Gədəbəy milli yaylaq festivalına hazırlaşır

 

Tariximiz, dəyərlərimiz

 

Füsunkar gözəlliyi, əsrarəngiz təbiəti ilə yerli və xarici turistləri heyran edən Gədəbəydə respublikamızda ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və çoxsaylı ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək. İyul-avqust aylarında baş tutacaq festivalla əlaqədar rayonun Miskinli yaylağının ərazisində orijinal üslubda "Yaylaq Yurdu” adlı etnoqəsəbənin yaradılması üçün geniş hazırlıq işlərinə başlanılmışdır.

Qeyd edək ki, etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı, yaylaq yatağı (kənd təsərrüfatı heyvanları üçün yerlər), pəhləvan meydanı, "Aşıq Ələsgər ocağı”, yaylaq süfrəsi və digər sahələr yaradılacaq.

Milli Yaylaq Festivalı turistlərin ən çox gəldikləri iyul-avqust aylarında fəaliyyətə başlayacaq. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbirləri) təşkil ediləcək. Milli Yaylaq Festivalı şərti 3 hissədən ibarət olacaq. Bunlar mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları və ekoetnoturizmdir. Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, mollamindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, müalicəvi dağ bitkilərinin satış-yarmarkası da təşkil ediləcək.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarların, malakanların, talışların, yəhudilərin, ləzgilərin və b.) nümayəndələrinin mədəni proqramlarına və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə yaylaq oyunları adı altında qədim tarixə malik yorğa at yarışları ilə yanaşı milli güləş, çoban güləşi keçiriləcək, atlar üzərində çıxışlar, atüstü milli oyunlar təqdim olunacaq.

Festivalda qonaqlar və turistlər arasında masa (ağac və kəndirçəkmə), nərd yarışı, "çuvalqaçdı” kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək. Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş dəyələrdə qalmaq imkanı yaradılacaqdır. Bununla da turistlər "Yaylaqda bir gün” adlı hissədə şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər. Etnoqrafik ekoqəsəbədə bir gün yaşamaq, inək və ya qoyun (keçi) otarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və s. şəraitin yaradılması insanlara zövq verəcək.

Bununla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara atla gəzintilər, eləcə də "Alman izləri” adlı ekskursiyalar təşkil ediləcəkdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 8 iyun.- S.6.