Ölkəmiz
dünya turizm həvəskarlarının xidmətindədir
Yəqin ki, çoxlarınız
müşahidə etmisiniz. Digər fəsillərə nisbətən
yay aylarında ölkəmizə gələn turistlərin say
artımında ciddi fərq olur. Bu da təbiidir. Axı
hansı peşənin sahibi olmasından asılı olmayaraq
ilin on bir ayını istehsalatda və ya hər hansı
işdə çalışan insanlar dincəlmək, səyahət
etmək, səhhəti ilə bağlı az-çox
müalicə almaq, habelə digər işlər
üçün yay aylarına üstünlük verirlər.
Bunun digər səbəbi də
ölkəmizdəki sabitlik, əmin-amanlıq, mötəbər
tədbirlərə evsahibliyi etməsi, habelə turizm həvəskarları
üçün yerlərdə dünya standartlarına
uyğun şəraitin yaradılmasıdır. Bunların
sırasına ölkəmizin qədim şəhərlərindən
tutmuş bölgələrdəki ucqar kəndlərədək
uzanan rahat yolları, səliqəli hotellərı,
çeşidli təamları, milli adət-ənənələrin
gözoxşarlığını, yerli əhalinin
tolerantlığı və mehribanlığını, gəzməli
və görməli yerlərin unudulmazlığını əlavə
edəndə, əlbəttə ki, Azərbaycana bir gələn
bir də gəlmək istəyər. Adi bir misal. Ölkəmizin
şimal qapısı olan Qusarın dəniz səviyyəsindən
1300 metr yüksəklikdə yerləşən Ləzə kəndinə
son illər 70 mindən çox turist səfər edib. Ekspertlərin
söyləmələrinə görə, bu kənd ən
çox xarici qonağın gəldiyi turizm məkanıdır.
Turistləri bu kəndə cəlb
edən həm də həmin kəndin qeyri-adi gözəlliyindən
olan 10-dan çox dağ şəlaləsinin
axar-baxarlığıdır. Qafqaz sıra
dağlarının şimal-şərqində, dəniz səviyyəsindən
4.242 metr hündürlükdə, Şahdağ yüksəkliyinin
ətəyində yerləşən kənddə cəmi 170
nəfərə yaxın əhali yaşayır. Burada nə
az, nə çox - cəmi 28 ev var. Sakinlər əkinçilik
və maldarlıqla yanaşı, ev turizmi ilə də məşğuldur.
Yerli və xarici qonaqlar müəyyən məbləğ
ödəyərək kənddə gecələyir, milli mətbəx
təamlarından dadırlar. Ləzəyə gəlmək
istəyən turistlər üçün kənd sakinləri
bələdçilər təklif edir. Dağlıq ərazilərdə
çadır quraraq istirahət etmək istəyənlər Ləzədə
bu arzularını reallaşdıra bilirlər.
Ölkəmizin tamamilə başqa
bir səmtinə, Naxçıvan Muxtar Respublikasına cari
ilin birinci rübündə 100 minə yaxın turist gəlib.
Bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən
çoxdur.
Əgər bura Şəki-Qax-Zaqatala,
Lənkəran-Astara-Lerik, Gəncə-Hacıkənd-Gədəbəy
və digər turizm yerlərinə gedənlərin, habelə
Xəzər dənizinin Şıxov çimərliyindən
tutmuş Yalama-Nabran ərazilərinədək olan yerlərdə
istirahətdə və müalicədə olanları da əlavə
etsək, nə qədər artım olduğunu görərik.
Turistlərin təhlükəsizliyinin yüksək səviyyədə
təmin olunması, istirahətinin və səyahətinin səmərəli
keçməsi üçün Azərbaycan dövləti,
habelə yerli icra orqanları səmərəli tədbirlər
görürlər. Belə ki, cari ildən ölkəmizə
gələn turistlərin və yerli vətəndaşların
məlumatlandırılması məqsədilə ölkənin
9 məntəqəsində - Naxçıvan Muxtar
Respublikası və paytaxt Bakı ilə yanaşı,
Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə,
Şəki və Lənkəran şəhərlərində
Turizm İnformasiya Mərkəzi (TİM) fəaliyyətə
başlayıb.
Xüsusi saytlar vasitəsilə
dünyanın ucqar guşəsindən insanlar bölgənin
istənilən yerində özlərinə əvvəlcədən
yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Bu məqsədlə Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə turizm informasiya mərkəzlərinin
saytları yenidən hazırlanmış və müxtəlif
dillərdə turistlərin xidmətinə verilmişdir. Bir
ay bundan öncə daha dörd mərkəzin saytı
www.baku.azerbaijan.travel, www.ganja.travel, www.lankaran.travel və
www.shamakhi.travel istifadəyə verilib. Portallarda yerli turistlərin
məlumatlandırılmaları üçün hər
cür informasiya yer alıb. Yaxın vaxtlarda portalların
ingilis və rus dili versiyası da tam istifadədə olacaq.
Bundan başqa, Bakıya səyahət edənlər
üçün rəsmi şəhər kartı olan
"Bakı Kart” ("BakuCard”) hazırlanıb.
"BakuCard” yeni və innovativ məhsul
olaraq kart sahiblərinə Bakı şəhərində
ictimai nəqliyyatdan və hava limanından şəhərə
və ya əksinə transfer xidmətini həyata keçirən
"Baku City Aero Express” avtobuslarından ödənişsiz
istifadə imkanı verir. Turistlər kartı əldə etməklə
Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər
həyata keçirən "Baku City Tour” avtobuslarına biletləri
50 faiz endirimlə əldə edə biləcəklər.
Kart vasitəsilə 20-dən
çox muzey və istirahət mərkəzlərinə pulsuz
və ya endirimli giriş, 200-dən çox pərakəndə
satış mağazasında və ticarət mərkəzində,
müxtəlif restoran və kafelərdə endirimlər və
ödənişsiz məhsullardan faydalanmaq
mümkündür. Etibarlılıq müddətinə
görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik
olmaqla 3 növü olan kartların qiymətləri müvafiq
olaraq 24, 45 və 70 manat təşkil edir. Kartların
satışı Heydər Əliyev adına Beynəlxalq Hava
Limanı, turizm informasiya mərkəzləri, müxtəlif
hotellər, turizm agentlikləri və köşklərlə
yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə
həyata keçirilir.
Bütün bunlar turizmin Azərbaycanda
sürətli inkişafına təkan verməklə
yanaşı ölkənin iqtisadi inkişafında
böyük perspektivlər açmasına da real zəmin
yaradır. Bu məsələyə kompleks şəkildə
yanaşan Prezident İlham Əliyevin fərman və sərəncamlarına
əsasən, ölkəmizdə turizm sənayesi həm
daxili, həm də xarici qonaqları qəbul etmək
üçün ildən-ilə inkişaf edir. Azərbaycanın
gözəl iqlimi, yay aylarında Xəzərsahili istirahət
və müalicə ocaqları, sanatoriya və kurortları,
bir-birindən maraqlı yerli tarixi abidələri nəinki
Bakıda, bütün bölgələrdə dünya turizm həvəskarlarının
xidmətindədir.
Rəhman
SALMANLI,
Azərbaycan.- 2019.- 8 iyun.- S.6.