İsveçrədə Azərbaycan iqtisadiyyatına maraq artıb
78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan "Erfolg” ("Müvəffəqiyyət”) qəzeti son buraxılışında Azərbaycan iqtisadiyyatına geniş yer ayırıb.
Cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı, İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin "Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır.
AZƏRTAC xəbər verir ki, qəzetin tarixində nadir hallardan biri kimi, "Müsahibə” bölməsinin budəfəki qonağı ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova olub. Səfir Azərbaycan-İsveçrə münasibətlərindən danışaraq son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib.
İyunda Berndə ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini qeyd edən səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Ötən ilin oktyabrından etibarən Bakı-Cenevrə-Bakı birbaşa aviareysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd olunub.
Son illərdə iki ölkənin iqtisadiyönümlü təşkilatları arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Bu ilin iyununda Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumların imzalanması nəzərdə tutulur. Bu barədə razılıq səfirliyin İsveçrə kantonlarına həyata keçirdiyi işgüzar səfərlər zamanı əldə edilib.
Cari ilin iyununda Sürixdə
İsveçrə-MDB Birgə Ticarət Palatası ilə
birgə biznes forumun təşkili
də nəzərdə tutulan tədbirlər
arasındadır. Oktyabrda isə Qərbi
İsveçrənin işgüzar dairələrindən
ibarət nümayəndə heyətinin Azərbaycana səfəri
gözlənilir.
Azərbaycan.- 2019.- 11 iyun.- S.3.