Səmərəli hücum strategiyası üçün fundamental elmi istinad

 

Akademik Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” əsəri erməni yalanlarının ifşasına xidmət edən konseptual elmi araşdırma - "yol xəritəsi”dir

 

Yeni qlobal çağırışları və geosiyasi reallıqları nəzərə alan ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətin başlıca hədəfləri sırasında milli maraq və mənafelərin qətiyyətli müdafiəsi ilə yanaşı, erməni separatizminin geniş coğrafiyada sülh, iqtisadi əməkdaşlıq və təhlükəsizlik üçün doğurduğu ciddi təhdidlərin beynəlxalq ictimaiyyətə çatdırılması da xüsusi yer tutur.

Ötən əsrin 90-cı illərinin əvvəlində informasiya blokadasına məruz qalan, bədnam qonşularımızın təcavüzkarlıq və soyqırımı siyasətinin mahiyyətini dünyaya lazımi səviyyədə çatdıra bilməyən respublikamız bu gün səmərəli əks-hücum diplomatiyası yürüdür.

Qətiyyətlə demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ 16 il əvvəl irəli sürdüyü "Biz müdafiədə deyil, hücumda olmalıyıq!” tezisini praktik şəkildə reallaşdıraraq düşünülmüş strategiya əsasında respublikamızın təcavüzkar ölkə üzərində siyasi, hüquqi və təbliğati üstünlüyünü təmin etmişdir. Dövlət başçısı ilk gündən cəfəng və qondarma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasını xarici siyasət idarəsi, elm xadimləri, ictimai birlik və diaspor təşkilatları qarşısında strateji vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 16 ildə türk və müsəlman dünyasının ideya birliyinin möhkəmləndirilməsi yönümündəki ardıcıl səyləri sivil dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa cəhd göstərən, qondarma "erməni soyqırımı” iddiaları ilə Türkiyə və Azərbaycana təzyiq göstərməyə çalışan bədnam erməni lobbisinə qarşı səmərəli əks-hücumun təşkilinə xidmət edir. Dövlətimizin rəhbəri hələ türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı dərin məzmunlu çıxışında bu sahədə qarşıda duran vəzifələri dəqiq ifadə etmişdir: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir”.

Bu da reallıqdır ki, Azərbaycan yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixini obyektiv şəkildə araşdırmaq imkanı qazanmışdır. Möhtərəm Prezidentimiz bədnam erməni lobbisinin qlobal miqyasda apardığı həqiqətə uyğun olmayan və məkrli təbliğat kampaniyasının neytrallaşdırılması, təcavüzkar dövlətin beynəlxalq arenada ifşası baxımından elmi ictimaiyyətin də üzərinə mühüm vəzifələr düşdüyünü bəyan etmişdir. Təsadüfi deyildir ki, cənab İlham Əliyevin dəyərli tövsiyələri və siyasi iradəsilə son illər tarixçi alimlərimiz, tədqiqatçılarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir-birindən maraqlı kitablar ərsəyə gətirmiş, münaqişənin tarixi köklərini araşdırmış, bədxah qonşularımızın ərazi iddialarının istər tarixi, istərsə də beynəlxalq hüquq normaları baxımından əsassızlığını sübuta yetirmişlər.

Son illər Azərbaycanın müasir inkişaf təmayülləri, milli inkişaf modeli, modernləşmə strategiyası və cəmiyyət üçün digər aktual mövzularda fundamental tədqiqatların müəllifi kimi tanınan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir necə gün əvvəl işıq üzü görmüş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” əsəri saxta erməni yalanlarının ifşasına xidmət edən növbəti sanballı elmi araşdırma kimi diqqəti xüsusilə cəlb edir.

Dərin tarixi-politoloji araşdırmaların nəticəsi kimi qələmə alınmış əsər konkret faktlar, elmi yanaşmalar əsasında ermənilərin tarixən apardığı məkrli böhtan və iftira kampaniyasını, o cümlədən Ermənistanın avantürist baş naziri Paşinyanın cəfəng mülahizələrini alt-üst edir, milli həqiqətlərə yeni dövrün prizmasından obyektiv nəzər salır. Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda və digər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə məlumat verilir, həmçinin erməni-daşnak ideoloqlarının rəhbərliyi altında azərbaycanlılara və türklərə qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiya siyasətindən bəhs olunur.

