Su ilə təminat həm iqtisadi, həm də sosial cəhətdən strateji məsələdir

 

İlham Əliyev: "Son illər meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət almışdır. Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni sahəyə su xətti çəkmişik”

 

Hər bir ölkə üçün su təminatı strateji məsələdir. Xüsusilə Azərbaycan kimi təbii su ehtiyatları az olan ölkələr üçün bu, ikiqat əhəmiyyətə malikdir. Bu üzdən Azərbaycanda əlavə su ehtiyatlarının yaradılması üçün mühüm işlər görülür.

Tovuzçay və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi böyük bir ərazidə su probleminin həllində mühüm rol oynayır. Bunun sayəsində Qərb bölgəsində vaxtilə sudan korluq çəkən torpaq sahələri indi bol məhsul verir. Şimal bölgəsinin və Abşeron yarımadasının su təminatında önəmli rol oynayan Taxtakörpü Su Anbarının istifadəyə verilməsi də bu regionda su probleminin həllini təmin etmişdir.

Görülən tədbirlər sayəsində bitkiçilik və heyvandarlıq sahələri inkişaf etmiş, ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi daha da yaxşılaşmışdır. Tədbirlər az olmamışdır: iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar yaradılmış, onların su təminatının maddi-texniki bazası möhkəmləndirilmişdir. Bütün maliyyə mənbələri hesabına regionlarda 2004-2018-ci illərdə ümumi uzunluğu 4,2 min kilometr olan suvarma kanallarının, 2,8 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.

Son dövrlər, həmçinin mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Bununla yanaşı, əhalinin içməli suya olan tələbatının təmin edilməsi üçün 2273 subartezian quyusu istifadəyə verilmiş, ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi su tutumu 15,5 milyon kubmetr olan 3 su anbarında (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa işləri aparılmışdır.

Təkcə keçən il həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (onun 40108 hektarı yeni suvarılandır) sahədə torpaqlara suvarma suyu çatdırılmış və 8860 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 1392,8 min hektar sahədə isə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9000 milyon kubmetr su götürülmüş, sahələrə suayrıcılarından 6300 milyon kubmetr su verilmişdir. Bu işləri icra etmək üçün suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, eləcə də 5900 hidrotexniki qurğu, 156 subartezan quyusu, 270 nasos və mühərrik təmir edilmişdir.

Cari ildə də meliorasiya sahəsində az işlər görülmür. Yeri gəlmişkən qeyd edək ki, bu il 1393 min hektarda kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. May ayına olan məlumata görə, taxıl bitkiləri 535 min hektar sahədə 1,9 dəfə suvarılmış, 73 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir.

Cari il, həmçinin 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması, yeni torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezan quyusunun layihə-smeta sənədləri hazırlanmışdır.

Su ilə təminat təkcə iqtisadi inkişafla bağlı deyil, həm də böyük sosial məsələnin həll edilməsi deməkdir. Sonuncu regional inkişaf proqramında da əhalinin içməli suya olan təminatının ödənilməsinə xüsusi diqqət ayrılıb. Həmin istiqamətdə görülən işlər məhz bu çərçivədədir. Regionlarda tikilən ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təminatına hesablanıb. Bu məqsədlə məhsuldarlığı sutkada 140 min kubmetr olan qurğudan Gəncə şəhərinə 27, Şəmkir şəhərinə 16,5 kilometr magistral su kəməri çəkilib.

Ümumiyyətlə, indiyədək 50 şəhər və rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşmışdır. Eyni zamanda, şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin ümumi sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülmüşdür. Dövlət başçısı tərəfindən 2017-2018-ci illərdə imzalanmış sərəncamlar sayəsində 46 rayonun 211 kəndində içməli su layihələri icra olunmuşbununla 330 min sakinin keyfiyyətli içməli suya olan tələbatı ödənilmişdir.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi həm də onun sağlamlığının yaxşılaşdırılması deməkdir. Bu üzdən vətəndaşlara verilən içməli suyun keyfiyyətinin dünya standartları çərçivəsində saxlanmasına nəzarət etmək üçün müasir tələblərə cavab verən laboratoriya inşa edilmişdir. 2013-cü ildən fəaliyyətə başlayan bu laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin yüksək texnologiyalarından istifadə olunur. Burada quraşdırılan cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəriciləri dəqiq və etibarlı analiz olunur.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 11 iyun.- S.1;3.