Dağlıq Qarabağın azərbaycanlı icması
ermənilərə çağırış edib
İşğal altında olan
ərazilərimizdə xalqımıza məxsus tarixi və mədəni abidələrimizi
dağıtmağa son qoyun!
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağırış edib.
Ermənistan ictimaiyyəti
üçün erməni dilində
hazırlanan videoçarxda Bakıdakı
erməni kilsəsinin vəziyyəti ilə işğal
altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrimizin vəziyyəti
arasında paralellər aparılıb. Vurğulanıb
ki, Azərbaycan Hökumətinin qərarı
ilə erməni kilsəsi "Azərbaycandakı tarixi abidələrin milli
qeydiyyatı” siyahısına daxil edildiyi halda, işğal altında olan
ərazilərdə dini abidələrimiz
məhv edilir. "Əfsuslar olsun ki, Azərbaycan
dövləti belə bir addım
atdığı halda, Ermənistan işğal etdiyi
Dağlıq Qarabağ regionunda
və ətraf rayonlarda xalqımıza məxsus
izləri silməyə, tarixi abidələrimizi,
məscidlərimizi, qəbiristanlıqlarımızı məhv
etməyə çalışır. Ermənilər hətta
XIX əsrdə Şuşada rus hərbçiləri üçün
tikilmiş pravoslav
kilsəsinin arxitekturasını dəyişərək
özününküləşdiriblər. Azərbaycanda isə
ermənilər də daxil olmaqla,
digər etnik azlıqlara məxsus maddi və mədəni irs
nümunələrinə hər zaman
hörmət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, Azərbaycanda əsrlərdən bəri mövcud olan multikulturalizm və tolerantlıq ənənələri
xalqımızın yaşam tərzinə
çevrilib. İnanırıq ki, yaxın vaxtlarda biz öz
torpaqlarımıza qayıdıb dağıdılmış tarixi, mədəni, dini
abidələrimizi bərpa edərək onlara
yenidən həyat bəxş edəcəyik” - deyə videoçarxda vurğulanır.
Azərbaycan.- 2019.- 5 iyun.- S.10.