Xüsusi vurğulamaq lazımdır ki, sözügedən əsər görkəmli nəzəriyyəçi alimin indiyədək gərgin zəhmət, yüksək tədqiqatçı əzmi və əsl milli təəssübkeşliklə ərsəyə gətirdiyi tarixi əsərlərin məntiqi davamı olaraq sanbalı, elmi-fəlsəfi, siyasi-hüquqi məzmun yükü, orijinal mənbələrə əsaslanması baxımından mühüm əhəmiyyət kəsb edir. Tariximizin yalnız müasir deyil, tarixi mərhələlərini də konseptual şəkildə araşdıraraq milli həqiqətlərə işıq salan akademik Ramiz Mehdiyev əsərlərində görkəmli şəxsiyyətlərimizlə bağlı araşdırmalara da geniş yer vermiş, bəzi ziddiyyətli, mübahisəli məqamlara aydınlıq gətirmişdir.

Bu baxımdan nüfuzlu alimin yalnız son 10 ildə qələmə aldığı "Gorus-2010: absurd teatrı mövsümü”, "Şah İsmayıl Xətai ali məramlı şəxsiyyət kimi”, "Tarixi idrakın elmiliyi probleminə dair”, "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində”, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti”, "Milli ideyanın formalaşmasında tarixi idrakın faydası haqqında”, "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsərləri təkcə tarixçi alimlərdə deyil, ümumən geniş oxucu auditoriyasında ciddi maraq doğurmuşdur. Bu marağı, eləcə də əsərlərin elmi çevrələrdə geniş diskussiyasını şərtləndirən başlıca amillərdən biri də müəllifin tarixi araşdırmalarında göstərilən faktların orijinallığı, istinad mənbələrinin və məxəzlərin mötəbərliyidir. Ədalət naminə qeyd olunmalıdır ki, Azərbaycan tarixinin qədim dövrlərdən cağdaş günlərimizədək obyektiv və siyasi konyunkturadan uzaq şəkildə araşdırılması və qələmə alınmasında, ictimaiyyətə çatdırılmasında akademik Ramiz Mehdiyevin xidmətləri müstəsnalıq təşkil edir.

Həmin tarixi araşdırmalar cəmiyyətdə milli keçmişimizə, xalqın görkəmli tarixi şəxsiyyətlərinə obyektiv münasibətin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Məsələn, akademik Ramiz Mehdiyevin 2019-cu ildə "Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsərində Azərbaycan tarixinin xanlıqlar dövrü geniş araşdırılmış, indiyədək elmi mübahisə predmeti olan problematik məsələlərə, hadisələrə, habelə tarixi şəxsiyyətlərin fəaliyyətinə yeni elmi mənbələr və arxiv sənədləri əsasında obyektiv münasibət ifadə olunmuşdur. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfə olaraq xanlıqlar dövrünün siyasi və tarixi nöqteyi-nəzərdən konseptual dəyərləndirilməsi həyata keçirilmişdir. Sözügedən nəşr xanlıqlar dövrünün tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi anlamında mühüm yenilik kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, xanlıqlar dövrünün tarixi təhlilə cəlb edilməsi nisbətən yaxın keçmişimizlə bağlı proses və hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət vermək zərurəti ilə şərtlənir.

Bu əsərlərin davamı olaraq qələmə alınmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı elmi əsər keyfiyyətcə yeni mərhələdə Azərbaycanın diaspor və lobbi qurumlarının, habelə diplomatik nümayəndəliklərinin, ümumən vətəndaş cəmiyyəti təsisatlarının ideoloji-təbliğati fəaliyyət prioritetlərini özündə ehtiva edir. Əsərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixi, siyasi və hüquqi aspektdə təhlilə cəlb olunmuş, ermənilərin azərbaycanlılara qarşı yeritdiyi işğalçılıq, ərazi ilhaqı və separatçılıq siyasəti beynəlxalq hüquq norma və prinsipləri kontekstində elmi təhlil süzgəcindən keçirilmişdir.

Kifayət qədər zəngin faktoloji və ensiklopedik səciyyəyə malik əsərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarının əsassızlığı sübuta yetirilir, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinin mahiyyəti beynəlxalq hüquq normalarına əsasən töfsif edilir. Ciddi tarixi və hüquqi mənbələr əsasında qələmə alınmış əsərin əvvəlində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, habelə ermənilərin iki əsrdən çox müddətdə azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və ərazi ilhaqı siyasətindən söhbət açılır. Çar Rusiyasının erməniləri Türkiyə və İrandan Cənubi Qafqaza köçürdüyünü, onları himayə edərək azərbaycanlılara qarşı "alət kimi istifadə etdiyini” tarixi fakt və dəlillər əsasında diqqətə çəkən müəllif bədxah qonşularımızın müxtəlif tarixi dövrlərdə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdiklərini vurğulayır. Əsərdə Azərbaycan torpaqlarının şimal hissəsinin "Gülüstan” və "Türkmənçay” sülh müqavilələri əsasında çar Rusiyasının tərkibinə daxil edilməsi zamanı İran və Türkiyə ərazisindən ermənilərin məqsədyönlü və kütləvi şəkildə Qafqaza, o cümlədən Azərbaycan ərazilərinə köçürülmələri bir daha xatırladılır.

