Adı və dadı ilə tanınan Naxçıvan
göycəsi
Naxçıvan Muxtar Respublikasında aqrar sektorun dinamik inkişafı meyvəçiliyin də genişləndirilməsi ilə müşayiət olunur. Qədim Naxçıvan diyarı zəngin əkinçilik, o cümlədən meyvəçilik ənənələrinə malikdir. Bir çox meyvə sortlarının meydana gəlməsi məhz xalq seleksiyasının nümunələridir. Belə brend meyvə sortlarından biri Naxçıvan göycəsi sortudur.
Bu sort muxtar respublika ərazisində yüksək dada, keyfiyyətə və əmtəə görünüşünə malik olur. Naxçıvan Muxtar Respublikasında 2016-cı ildən başlayaraq ənənəvi olaraq göycə festivallarının keçirilməsi milli-mənəvi dəyərlərimizə, əkinçilik mədəniyyətimizə, həmçinin müasir dövrdə meyvəçilik ənənələrimizə göstərilən diqqət və qayğının parlaq nümunəsidir.
2016-cı ildə keçirilən Göycə festivalında 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi 3 tondan çox, 2017-ci ildə 11 tondan çox, 2018-ci ildə 186 fərdi təsərrüfatçı tərəfindən ümumilikdə 12 ton 700 kiloqram məhsul ucuz qiymətə satılmışdır. Builki festivala 18 tondan çox göycə meyvəsi çıxarılmışdır.
Muxtar respublikanın kənd təsərrüfatında becərilən bir neçə meyvə sortu var ki, ancaq bu regiona məxsusdur. Belə meyvələrdən biri Naxçıvan göycəsidir. Çəyirdəkli meyvələrdən regionda alça növünün ağ alça, qırmızı alça, sarı alça və başqa sortları yayılmışdır. Naxçıvan göycəsi qədim Naxçıvan torpağında xalq seleksiyası sayəsində yaradılan brend məhsuldur. Naxçıvan göycəsi sortunun meyvələrinin yeyilməyə başlanması muxtar respublika ərazisində meyvə mövsümünün başlanmasından xəbər verir. Onu da qeyd edək ki, "göycə” sözü yalnız Naxçıvan dialektinə aiddir. "Göycə” sözündəki "göy” sözü yeni, təzə mənasını ifadə edir. Hələ VII əsrdə Naxçıvan bölgəsində olan səyyahların xatirələrində bu sort haqqında məlumatlara rast gəlinir.
Maraqlıdır ki, Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrinə yayılsa da, bu regionda, xüsusilə Araz su anbarı vadisində becərilən sortun meyvəsinin biomorfoloji xüsusiyyətləri, dadı, keyfiyyəti digər rayonlarda müşahidə olunmur. Regionda torpaq-iqlim şəraiti bu sortun tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən düzən ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit mövcuddur. Muxtar respublikada meyvəçiliyin davamlı olaraq inkişaf etdirilməsi məqsədilə bioloji və fitosanitar baxımdan təmiz olan, yüksək məhsuldar, keyfiyyətli, müxtəlif vaxtlarda yetişən ayrı-ayrı çəyirdəkli, qoz və giləmeyvələrin aborigen sortları ilə yanaşı, faraş meyvə sortu olan Naxçıvan göycəsinin də iri həcmli plantasiyalarının salınması üçün meyvə-tingçilik təsərrüfatının yaradılması zərurəti ortaya çıxmışdır. Artıq bu istiqamətdə bölgədə praktiki tədbirlər həyata keçirilir. Həmçinin aqrar sektorda kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında, xarici bazarlarda rəqabətədavamlı məhsulların satılmasında mühüm işlər yerinə yetirilir. Muxtar respublikada çoxşaxəli ailə təsərrüfatları, ixtisaslaşdırılmış fermer təsərrüfatları və istehsal sahələrinin yaradılması, toplanılan məhsulun uzun müddət saxlanılması üçün müvafiq soyuducu anbarların tikilməsi, məhsulların beynəlxalq standartlara uyğun qablaşdırılması və ixracının təşkili üçün də geniş imkanlar mövcuddur.
