Duzdağ ideal müalicə məkanıdır

 

Təbii  sərvətlərimiz

 

İnsan sağlamlığının qorunması mühüm bəşəri vəzifələrdəndir. Bu baxımdan hələ qədim dövrlərdən təbii ehtiyatlardan istifadə etməklə sanatoriyakurort müalicəsi ən yaxşı səmərə verən üsullardan biri olub. Müasir dövrdə isə geniş yayılmış turizm növlərindən olan müalicə-sağlamlıq turizminin sürətlə inkişaf edərək dünya üzrə təqribən 14 faizlik bir həcmə malik olması onun mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Dünyada çox sayda insanın əziyyət çəkdiyi astma xəstəliyinin speleoterapiya, yəni duz mağarasında təbii üsullarla müalicəsi müasir tibbin mühüm nailiyyətlərindəndir. Planetdə insan sayının artması və bir çox yerlərdə hava-iqlim şəraitinin ağırlaşması ilə astma xəstəliyinin də yayılması bu müalicə növünə olan marağı artırır. Belə ki, baş ofisi Yeni Zelandiyada yerləşən və dünyanın 135 ölkəsində təmsilçiliyi olan Qlobal Astma Şəbəkəsinin 2018-ci il üçün hazırdadığı illik hesabatda ümumilikdə dünya üzrə təqribən 339 milyon insanın astmadan əziyyət çəkdiyi və hər gün 1000-ə yaxın insanın isə bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Ona görə də ölkəmizin təbii sərvətləri arasında mühüm yer tutan Naxçıvandakı daşduz mağaraları əsasında astma xəstəliyinin müalicəsi həm tibbi-bioloji, həm də humanitar əhəmiyyətinə görə olduqca diqqətçəkəndir.

Təbii üsullarla müalicə baxımından Naxçıvan çox zəngin sərvətlərə malikdir. Muxtar respublikanın yerləşdiyi ərazinin quru və təmiz havası, Darıdağ, Sirab, Vayxır kimi müalicəvi mineral suları, Batabat, Qanlıgöl, Gəmiqaya kimi dağlıq ərazilərdəki saf ekoloji şəraiti təkcə Cənubi Qafqazda deyil, bütün Avropa üzrə seçilən çox geniş çeşiddə dərman bitkiləri arealı və şübhəsiz, Duzdağın möcüzəvi duz müalicəsi Naxçıvana şəfa məqsədilə gələn insanların əsas niyyətlərindəndir. Buna görə də hər il 4 minə yaxın pasiyentin müalicə olunduğu Duzdağ Fizioterapiya Mərkəzi son illər dünya miqyasında tanınmağa başlayıb.

Duzdağ - əhalisi təqribən 100 min nəfər olan Naxçıvan şəhərindən 11 kilometr şimal-qərbdə yerləşir. Burada milyon illər əvvəl təbii şəraitdə formalaşmış nəhəng xörək duzu yataqları mövcuddur. Ehtiyatları 90 milyon tona yaxın hesablanan bu duzun iki minillik çıxarılma tarixi var.

Naxçıvan Şərqlə Qərb arasında qədim İpək yolu üzərində yerləşdiyindən daş duzun buradan dəvə karvanları ilə min kilometrlərlə uzaqlara daşındığı söylənilir. Yerli əhali arasında duzla, onun müalicəvi möcüzələri ilə bağlı çoxlu maraqlı hekayə söylənilir. Duzun Naxçıvanın 5 minillik şəhər mədəniyyətinin formalaşmasında mühüm rolu olduğu faktı aşkardır. Bunu ərazidə aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuşduz çıxarılmasında istifadə edilən maddi-mədəniyyət nümunələri təsdiqləyir. 1950-ci illərdən başlayaraq Duzdağda duzun sənaye üsulu ilə geniş həcmdə çıxarılmasına başlanmış, beləliklə, Yer səthindən təxminən 100 metr aşağıda çoxlu sayda insanın sığışa biləcəyi nəhəng duz mağaraları yaranmışdır. Dünyada duz mağaralarında bronxial-astma və ağciyər xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üsulu - speleoterapiya kəşf olunandan sonra Duzdağ həm də müalicə məkanı kimi tanınmışdır.