Tarixdən məlumdur ki, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828-ci il martın 21-də "Ermənı vilayəti” adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərazisində yerləşdirilmişdir. Müəllif əsərdə bu faktları ümumiləşdirərək yazır: "Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesi I Pyotrun Xəzər yürüşündən başlandı və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi ilə (1722-1723) başa çatdı. Lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiya bu əraziləri tərk etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıtdı. Bu halda xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövləti yaradılmasına yönəlmiş köçürmə siyasəti həmin planın mühüm elementi idi. İmperatriça II Yekaterina I Pyotrun strategiyasını rəhbər tutaraq bu siyasəti səylə davam etdirirdi. Bu planın tamdəyərli reallaşması yalnız rus-İran müharibələri (1804-1813; 1826-1828-ci illər) başa çatandan və Rusiya Cənubi Qafqazı tamamilə işğal edəndən sonra mümkün oldu. 1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirdi”.

Əsərdən hasil olan əsas qənaətlərdən biri ondan ibarətdir ki, aparılan köçürmələr hesabına regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbəti süni şəkildə dəyişdirilmiş, beləliklə, monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə çuğlaşmışdır. Yeni torpaqlara yerləşdirilmə müqabilində erməni ideoloqları çar Rusiyasına nökər xisləti ilə xidmət etmiş, vassala çevrilmişlər.

Akademik əsərdə haqlı olaraq bildirir ki, çar Rusiyasının ermənipərəst siyasətini davam etdirən sovet rəhbərliyi də azərbaycanlılara münasibətdə etnik zəmində ayrı-seçkilik siyasəti yürütmüşdür. Sovet hakimiyyətinin ilk illərində bədxah qonşularımız Zəngəzur ərazisini özlərinə birləşdirmiş, Qarabağ erməniləri üçün muxtariyyət verilməsinə nail olmuş, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına "zəmin yaratmaq” planlarını işə salmışlar. Nəticədə Xalq Cümhuriyyəti dövründə Azərbaycanın 114 min kvadratkilometr təşkil edən tarixi ərazisi 1920-ci illərdə 86,6 min kvadratkilometrə qədər azalmış, Zəngəzur, Göyçə və Azərbaycanın digər torpaqları Ermənistanın tərkibinə qatılmışdır. Eyni zamanda, Azərbaycanı Naxçıvanla birləşdirən ərazilərimiz Ermənistana verilmiş, beləliklə, qədim "Nuh yurdu” anklava çevrilmişdir.

Əsərdə göstərildiyi kimi, Azərbaycana qarşı ərazi iddiaları II Dünya müharibəsindən sonra daha da genişlənmişdir. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi əsaslı səbəb göstərmədən ittifaq hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə nail olmamışdır. Bundan sonra onlar daha bir hiyləyə əl ataraq azərbaycanlıların deportasiyasına nail olmuşlar. Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov "Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumınya, Fələstin, Fransa, ABŞ, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən” şikayət edərək Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etmişdir. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün guya işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdir.

Əsərdə, həmçinin vurğulanır ki, kütləvi deportasiya siyasətinin son mərhələsi 1988-1993-cü illərə təsadüf etmiş və Azərbaycana qarşı ərazi iddiaları etnik separatçılıq və təzavüzkarlıqla müşayiət olunmuşdur: "Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır. Erməni milli ideyasının tərkib hissəsi olan bu iyrənc siyasət Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələrdən sonra bu torpaqları Ermənistana birləşdirməyə yönəlmişdi”.

