Tikilməkdə olan Goranboy Olimpiya İdman Kompleksi modern memarlıq üslubunda layihələndirilib

 

Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır. Bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir olimpiya idman komplekslərinin və idman qurğularının böyük rolu var. Hazırda bu istiqamətdə işlər davam etdirilir, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Tərtər, Yardımlı, NeftçalaGoranboy rayonlarında yeni olimpiya idman kompleksləri inşa olunur.

Gənclər və İdman Nazirliyinin Maliyyə və maddi-texniki təchizat şöbəsinin sektor müdiri Elmir Mehdiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb.

İdman infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülmüş işlərin yalnız qeyd edilən iri idman obyektləri ilə məhdudlaşmadığını deyən Elmir Mehdiyev diqqətə çatdırıb ki, eyni zamanda, son 10 ildə təkcə Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı şəhərinin qəsəbələrində 9 idman zalı, minifutbol və digər idman meydançaları, şahmat məktəbi tikilib istifadəyə verilib. Bu işlər, eyni zamanda, regionları da əhatə edib. Növbəti illərdə paytaxtın Səngəçal, Ələt, Qobustan, Qaraçuxur, Bülbülə, Türkan, Qala qəsəbələrində də bu kimi idman zalları və meydançaların tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Goranboy Olimpiya İdman Kompleksinin tikintisi barədə məlumat verən E.Mehdiyev deyib: "Bu kompleks modern memarlıq üslubunda layihələndirilib. Tikinti işləri qrafikə və tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Kompleksin ərazisi 2,8 hektar, tikintialtı sahəsi 5900 kvadratmetr, ümumi sahəsi 9137 kvadratmetrdir. Kompleksdə 1100 tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, minifutbol yarışlarının keçirilməsi üçün universal idman stadionunun tikintisi planlaşdırılır. Burada həmçinin üzgüçülük, güləş, boks, trenajor, şahmat, konfrans zalları, yeməkxana, inzibati otaqlar tikiləcək. Eyni zamanda, baş plana əsasən ərazidə üçmərtəbəli 45 çarpayı yerlik mehmanxanauşaqlar üçün meydançanın inşası nəzərdə tutulur”.

Hazırda kompleksin əsas binasında dəmir-beton konstruksiyalar quraşdırılır, hörgü, izolyasiya və digər işlər görülür. Ərazidə şaquli planlaşdırma və digər torpaq işləri yerinə yetirilir. Kompleksdə işlərin təxminən 20 faizi yekunlaşıb.

 

Azərbaycan.- 2019.- 11 iyun.- S.6.