını xatırlamaq
kifayətdir.
1992-ci ilin fevralında Xocalıda dəhşətli
qətliam törədilərkən yüzlərlə dinc
sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar
öldürüldü, yaralandı, girov götürüldü.
Erməni
daşnaklarının faşist xislətli olmalarını
dünya xalqları da bilir. Fransız səyyahı qraf De
Şole daşnakları olduğu kimi ifadə edib: "Ermənilərin
yoxsulluğunun və əzab-əziyyət çəkməsinin
məndə onlara qarşı böyük rəhm
yaratmasına baxmayaraq, haramzadəliyi, kələkbazlığı
o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə
biabırçı, o qədər hiddətləndirici idi ki,
heç vaxt onlara bağlana bilmədim”.
Daşnakları bədəməl,
hiyləgər, kələkbaz, acgöz, tamahkar, fitnəkar,
araqarışdıran, əxlaqsız, qorxaq adlandıran
Aleksandr Sergeyeviç Puşkin də əbəs yerə deməyib:
"Sən oğru, sən kölə - sən ermənisən”.
Bu ağır ittiham ermənilər
üçün adidir. Çünki onların əlləri həmişə
günahsız körpənin, qadının, yaşlı
insanın qanına batmağa vərdişlidir. Bu qanlı tarixin vərəqlərini çevirdikcə
dəhşətli faktlar vahimə yaradır. "Ermənilərin
anası” adlandırılan Silva Kaputikyan ötən əsrin
sonlarında öz qaragüruhçu kütləsi
qarşısında çıxış edərək bir məsələni
daha çox qabardırdı: "Sən türk öldürməkdən
qürur duymalısan!” Başqa bir şovinist
Vazgen Arutunyan isə "türk öldürməyən erməni
öz əli ilə özünü öldürsün”
deyirdi. Zori Balayanın mənfur
ideologiyanın təbliği olan "Ocaq” kitabı ilə erməniləri
türklərə qarşı tükürpədici müharibəyə
çağırması danılmaz faktlardandır.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi başlayandan elə bölgə
və kəndlərimiz olmadı ki, orada ilk şəhidlərimiz
körpələr olmasın. Kəlbəcərin 8 məktəbyaşlı
oğlan uşağının da 20 iyul 1989-cu il
tarixdə qismətinə ilk şəhidlik payı
düşdü. Ermənilərin qətlə
yetirdiyi - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8
yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət
Abbasov (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov
(11 yaş) və Azər Orucov (7 yaş) kimi fidanların
günahı nə idi? Onlar ermənilərə
nə etmişdilər? Hansı kəndinə
basqın edib, kimə güllə atmışdılar?
Ermənilərin
tikə-para doğradığı türk çocuğu...
Zori Balayanın tükürpədici
məlumatları bu qətllərdən də daha dəhşətli
mənzərə yaradır. Onun "Ruhumuzun
canlanması” adlı kitabından oxuyuruq: "13
yaşındakı türk uşağının
başından, sinəsindən və qarnından dərisini
soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə sonra qan itirərək
öldü. İlk sənətim həkimlik
olduğuna görə humanist idim. Ona
görə də türk uşağına etdiyim bu əməllərə
görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə
qisasını aldığı üçün sevincdən
qürurlanırdı. Dostum Xaçatur
daha sonra ölmüş türk uşağının cəsədini
hissə-hissə doğradı və onu türklə eyni
kökdən olan itlərə atdı”.
David Xeyriyan "Xaç naminə”
kitabında yazır: "Fevralın 26-da meyitləri
daşıyıb Daşbulaq yaxınlığındakı
bataqlığa tökdülər və cəsədlərdən
keçid-körpü düzəltdilər. Mən
ölülərin üstündən keçməyə
qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik
Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı
uşağın və digər meyitlərin üstündən
bataqlığı keçdim. Çəkmələrim
və şalvarımın balağı qana
batmışdı”.
...1992-ci ilin qışı
Qarabağa, onun başıbəlalı Xocalısına
qarlı-boranlı, qanlı-qadalı gəlmişdi.
Xocalıdan gecə ikən qaçmağa
çalışanların arasında uşaqlar da az deyildi. O müdhiş gecədən
"sağ” çıxıb Respublika Təcili Yardım Xəstəxanasında
müalicə olunan Xocalı uşaqlarından beş
yaşlı Ramil Həsənov deyirdi ki, ermənilərin əlindən
qaçıb bir neçə gün meşədə ac-susuz
və yarıçılpaq qalıblar. Dörd yaşlı
Vüsalə ilə bir yaşlı Xəyalənin anası Sənəm
Abdullayevanın söylədikləri isə dəhşətli
idi: "Bir gün meşədə qaldıqdan sonra ermənilər
bizi tapıb Əsgərana gətirdilər. Anam,
atam və 16 yaşlı bacımı meşədə
güllələdilər. Mənə dəhşətli
işgəncələr verdilər. Sonra
bizi su doldurulmuş zirzəmiyə saldılar. Suda
boğulmamaları üçün uşaqları bir gün
qollarımda saxlamışdım...”
Bir sutka qarın
altında qalan nənə-bala...
On aylıq Salatın Əhmədovanın
anasının dediklərindən: "...Ermənilər atəş
aça-aça meşəyə yaxınlaşırdı. Bir gün ac qalan dördaylıq Salatınımı
sinəmə sıxdım ki, murdarların əlinə
keçməsin. Əllərimlə balamı
boğdum...”
Cəmil Cümşüd oğlu Məmmədov
o dəhşətli gecədə uşaqların çəkdiyi
min bir zülm-zillətdən söz aça bilmir,
dodaqları titrəyirdi: "Beş yaşlı nəvəmi
götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qaldıq. Körpənin donmaması üçün
paltarlarımı soyunub uşağı
bükmüşdüm. Artıq taqətim
qalmamışdı. Naxçıvanik kəndinə
gedib çıxdıq. Dedim ki, məni
öldürsünlər, amma nəvəmə rəhm etsinlər.
Məni təhqir edib komendanta təhvil verdilər.
O isə əmr verdi ki, bizi tövləyə
salsınlar. 4 gün tövlədə
qaldıq. Burada qız-gəlin, körpələr,
uşaqlar o qədər idi ki, heç birini salamat
buraxmadılar...”
Xəstəxanada hər iki
ayağı kəsilmiş Xədicənin ürək
dağlayan haraylarından məlum oldu ki, həmin gecə
doğmalarını itirmiş qızcığaz da erməni
quldurlarının əlinə keçib. Daşnak
tör-töküntüsünə dəyişdirilən,
gözlərini Bakıda, Təcili Yardım Xəstəxanasında
açıb özünü ayaqsız görən Xədicənin
də arzu və istəklərinin üstündən bax belə
qara xətt çəkib yağı düşmən...
Son illər 2 milyondan
çox uşaq döyüş bölgələrində məhv
edilib, 4 milyon isə şikəstə çevrilib. Dünyanın
70-dən çox ölkəsində aşkar edilən 60
milyondan artıq minanın da əsas qurbanları məhz
uşaq və yeniyetmələrdir. Təkcə
onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində 300 mindən çox
uşaq qaçqın və məcburi köçkün vəziyyətinə
düşərək ağır şəraitdə
yaşamağa məcbur olmuşdur. Minlərlə
uşaq isə ya ata-anasının hər ikisini, yaxud da
valideynlərindən birini itirmişdir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan. - 2019.- 4
iyun.- S.10.