Bakıdakı 23 nömrəli tam orta məktəbin 85 illik yubileyi qeyd olunub
İyunun 4-də Yaşıl Teatrda Bakının Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin 85 illik yubileyi qeyd edilib. "Məktəbin dünəni, bu günü və sabahı” mövzusuna həsr olunan tədbirdə təhsil naziri Ceyhun Bayramov, Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski, mədəniyyət və incəsənət xadimləri, təhsil işçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Yuliya Kərimova tədbiri açaraq təhsil müəssisəsinin zəngin pedaqoji ənənələrindən və uğurlarından danışıb. Bildirib ki, Bakı şəhəri 23 nömrəli tam orta məktəb, ilk növbədə, peşəsinə vurğun pedaqoji kollektivi və böyük uğurlar qazanmış məzunları ilə seçilir. Məhz bu amil məktəbin təhsil konsepsiyasında uğura nail olmasına imkan yaradıb. Təsadüfi deyil ki, bu məktəb təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olub, kreativ ideyaların və təşəbbüslərin reallaşmasında mühüm rol oynayıb. Dünya Təhsil İttifaqının Azərbaycanın Təhsil Nazirliyi ilə birgə beynəlxalq aləmdə savadsızlığın ləğvinə həsr edilmiş "Kitabların açılması qapıların açılması deməkdir” devizi altında keçirdiyi tədbir də məhz 23 nömrəli məktəbdə reallaşıb.
Yuliya Kərimova ötən 85 ildə təhsil ocağının keçdiyi şərəfli yol, onun pedaqoji kollektivi, yetirmələri haqqında da məlumat verib. Xatırladıb ki, məktəb 1995-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyır. Həmin il ümummilli lider Heydər Əliyev məktəbdə olub və qəhrəmanın barelyefi olan xatirə lövhəsini açıb. Yubilyar məktəbin məzunları arasında tanınmış adamlar - siyasətçilər, alimlər, memarlar, incəsənət xadimləri və başqaları var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1981-ci ildə bu təhsil ocağını qızıl medalla bitirib.
Tədbirdə məktəbin tarixi və uğurları haqqında film nümayiş olunub. Məktəbin məzunları və şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.
Mərasim konsert proqramı ilə davam edib.
Azərbaycan.- 2019.- 5 iyun.- S.9.