Sankt-Peterburqda MDB Dövlət İnformasiya
Agentlikləri Rəhbərləri Şurasının 26-cı
iclası keçirilib
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclasda
çıxış edib
Rusiyanın Sankt-Peterburq
şəhərində MDB iştirakçısı olan
ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri
Şurasının (İnformşura) XXVI iclası
keçirilib.
AZƏRTAC xəbər verir ki, İnformşuranın sədri, TASS agentliyinin baş direktoru Sergey Mixaylov iclası açıq elan edərək gündəlikdə duran məsələnin Böyük Vətən müharibəsində Qələbənin qarşıdan gələn 75-ci ildönümü ilə bağlı hazırlıq işlərinin müzakirəsi olduğunu qeyd etdi. O, TASS agentliyinin bu istiqamətdə gördüyü və görəcəyi işlərdən danışdı, Qələbənin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün birgə səy göstərməyin vacibliyini bildirdi.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda çıxış edərək gündəlikdə duran məsələnin əhəmiyyətini qeyd etdi, bu sahədə uğur qazanmaq üçün üzv agentliklərin birgə səy göstərməsinin vacibliyini vurğuladı.
“Gündəlikdə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı məsələ var. Bu tarixi hadisə bizim xalqlarımızın həyatında dərin iz buraxıb, hər birimizin ailəsinə, yaxınlarının və dostlarının ailələrinə təsir edib. Azərbaycan da bu Qələbəyə töhfə verən ölkələrdən biri kimi onu yüksək səviyyədə qeyd edir, veteranlarımıza hörmət və qayğı göstərilir. AZƏRTAC olaraq biz Şuranın bununla bağlı layihələrində yaxından iştirak edəcəyimizi və öz tərəfimizdən informasiya dəstəyini göstərməyə hazır olduğumuzu bildiririk”, - deyə A.Aslanov əlavə etdi.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, həmçinin İnformşuraya üzv agentliklər arasında yeni mübadilə üsullarından da danışaraq qeyd etdi ki, biz mətnli və foto informasiya mübadiləsini həyata keçiririk. Artıq həm də videoxəbərlərin mübadiləsinin vaxtı yetişib və bununla bağlı təşkilati işləri sürətləndirmək lazımdır. Bunun üçün hər hansı vahid platforma və ya mövcud platformanın təkmilləşdirilməsi üzərində düşünə bilərik. Artıq üzv agentliklərin əksəriyyətində videoxəbər istehsal edilir. Bu məsələni də diqqətdə saxlamağa dəyər.
Belarus Teleqraf Agentliyinin baş direktoru İrina Akuloviç də öz növbəsində Qələbənin 75 illiyinə hazırlıqla bağlı görülən işlərdən, ölkəsində müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışdı. O, həmçinin cari il iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarına da toxundu. “Bakı 2015” birinci Avropa Oyunları zamanı Azərbaycan heykəltəraşları tərəfindən müxtəlif idman növlərinə aid yaradılan heykəllərin Belarusda keçirilən “İdman - yüksək incəsənət” sərgisində nümayiş olunduğunu diqqətə çatdırdı və bununla bağlı Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.
Mövzu ətrafında digər çıxış edənlər Qələbənin 75 illiyi münasibətilə keçiriləcək tədbirlərə hazırlıq məsələlərindən danışdılar, bu istiqamətdə təkliflərini bildirdilər. Həmçinin müharibə veteranlarının hələ heç yerdə görünməmiş fotolarından ibarət sərginin yaradılması təklif olundu.
TASS agentliyinin
MDB və Baltik ölkələri sektorunun rəhbəri Boris
Qruşin İnformşuranın layihələrinin
reallaşdırılması barədə ətraflı məlumat
verdi. B.Qruşin
AZƏRTAC-ın bu işə böyük töhfə verdiyini
vurğuladı, digər agentliklərə də informasiya mübadiləsi sahəsində
yaxından iştirak etməyi tövsiyə
etdi.
***
İclasdan sonra MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin rəhbərləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak etdilər.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, XX əsrdə formalaşmış qlobal inkişaf modeli müasir iqtisadi reallıqlara uyğun gəlmir. Dünyada qeyri-sabitliyin başlıca mənbəyi yeni texnoloji dalğanın inhisarlaşdırılması cəhdləridir. Rusiya dövlətinin başçısı həyati vacib istehlak mallarını, o cümlədən dərman preparatlarının ticarət müharibələrinin təsirindən çıxarılmasını da təklif etdi.
Tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin, Bolqarıstan Prezidenti Rumen Radev, Slovakiyanın Baş Naziri Peter Pelleqrini, BMT-nin Baş katibi Antonio Quterreş çıxış edərək iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları, miqrasiya problemləri, iqlim dəyişikliklərinin törətdiyi risklər və digər mühüm məsələlərə toxundular.
Azərbaycan.- 2019.- 8 iyun.- S.3.