Əsərdə 1988-ci ildən başlayaraq ermənilərin keçmiş sovet ittifaqı rəhbərliyinin fəal dəstəyi ilə Azərbaycana qarşı açıq ərazi iddialarına başladıqları, azərbaycanlıları etnik zəmində kütləvi şəkildə deportasiya etdikləri, Dağlıq Qarabağ və digər tarixi Azərbaycan ərazilərində soyqırımı aktları həyata keçirdikləri, eyni zamanda, məkrli plan əsasında Sumqayıt hadisələrini törətdikləri konkret faktlar əsasında diqqətə çəkilir. Həmçinin vurğulanır ki, 1993-cü ilin sonuna qədər Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan daha 6 rayonu - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan işğal edilmiş, bu rayonların azərbaycanlı əhalisi isə daimi yaşayış yerlərindən qovulmuşdur.

Müəllif qeyd edir ki, 1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdır. Hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, 4 minə yaxın azərbaycanlı itkin düşmüş, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülmüşdür.

Ümummilli lider Heydər Əliyevin ən yaxın və sadiq silahdaşlarından olmuş akademik Ramiz Mehdiyev 1993-cü ildə ulu öndərin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra münaqişənin həlli prosesində keyfiyyətcə yeni mərhələnin başlandığını xüsusi qeyd edir. Bildirir ki, ulu öndər Heydər Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun nizamlanması işində qətiyyətli addımlar atmış, ilk növbədə, ölkədə ictimai-siyasi sabitlik bərpa olunmuş, vahid plan əsasında döyüş qabiliyyətli nizami ordu quruculuğu başlanmış və tarazlaşdırılmış xarici siyasət həyata keçirilmişdir.

Cəbhə bölgəsində ciddi itkilər verən Ermənistan 1994-cü ilin mayında atəşkəsi nəzərdə tutan Bişkək protokolunu imzalamağa məcbur olmuş, həmin ilin dekabrında ATƏM-in Budapeşt sammitində münaqişənin nizamlanması yolunda ciddi irəliləyiş əldə edilmişdir. Sözügedən təşkilatın 1996-cı ildə Lissabon şəhərində keçirilmiş sammiti danışıqlar prosesində növbəti mühüm mərhələ olmuş, Minsk qrupunun həmsədrlərinin tövsiyə etdiyi üç prinsip - ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycan tərkibində yüksək muxtariyyət statusunun verilməsi; Dağlıq Qarabağın və əhalisinin təhlükəsizliyinə zəmanətin verilməsi nizamlanmanın mühüm tərkib hissələri kimi qəbul edilmişdir.

Əsərdə münaqişənin sülh yolu ilə həlli istiqamətində müxtəlif illərdə aparılan danışıqlar prosesinin mahiyyətinə də ümumi nəzər salınır, Azərbaycanın münaqişənin Madrid prinsipləri əsasında həllində israrlı olduğu vurğulanır. Qeyd edilir ki, həmin prinsip çərçivəsində, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması təmin olunmalıdır. İşğal olunmuş ərazilərin azad edilməsi ilə paralel Dağlıq Qarabağın erməni icmasının və işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təmini üzrə tədbirlər görülməlidir. Yalnız bu proseslər başa çatandan və qarşıdurmanın kəskinliyi azalandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu dialoqu çərçivəsində regionun gələcək statusunun müəyyən edilməsi üzrə siyasi-hüquqi proses başlana və bu proses nəticəsində qəbul edilmiş qərarlar həm Ermənistanda, həm də Azərbaycanda legitim hesab edilə bilər.

Akademik Ramiz Mehdiyev haqlı olaraq Ermənistanda indiyə qədər hakimiyyətdə olmuş şəxslərin münaqişənin həllini süni şəkildə uzatmaq siyasəti yürütdüklərini, bu destruktiv xəttin hazırda baş nazir N.Paşinyan tərəfindən davam etdirildiyini yazır. Əsərdə, eyni zamanda, münaqişənin həllinin uzanmasının Ermənistana böyük itkilər hesabına başa gəldiyi, bu ölkənin qlobal iqtisadi təcrid vəziyyətinə düşdüyü konkret faktlar əsasında qeyd olunur. Bildirilir ki, "Nə hərb, nə sülh” vəziyyəti onsuz da xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, yeni baş nazir Paşinyan da hakimiyyətdə qalmaq üçün bundan "yaxşı” çıxış yolu görmür.

Tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin son vaxtlar absurd bəyanatlar verməsi də, əslində, xof və təşviş isterikasının ifadəsidir. Bu reallıqları diqqətə çəkən müəllif haqlı olaraq yazır: "Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan "qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq. Məsələn, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji göstəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur”.

