Bakı şəhərində və onun
qəsəbələrində təhsil müəssisələrinin
tikintisi və təmiri ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Son illərdə təhsil müəssisələrinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün mühüm işlər görülmüşdür.
Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40.0 (qırx) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 iyun 2019-cu il
Azərbaycan.- 2019.-11 iyun.-
S.2.