“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin rəsmi açılışı olub
İyunun 8-də "Fairmont Baku” otelində Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub. Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 15 ölkəsindən 400-dək kardioloq və kardiocərrah iştirak edib. Tədbirin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konqresin rəsmi media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş beynəlxalq tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də islahatlar aparıldığını, təbabətin gündən-günə inkişaf etdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin uğurlu səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyini diqqətə çatdırıb.
Komitə sədri deyib: "Ölkəmizdə belə konqresin keçirilməsi onu göstərir ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində peşəkar mütəxəssislər hazırlanıb. Ulu Öndərin apardığı məqsədyönlü siyasət təbabətin digər sahələri kimi kardiologiya və kardiocərrahiyyənin də inkişafına təkan verib. Hazırda Azərbaycanda ən ağır, mürəkkəb əməliyyatlar həyata keçirilir. Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb. Bu gün hətta Azərbaycanın regionlarında da ürək əməliyyatları uğurla həyata keçirilir”.
Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hələ 1979-cu ildə keçmiş SSRİ ölkələri arasında ilk açıq ürək əməliyyatı Azərbaycanda professor Fikrət Zərgərli tərəfindən aparılıb. Azərbaycan səhiyyəsinin tarixinə nəzər salan E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə bu sahədə vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin bütün sahələri ilə yanaşı, kardiologiya sahəsində də mühüm nailiyyətlərin əldə olunmasının əsası qoyulub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova səhiyyənin inkişafının Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosialyönümlü siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. N.Bayramova xatırladıb ki, hazırda Mingəçevir şəhərində, Ağdaş və Yevlax rayonlarında pilot layihə kimi tətbiq olunan icbari tibbi sığorta gələn ildən bütün ölkə ərazisini əhatə edəcək. İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanlar baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. 2017-2018-ci illərdə pilot ərazilərdə 756 nəfər üzərində kardiocərrahi əməliyyat həyata keçirilib. Əhalinin yararlana biləcəyi icbari tibbi sığortanın xidmətlər zərfinin hazırlanması üzərində iş gedir. Ürək-damar əməliyyatları da xidmətlər zərfinə daxil ediləcək.
AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz Ümummilli Liderimizin diqqət və qayğısı sayəsində sürətli inkişaf yoluna qədəm qoyub. Dahi liderin bu sahədəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professor Kamran Musayev bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və konqresə 24 kredit balı verilib: "Bu o deməkdir ki, konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 kredit balının 24-nü toplamaq olar. Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri "Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın qabaqcıl mütəxəssisləri ilə kardiologiya sahəsində ən son nailiyyətləri müzakirə etmək imkanı yaradacaq. "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə paralel olaraq paytaxtımızda Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı da keçirilir”, - deyən K.Musayev bildirib ki, konqresin ilk günündə təşkil edilən kurslar xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub.
Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin sədri, professor Belhan Akpınar, Türk Dünyası Kardiologiya Birliyinin sədri Firdovsi İbrahimov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov çıxışlarında tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq, bu sahənin inkişafına töhfə verəcəyini deyiblər.
Konqres öz işini plenar sessiyalarla davam etdirib.
Qeyd edək ki, konqresin mütəxəssislər
İbrahim İsayev, Rufulla Abdullayev, Elşən Rzayev və Kamran Əhmədovun sədrliyi
ilə keçirilən
səhər sessiyasında
"Anadangəlmə ürək
qüsurları” mövzusunda
müzakirələr aparılıb.
Bildirilib
ki, bu problem əsasən bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozulmaları nəticəsində əmələ
gəlir. Ürək bir
orqan kimi bətndaxili həyatın
3-8 həftələrində formalaşır. Anadangəlmə
qüsurun səbəbi
ana tərəfindən
hamiləliyin ilk üç
ayı ərzində keçirilmiş kəskin
respirator virus infeksiyaları, qrip, məxmərək,
herpes və s. xəstəliklər,
siqaretçəkmə, hamiləlik
zamanı qadağa qoyulmuş dərmanların
qəbulu, eləcə
də irsi amillər ola
bilər. Qeyd edilib ki, anadangəlmə ürək
qüsurları müxtəlifdir,
lakin bunların arasında daha geniş yayılmış
formalarından qulaqcıqlar
və ya mədəciklər arasındakı
çəpərdə dəliklərdir.
Ağır anadangəlmə ürək qüsuru olan uşaqlar inkişafda yaşıdlarından
geri qalır, çox pis çəki artırır,
tez-tez xəstələnir,
tez yorulurlar. Onlarda təngnəfəslik, sianoz
əmələ gəlir,
dəri örtükləri
avazımış olur.
Anadangəlmə ürək qüsurunun
müalicəsi əsasən
cərrahi yolla həyata keçirilir, bəzi hallarda ağırlaşmamış qüsurlar
medikamentoz yolla da müalicə edilir.
Sonra sessiyada "Mitral annular kalsifikasiya. Bu günün problemi”, "Degenerativ mitral qapaq prolapsusunun bərpası.
Necə etməli?” və "Mitral qapaq təmiri: xüsusilə infektiv endokarditə yönəlmiş” mövzularında
məruzələr dinlənilib
və müzakirələr
aparılıb.
Konqres işini iyunun 9-da başa çatdıracaq.
Azərbaycan.- 2019.-9 iyun.- S.2.