Bakıda Ümumdünya Gömrük Təşkilatının Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclası keçirilir

 

İyunun 10-da Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclası işə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, 31 ölkədən ekspert və nümayəndənin iştirak etdiyi seminarda çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclasının Azərbaycanda keçirilməsinə görə ÜGT-yə təşəkkürünü ifadə edib. Qeyd olunub ki, gömrük nəzarətinin tənzimlənməsi prosesində ən vacib məsələlərdən biriqeyri-intruziv yoxlamaların həyata keçirilməsi, onların tətbiqidir. Gömrük nəzarətinin sadələşdirilməsi, qısa zaman kəsiyində başa çatdırılması, həmçinin İKT ilə bağlı yeni texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsinin faydalı olacağı diqqətə çatdırılıb. Komitə sədrinin müavini qeyd edib ki, müasir texnologiyaların, yeni avadanlıqların tətbiqi gömrük nəzarətinin təşkili prosesində həm vaxt, həm də vəsaitə qənaət baxımından çox əlverişlidir.

ÜGT-nin ekspertləri - Vyara FilipovaMilena Budimirovic çıxışlarında ölkələrarası məlumat mübadiləsinin aparılmasını, yeni ekspertlərin hazırlanmasını, mövzu ilə bağlı təlimlərin təşkil edilməsinin vacib məsələ olduğunu bildiriblər.

İki gün davam edəcək seminarda Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 4-cü iclasının hesabatı dinləniləcək, Vahid Fayl Formatı (UFF) İnkişafı Proqramının 2-ci mərhələsi üzrə görülən işlər barədə məlumat veriləcək, UFF İnkişaf Proqramının 3-cü mərhələsinin əhatə dairəsi və digər məsələlər müzakirə ediləcək.

Eyni zamanda, seminarda müxtəlif ölkələrin qeyri-intruziv yoxlama sahəsindəki təcrübələrinə dair təqdimatlar da keçiriləcək.

 

Azərbaycan.- 2019.- 11 iyun.- S.5.