Duzdağda 1979-cu ildə 50 çarpayısı olan xəstəxana fəaliyyətə başlayıb. 1980-ci ildə çarpayıların sayı 100-dək artırılıb. 1980-ci illərin axırlarında SSRİ-nin süqut etməsi və Naxçıvanın blokadaya alınması ilə yaranan ağır sosial-iqtisadi vəziyyət Duzdağ xəstəxanasının işinə də mənfi təsir göstərib. Lakin tikintisi 2008-ci ildə başa çatdırılan Duzdağ Fizioterapiya Mərkəzi hazırda 450-yə yaxın yataq sayı, pasiyentləri və burada çalışan tibbi personalı ilə diqqəti cəlb edir, eləcə də Duzdağa tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl şəraitə malikdir.

Qeyd edək ki, hazırda speleoterapiya üsulu ilə dünyanın bir çox yerlərində müalicə tətbiq olunur. Lakin Naxçıvan Duzdağının coğrafi yerləşmə mövqeyi, buradakı duz ehtiyatlarının həcmi və tətbiq olunan müalicənin keyfiyyəti fərqlidir. Ümumiyyətlə, Duzdağın dəniz səviyyəsindən yüksəkliyi, şaxtalardakı mövcud hava şəraiti, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı, bakterioloji tərkibi burada astmaallergiyadan əziyyət çəkən xəstələrin müalicəsinin ideal nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa 300 metrədək uzanan duz şaxtasına heç bir fobiya olmadan daxil olması, il ərzində buradakı havanın 18-20 dərəcədə sabit temperaturu, zəhərli qazların son dərəcə minimum səviyyəsi duz müalicəsinin effektini artıran əsas amillərdəndir. Şübhəsiz, son dövrlər yaradılan müasir infrastruktur, yaxınlıqdakı beşulduzlu Duzdağ hoteli, Naxçıvan şəhərindən müntəzəm olaraq işləyən sərinişin avtobus xidmətləri, şaxtanın girəcəyində təklif olunan iaşə və hədiyyəlik əşya satışı və ən əsası, tibbi personalın pasiyentlərə qayğısı istər müalicəyə gələnlər, istərsə də onları müşaiyət edənlər üçün hər cür imkanlar yaradır. Mərkəzin xidmətlərindən istifadə edən Bakı və Sumqayıt şəhərləri, habelə Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və Masallı vətəndaşları ilə yanaşı Türkiyə, Ukrayna, İran, Rusiya, Tacikistan, Gürcüstan, Qazaxıstan, Almaniya, Britaniya, Hollandiya, avstriyalı turistlər də Duzdağın möcüzəvi müalicə potensialından razılıq edirlər. Uşaqlar üçün 12, böyüklər üçün isə 18 günədək davam edən müalicə kursları pasiyentlərin dərman istifadə etmədən sağalmasına səbəb olur ki, bu da onların ən şirin nemətə - cansağlığına qovuşması deməkdir.

Qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzinin yerləşdiyi duz şaxtaları eyni zamanda görməli yer kimi də həvəskar turistlərin və ekskursiyaçı tələbələrin ən çox gəzdikləri yerlərdəndir. Hər il tanışlıq və ekskursiya məqsədilə Naxçıvana gələn çox sayda turist Duzdağa da baş çəkərək bu nadir təbiət və insan əli möcüzəsinə tamaşa edib dərin təəssüratlarla geri qayıdır.

Bu il Duzdağda mağara müalicəsinə başlanılmasının 40 ili tamam olur. Bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 may 2019-cu il tarixli sərəncamı dünya əhəmiyyətli bu uinkal müalicə mərkəzinə verilən yüksək qiymətdir. Mərkəz gələcəkdə də insanların sağlamlığının bərpasında rolunu artıracaq.

 

Əli CABBAROV,

"NaxçıvanUniversitetinin dosenti,

Beynəlxalq Turizm Akademiyasının üzvü

 

Azərbaycan.- 2019.- 8 iyun.- S.6.