Məktəblər arasında respublika
çempionatının qalibləri
mükafatlandırılıb
İyunun 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məktəblər arasında respublika çempionatı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müvafiq qurumların əməkdaşlarının, Milli Məclisin deputatlarının, tanınmış idmançıların, təhsil müəssisələri rəhbərlərinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov ölkəmizdə təhsilin və idmanın inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının əhəmiyyətini qeyd edən nazir sağlam həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini deyib.
Gənclər və idman naziri Azad Rəhimov idman sahəsində qazanılan uğurlardan danışıb, məktəblər arasında keçirilən respublika çempionatı ilə bağlı fikirlərini bildirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatının təşviq edilməsində xüsusi rol oynayacağını söyləyib.
Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) prezidenti Sevinc Hüseynova AMİF tərəfindən reallaşdırılan layihələrdən danışıb, gələcəkdə çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakına dəstək göstəriləcəyini bildirib.
Sonra qaliblər və çempionat çərçivəsində fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində I, II, III yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif olunub. Çempionatın ümumi nəticələrinə görə I yerə layiq görülən ümumi təhsil müəssisəsinə keçici kubok təqdim edilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 2018-ci il sentyabrın 26-da imzalanan Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilib. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.
Çempionatın
əsasnamə və proqramına uyğun
olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən
rayon və şəhər ümumtəhsil
müəssisələrinin şagirdləri şahmat
(II-IV siniflər), atletika (V-VII siniflər),
voleybol (qızlar, VII-IX siniflər), basketbol (oğlanlar, IX-XI
siniflər) idman növləri üzrə
iştirak ediblər.
Ümumilikdə yarışlarda iştirak
üçün 4 idman
növü üzrə 2 min
397 məktəb, 202 min 248 şagird
qeydiyyatdan keçib.
Azərbaycan.- 2019.- 5 iyun.- S.9.