Böyük humanizm
nümunəsi
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır, təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir.
Gənclər ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək olurlar. Onlar Azərbaycan reallıqlarının təbliğatçısı kimi fəaliyyətlərini genişləndirir, hər sahədə qazandıqları uğurlarla ölkəmizin tanıdılmasına, üçrəngli bayrağımızın yüksəklərə qaldırılmasına öz töhfələrini verirlər.
Dövlət başçısının biz gənclərə diqqət və qayğısı ilbəil artır. Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşən 2019-cu ilin arxada qalan aylarında da ölkə rəhbəri İlham Əliyev uğurla apardığı gənclər siyasətinə yeni töhfələr verdi. Fevral ayında təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlar tələbə həyatında mühüm müsbət dəyişikliklərə səbəb oldu. Bu sərəncam 600-ə yaxın doktorantı və 110 mindən artıq tələbəni əhatə etdi, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq göstəriciləri yüksək olan bütün tələbələrə şamil olundu. Sərəncam gənclərə fəaliyyətlərində böyük stimul verdi, yüksək təqaüdü qazanmaq üçün daha çox çalışmağa, daha çox oxumağa sövq etdi, təhsilə, elmə olan marağı daha da artırdı.
Bu günlərdə isə ölkə Prezidenti I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqının ödənilməsi ilə əlaqədar sərəncam imzaladı. 2019-2020-ci tədris ilindən etibarən ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Maddi və mənəvi olaraq bu, həmin qəbildən olan insanlara böyük güzəştdir, diqqətdir, humanizm nümunəsidir. Oxumaq istəyən, lakin maddi durumu ancaq sağlamlığı ilə bağlı xərclərinə yetən, maddiyyat ucbatından ödənişli əsaslarla təhsilini davam etdirə bilməyən nə qədər gənclər var...
Bizim sıralarımızda da ödənişli əsaslarla oxuyan, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən əlil tələbə dostlarımız var. Təbii ki, onların problemini həll etməyə universitetin də bir o qədər maddi imkanı yoxdur. Lakin onlar da tay-tuşlarından, dostlarından kənarda qalmaq istəmir, oxumaq, ali təhsilli mütəxəssis kimi yetişmək istəyirlər. Yeni sərəncam bu gənclərin arzusunu gerçəkləşdirdi. Sözsüz ki, dövlət başçısının bu diqqət və qayğısı onların ürəyindən xəbər verdi, insanları nə qədər sevindirdi, ruhlandırdı. Onlar bir daha hiss etdilər ki, arxalarında güclü dövlət və humanist dövlət başçısı var.
Məhbubə NAĞIZADƏ,
Azərbaycan Memarlıq
və İnşaat Universiteti
Nəqliyyat fakültəsinin 1-ci kurs
tələbəsi
Azərbaycan.-
2019.- 8 iyun.- S.5.