Naxçıvan göycəsi sortu ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilir. Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuğ, Tumbul, Zeynəddin, Şıxmahmud və başqa kəndlərdə daha tez yetişir. Ağacları 2,5-3,5 metr hündürlükdə olmaqla yazda yarpaq açmamışdan əvvəl çiçəkləyir. Ağaclarda çoxlu çiçək əmələ gəlir. Ancaq bu çiçəklərin əksəriyyəti tozlanmadan sonra tökülür. Meyvələri may ayının ortalarında faraş yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyul ayının axırında və avqust ayının əvvəllərində tam fizioloji yetişkənliyə çatır. Meyvələri kürəşəkilli olmaqla üst və alt hissələrdən basıqdır. Meyvələrdə üst və alt nahiyələri bir basıq şırım birləşdirir. Meyvələrinin qabığı nazikdir, ilk vaxtlar göy rəngdə olur. Ətli hissə qalındır. Hər meyvədə bir kiçik toxum olur. Məhsulu tam yetişdikdə isə ətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Çoxillik ağaclar adətən 10-25 il normal məhsul verir. Hər ağacdan ildə orta hesabla 50-70 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar 350 C-yə qədər şaxtaya dözümlüdür.
Naxçıvan göycəsi adətən yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə ağacları uzunömürlü olur. Əsl göycə sortunu təkrar calaqetmə yolu ilə əldə etmək olar. Yəni calaq edilmiş göycə sortuna növbəti il yenidən təkrar göycə calaq edilir. Toxumla çoxaldıldıqda yeni alça formaları alınır. Çünki bu sortun toxumları tarixi inkişaf dövründə təbii hibrid genotipinə malik olmuşdur. Toxumla çoxaldıldıqda genotipdəki irsi əlamətlər genetik qanunauyğunluğa əsasən parçalama verir və nəticədə yeni alça formaları meydana çıxır. Qeyd edək ki, bu formalar içərisindən də yeni alça sortları əldə etmək olar. Fərdi təsərrüfatlarda Naxçıvan göycə sortu başqa meyvə sortları ilə birlikdə becərilir. Günsevər bitkidir. Aqrotexniki qulluğa tələbkardır. Çalaq edildikdən iki il sonra məhsul verməyə başlayır. Ağaclarda erkən yazda lazım olan qaydada quru budama aparılmalıdır. Ağacların çətirinə elə forma verilməlidir ki, şah budaq və ətraf budaqlar bir-birindən 50-60 santimetr məsafədə aralı olsun. Yarpaqlama və çiçəkləmə vaxtı çətir daxilinə günəş şüaları düşsün və normal havalanma gedə bilsin.
Naxçıvan göycəsinin meyvə plantasiyası şəklində becərilməsi daha yüksək məhsul əldə olunmasına imkan verir. Belə əkin sistemində ağacların ara məsafəsi 2,5-3 metr, cərgə aralarının 3,0-3,5 metr olması daha məqsədəuyğundur. Naxçıvan göycə sortu göbələk xəstəliklərinə dözümlüdür. Ancaq zərərvericilərə, xüsusilə mənənələrə tez yoluxur. Bu ziyanvericiyə qarşı əgər normal səviyyədə kimyəvi mübarizə aparılmasa, ağaclar hətta növbəti il quruya bilər. Naxçıvan göycəsi sortu normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Avqust ayının əvvəllərində tam fizioloji yetişmiş meyvələri adətən göycə kompotu, göycə qurusu, göycə lavaşası, göycə turşusu və başqa məhsulların alınması üçün istifadə edilir. Belə məhsulların sənaye miqyasında istehsalının təşkili iqtisadi səmərəli olar. Çünki Naxçıvan göycə sortunun iqtisadi səmərəliliyi yüksəkdir. Hər hektardan maddi gəlir 26,5-30 min manat təşkil edir.
Naxçıvan göycəsi sortu Naxçıvan diyarında tarixən qədimdən becərildiyindən çoxlu variasiyaları meydana gəlmişdir. Belə variasiyalar bir-birindən yetişmə müddətinə, meyvələrinin parametrlərinə, keyfiyyətinə, dadına, şirinliyinə və başqa genetik xüsusiyyətlərinə görə fərqlənir. Bu sort sürətlə digər bölgələrə yayılır.
Artıq Azərbaycanın Abşeron, Gəncə-Qazax, Quba, Göyçay və digər rayonlarında da Naxçıvan göycəsi sortunun meyvə plantasiyaları şəklində becərilməsi işlərinə başlanılmışdır. Dünyanın heç bir yerində yetişdirilməyən bu neməti qorumaq və tanıtmaq biz meyvəçilərin borcudur. Necə ki banan, kivi, ananas dünyada məşhur olan meyvələrdəndir, Naxçıvan göycəsi də bu sırada yer tutmağa layiqdir.
Varis QULİYEV,
aqrar elmləri doktoru
Azərbaycan.- 2019.-5 iyun.- S.10.