Mütəxəssislərimiz Almaniyada
keçirilmiş təlimlərə
qatılıblar
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqaz Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində "Azərsu” ASC-nin mərkəzi laboratoriyasının və Hövsan Aerasiya Stansiyasının mütəxəssisləri Ludviqşafen şəhərində keçirilmiş təlimlərdə iştirak ediblər.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, "Tullantı sularının analizi” mövzusunda keçirilən təlimlərdə mütəxəssislər Almaniyanın bu sahədəki təcrübəsi ilə yaxından tanış olub, nəzəri və praktiki biliklər əldə edib, eləcə də tullantı su laboratoriyalarında birgə analizlər aparıblar.
Təlimlərdə tullantı sutəmizləyici qurğuların istismarı, laboratoriyalarda aparılan analizlər, ekologi təhlükəsizlik və sair məsələlərlə bağlı bilgilər verilərək müasir texnologiyaların tətbiqi ilə əlaqədar müzakirələr aparılıb. Səfər müddətində təlim iştirakçıları bu sahə üçün kadrlar hazırlayan təhsil müəssisəsində də olublar.
Təlim dövründə Almaniyanın "BASF” korporasiyasının tullantı sutəmizləyici qurğularına səfər təşkil edilib. Burada məişət və sənaye tullantı sularının təmizlənmə texnologiyaları, tullantı sularının tərkibinə nəzarət edən laboratoriyanın fəaliyyəti ilə bağlı geniş bilgi verilib, laboratoriyada quraşdırılmış avadanlıqlar, onların iş prinsipi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
"Azərsu” ASC-nin mütəxəssislərinin Bad-Dürkhaym və Şpayer şəhərlərinin tullantı sutəmizləyici qurğularına da səfərləri təşkil edilib. Mütəxəssislər bu qurğularda tullantı sularının təmizləmədən əvvəlki və sonrakı tərkibinə nəzarət sistemilə tanış olublar. "Azərsu” ASC-nin əməkdaşları ilə Lüdviqşafen şəhərinin tullantıların idarə edilməsi və kanalizasiya müəssisəsinin rəhbəri Peter Nebel ilə də görüş keçirilib.
Qeyd olunub ki, Lüdviqşafen 1977-ci ildən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərdir. Artıq bir neçə ildir ki, "Azərsu” ASC Lüdviqşafen şəhərinin su təchizatı və kanalizasiya müəssisələri ilə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil olunur, təlim proqramları həyata keçirilir.
Ötən müddətdə
almaniyalı mütəxəssislərin Ceyranbatan
ultrasüzgəcli sutəmizləyici qurğular
kompleksinə, Hövsan Aerasiya
Stansiyasına və digər qurğulara səfərləri
təşkil edilib. Bu
ilin payızında Ludviqşafen
səhərinin kanalizasiya müəssisəsi
ekspertlərinin Azərbaycana səfəri gözlənilir. Səfər
müddətində almaniyalı mütəxəssislər tərəfindən
laboratoriya əməkdaşları üçün təlimlər də
keçiriləcək.
Azərbaycan.- 2019.- 11 iyun.- S.3.