Sənətinin vurğunu

 

Onlar duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir

 

Hər sənətin öz gözəlliyi var. Onları təqdim etmək isə fitrətdən, istedadla zəhmətin vəhdətindən və sənətə vurğunluqdan çox asılıdır. Şairliklə həkimliyi eyniləşdirən aqillər bu sıraya rəssamlığı da əlavə edirlər. Bunların üçü də ruhən əkiz sənətlər hesab edilir. Rəssamları isə digər sənət adamlarından fərqləndirən bir çox məziyyətləridir. Ən əsası odur ki, onlar bəzən gözlə görünməyən obrazları belə cızırlar: təxəyyül, düşüncə, fikir karvanının sarvanı olan rəssamların fırçası şairlərin qələmi ilə eyni mahiyyət daşıyır. Musiqi kimi axı rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir.

Deyirlər ki, sənət yolları dolanbacdır, çoxu sona kimi gedə bilmir. Lakin sənətkar ucalığına sənətə vurğunluqla yüksəlmək mümkündür. Bədii yaradıcılıq yolu ilə irəliləyən Lalə Hüseynova da uşaqlıqdan rənglər dünyasına aludə olub. Atası əməkdar rəssam Məmmədhüseynin çəkdiyi rəsmlərdən sirli bir aləmin boylandığını görüb. Hərdən atasından gizlicə onun fırçası ilə "öz dünyası”nı yaradanda inanmayıblar ki, bu "rəsmlər” onun uşaq təxəyyülünün ifadəsidir.

O illəri arxada qoyan Lalə Məmmədhüseyn qızı Hüseynova 1995-ci il fevral ayının 28-də Neftçala şəhərində anadan olub. Bakıda, Səbail rayonundakı 236 saylı tam orta məktəbi 2012-ci ildə əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinə daxil olub və fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdən bəri Rəssamlıq Akademiyasında, Azərbaycan Rəssamlar İttifaqında, respublikanın müxtəlif bölgələrində və xarici ölkələrdə təşkil edilmiş sərgilərdə rəsmləri nümayiş edilən Lalə Hüseynova müxtəlif müsabiqələrdə də cəlbedici mövzularla iştirak edib və mükafatlandırılıb.

 

İlk uğurun sevinci

 

Lalə sevindiyi, layiqli yer tutaraq mükafat aldığı tarixi günləri unutmayıb: "2009-2010-2011-ci illərdə Gül bayramı müsabiqələrində asfalt üzərində ən yaxşı gül rəsmi nominasiyası üzrə mükafatlandırılmışam. 9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə "Mənim bayrağım” rəsm müsabiqəsində iştirak etmişəm. Bu sıraya bir çox qatıldığım sərgi və müsabiqələr də daxildir: Beynəlxaq Ana Dili Günü, Gənclər Günüs. 2013-cü ildə Berlindəki Berlin-Bakı Qalereyasında keçirilən Xocalı faciəsinə həsr olunmuş sərgiyə də qatılmışam. Mənim üçün əlamətdar olan günlər çoxdur. Bakı Limanının elan etdiyi yaradıcılıq müsabiqəsinin incəsənət kateqoriyası üzrə birinci yerə layiq görüləndə sevincimin həddi-hüdudu olmayıb...”

Rəssam Lalə Hüseynova əminliklə bildirdi ki, foto sənəti meydana gəlməmişdən rəssamlıq artıq məişətdən cəmiyyətə keçərək insanların xarakterini, təbiətin füsunkarlığını əks etdirirdi. Leonardo Da Vinçi, Mikelancelo, Botçelli, Rembrandt, Rubens... kimi klassiklərin yaratdığı sənət əsərləri yalnız təmsil etdikləri xalqın deyil, dünya mədəniyyətinin nadir inciləri hesab edilir: "Azərbaycan rəssamlıq məktəbi klassiklərinin də bu sənətin zirvəsini kəhkəşana döndərmələri barədə çoxsaylı dəyərli fikirlər var. Dünya incəsənətinə töhfələr vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Hüseyn Əliyev bu kimi klassiklərin yaratdıqları məktəb bu günlayiqli davamçılarını hazırlayır”.

 

Vizual sənətin inciləri

 

Lalə klassikləri xatırlayıb özü barədə fikirlərini bölüşərkən səmimi etirafla bildirdi ki, rəssam və bir insan kimi formalaşmasında atasının böyük rolu olub: "O mənə vizual sənətin incilərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorlarını və təhlilini aşılayıb. Uşaqlığımda dediyi sözləri daim xatırlayıram: "Sənət çox zərifdir, çalışmasan, yaratmasan, o səni bağışlamayacaq”. Mən də bunu qulaqlarımda sırğa eləmişəm. Ona görə də hər eskizin bədii sənət əsərinə çevrilməsində həmin faktordan istifadəyə böyük önəm vermişəm”.

Rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Lakin işləmə texnikası da şərt kimi qəbul edilir. Rənglərin palitrada qarışdırılması belə rəssam üçün ilham pərisinə çevrilə bilər. Bu baxır onun sənətə vurğunluq dərəcəsinə. Belə düşünən rəssamlardandır Lalə Hüseynova.

Gəncliyi öz sənət əsərləri ilə layiqincə təmsil edən Lalə xanım 2016-cı ildən Azərbaycan Rəssamlar İttifaqı Gənc Rəssamlar Birliyinin üzvüdür. Uğurlarından biri də 2017-ci ildə Gənclər və İdman Nazirliyinin Gənclər mükafatına layiq görülməsidir. Ötən il də gənc rəssam üçün yaddaqalan hadisələr az olmayıb. Məsələn, "Molla Nəsrəddin”lə bağlı keçirilən sərgi-müsabiqədə III yerə layiq görülüb.

 

"Ruhun zəfəri”nin qalibi

 

Bu il də Lalə xanım üçün uğurla başlayıb: aprel ayının 3-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi-müsabiqə keçirilib. Orada iştirak edən və mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Təsviri sənət fakültəsinin böyük laborantı Lalə Hüseynova da var idi. Həmsöhbətimiz deyir ki, həmin sərgi-müsabiqədə 130 nəfərdən çox peşəkar rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət üzrə əsərləri nümayiş olunub. 10-15 may tarixlərində isə Bakıda keçirilən Cüdo üzrə Qran-pri yarışlarından öncə Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Milli Paralimpiya Komitəsinin "Ruhun zəfəri” mövzusunda elan etdiyi respublika plakat müsabiqəsində III yerin sahibi olub.

Rəssamlıqla yanaşı, Lalə Hüseynovanın digər bir qabiliyyəti də ona karyera qurmasında mühüm vasitəyə çevrilib. Belə ki, respublika üzrə "II mükəmməl pedaqoq-şəxsi inkişaf” layihəsində, həmçinin aprel ayının 20-21-də keçirilən Azərbaycan VI Beynəlxalq Psixologiya konfransında yüksək-səviyyəli iştirakına görə sertifikatlar alıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 8 iyun.- S.5.