Həyatına
rahatlıq gəldi
Gənc
İsmayıllı sakini işindən də razıdır,
qazancından da...
Hazırda Azərbaycanın sosial
siyasət konsepsiyasının əsas istiqamətlərindən
biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun
təmin olunması, vətəndaşların ünvanlı
sosial yardımdan asılılığının aradan
qaldırılmasıdır. Heç şübhəsiz ki,
müvafiq istiqamətdə bir çox addımlar
atılır, dövlət başçısı səviyyəsində
fərman və sərəncamlar imzalanır.
Həmin sənədlərdən
biri 7 aprel 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən
"Əhalinin özünüməşğulluğunun təmin
olunması sahəsində əlavə tədbirlər
haqqında” imzaladığı sərəncamdır.
Sözügedən sərəncam dövlət məşğulluq
siyasətində keyfiyyətcə yeni bir mərhələ
açmaqla özünüməşğulluq fəaliyyəti
ilə işsiz və işaxtaran şəxslərin ailə
bizneslərini qurmalarına, əmək potensiallarının
reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına,
həmçinin kiçik və orta sahibkarlığın
inkişafına xidmət edir.
Sərəncamın verilməsindən
ötən dövr ərzində özünüməşğulluq
proqramı xeyli genişlənib. Proqram 2016-2017-ci illərdə
təxminən 1000 nəfər ətrafında həyata
keçirilirdisə, 2018-ci ildə bu fərq kəskin dəyişməklə
7800 vətəndaşın müraciətinin qəbul
olunması ilə nəticələnib. Onlardan 7200-ü
müxtəlif kurslardan, proqramlardan və təlimlərdən
keçərək öz biznes-planlarını müdafiə
ediblər. İndiyədək 5500 nəfərdən çox
insan aktivlərini alıb.
Qeyd olunan 7200 nəfərdən
1000-i əlilliyi olan şəxslər, 1000-dən çoxu məcburi
köçkünlərdir. Proqram çərçivəsində
olan gənclər 1200-1300 nəfərdir, xanımlar isə
1000 nəfərə yaxındır. Ümumilikdə proqramdan
gözləntilər çoxdur və cari ildə
özünüməşğulluq proqramının 7-8 min ailəni
əhatə edəcəyi proqnozlaşdırılır. Bu da
6-7 min mikrotəsərrüfatın yaranması deməkdir.
Özünüməşğulluq
proqramına müraciətlərə nəzər yetirmiş
olsaq görərik ki, bunun təqribən 85 faizi
heyvandarlıqla bağlıdır. Qalanı istehsalat və
xidmət sahələridir. Aralarında şirniyyat sexi,
gözəllik salonu, internet kafe açmaq, iaşə xidmətləri
göstərmək, müxtəlif sənətkarlıq
nümunələri, xalçaçılıq dəzgahları
istəyənlər də var.
Respublikamızın hər yerində
olduğu kimi, İsmayıllı rayonunda da özünüməşğulluq
proqramından bəhrələnən insanlar var. Bunlardan biri
şəhərin Günəşli qəsəbəsinin sakini
Şəfaqət Teymurovdur. Dediyinə görə, atası fəhlə
olduğu üçün ailənin maddi vəziyyətində
çətinliklər yaşanıb. Ona görə də erkən
yaşlarından ailəsinə maddi dəstək vermək
üçün işləməyə qərar verib.
İsmayıllı şəhərinin
Ə.Ələkbərzadə küçəsində yerləşən
"Forsaj” avtoservisində yer icarəyə götürərək
təkər təmiri fəaliyyəti ilə məşğul
olmağa başlayıb. Şəfaqət Teymurov 2000-ci ildən
bu fəaliyyətlə məşğuldur. Dediyinə görə,
fəaliyyətinin ilk dövrlərində zəruri
avadanlıqlar olmadığından çox işi əllə
icra edib. Olan avadanlıqların köhnəliyi də
ortalığa sifarişçilərin istəyinə
uyğun keyfiyyətli xidmət qoymağı imkansız edib.
Qazancı da gündəlik 10 manatı keçməyib. Təbii
ki, bu da maddi təminatı çətinləşdirib.
Evlənməsi və iki
övladının olması xərcləri daha da
artırıb. 2018-ci ildə İsmayıllı Rayon Məşğulluq
Mərkəzinə müraciət edib. Sənədləri, ailə
vəziyyəti, iş yeri araşdırıldıqdan sonra o,
kurslara cəlb olunub. Bir aylıq kurslardan sonra 4000 manat dəyərində
biznes-plan hazırlayaraq təqdim edib. Nəticədə
lazımi aktivlərlə təmin olunub.
O, təkər, balans aparatları,
kompressor və ağırlıqqaldırıcı ilə təmin
olunub. Ondan sonra Şəfaqət işinə daha böyük
sevgi ilə bağlanıb. Burada müasir avadanlıqların
tətbiqinə başlanması müştərilərin də
sayını artırıb. Deyir ki, əvvəllər
müraciətlər çox olsa belə aparatların
olmaması səbəbindən müştərilər məcbur
olub başqa servislərə üz tutmalı olurdular.
İndiki halda vəziyyət xeyli dəyişib. Qazancı onu
qane edir. Bu da ailəsinin dolanışığının
xeyli yaxşılaşmasına əhəmiyyətli təsir
göstərib.
Şəfaqət dövlət
proqramının onun kimi çoxlu sayda gəncin həyatını
dəyişdiyini deyir və ölkə rəhbərliyinə
ailəsi adından minnətdarlıq edir.
Qeyd edək ki, Azərbaycanda
işsizlik və yoxsulluğa qarşı təsirli fəaliyyət
mexanizmləri, uğurlu sosial proqramlar, xüsusilə Prezident
İlham Əliyevin müvafiq sərəncamına əsasən
icra olunan özünüməşğulluq proqramı beynəlxalq
səviyyədə yüksək qiymətləndirilir.
Dünyanın mötəbər təşkilatlarından biri
olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının
özünüməşğulluq proqramını
"Yaxşı Təcrübə” xüsusi mükafatına
layiq görməsi də bunu sübut edir.
Əli
SƏLİMOV,
Azərbaycan.
- 2019.- 8 iyun.- S.5.