Əsərdə Ermənistanın ciddi iqtisadi çətinliklərlə üzləşdiyi, demoqrafik vəziyyətin pisləşdiyi, əhalinin qocaldığı, doğum sayının azaldığı və miqrasiya səviyyəsinin artdığı konkret faktlar əsasında diqqətə çəkilir. Bunun müqabilində Azərbaycan ötən illərdə Cənubi Qafqazın lider ölkəsinə çevrilərək təkcə iqtisadi cəhətdən deyil, hərbi cəhətdən də xeyli möhkəmlənmiş, 2016-cı ilin Aprel döyüşləri zamanı düşmənin layiqli cavabını verərək işğal altındakı ərazilərinin bir hissəsini azad etmişdir.

Əsərdə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasının beynəlxalq hüquq norma və prinsipləri baxımından yolverilməzliyi xüsusi vurğulanır, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində yüksək statusun verilməsi mümkünlüyündən bəhs edilir: "Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmək hüququ özbaşınalıq və sərhədləri öz istədiyi kimi dəyişdirmək hüququ demək deyildir. Əks təqdirdə, dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, hətta ən azsaylı olanları da öz müqəddəratını təyin etmək hüququndan istifadə edər, özlərini dünya birliyinin müstəqil subyektləri elan edər və beynəlxalq miqyasda tanınmalarını istəyərdilər. Ermənistan bununla barışmalı olacaq ki, Dağlıq Qarabağın erməni əhalisi kimi milli azlıqların öz müqəddəratını təyin etməsi yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla mümkündür”.

Ümumiyyətlə, keçmiş ittifaqdan "miras qalmış” münaqişələrin mahiyyətinə nəzər saldıqda aydın görünür ki, separatçı rejimlər xarici dəstək hesabına qeyri-qanuni şəkildə nəzarət altında saxladıqları ərazilərdəki fəaliyyətlərini "pərdələmək” üçün beynəlxalq hüququn "milli özünütəyinetmə” prinsipinə istinad etməyə çalışırlar. Ermənistan tərəfinin millətlərin öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyündən guya daha üstün olması barədə iddiaları isə reallıqdan tamamilə uzaqdır. Əlbəttə, öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilərlər.

Ermənilər artıq bir dəfə müqəddəratlarını əzəli Azərbaycan torpaqlarında "təyin etməklə” Ermənistan Respublikasını yaratmışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı qətiyyətli mövqeyini ortaya qoyaraq ikinci erməni dövlətinin yaradılmasının yolverilməzliyini dəfələrlə bəyan etmişdir: "Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək” hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə "öz müqəddəratlarını təyin etməyə” başladıqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir”.

Öz müqəddəratını təyinetmə subyektinin milli azlıq deyil, xalq və millət olması da ciddiliklə nəzərə alınmalıdır. Azərbaycan ərazisində yaşayan milli azlıqlar müqəddəratı təyin etmək hüququnun subyekti olmadığına görə onların iradəsi Azərbaycan dövləti ərazisinin dəyişdirilməsi üçün əsas ola bilməz. Yəni belə bir hüquq yalnız dövlət ərazisində yaşayan vahid xalqa verilə bilər. Dağlıq Qarabağda yaşayan ermənilər isə milli azlıq olduqlarına görə onlara öz müqəddəratlarını təyinetmə hüququnun verilməsindən söhbət gedə bilməz.

"Dövlətlərin müqavilələrə münasibətdə hüquq varisliyi haqqında” 23 avqust 1978-ci il tarixli Vyana Konvensiyasına əsasən, dövlətlərin hüquq varisliyi müqavilələrlə müəyyən edilmiş sərhədlərə toxunmur. Azərbaycan dövlət müstəqilliyini əldə etməklə xalqın yaşadığı ərazi məsələsini də birmənalı şəkildə həll etmişdir. Həmin ərazi müstəqil Azərbaycan dövlətinin ərazi statusunu almışdır. Bu mənada, SSRİ-nin dövlət kimi tənəzzülə uğraması Azərbaycan dövlətinin ərazisinin dəyişdirilməsinə səbəb ola bilməz.

Akademik Ramiz Mehdiyev əsərdə Ermənistanın yeni baş naziri N.Paşinyanın son dövrlər irəli sürdüyü iddiaların da cəfəng və reallıqdan uzaq olduğunu diqqətə çatdırır: "N.Paşinyandan bunu soruşmaq maraqlı olardı: O, "Dağlıq Qarabağ xalqı” kimi birmənalı olmayan anlayışa əzəldən bu torpaqda yaşayan etnik azərbaycanlıları da daxil edirmi? Axı aydın məsələdir ki, münaqişənin hər hansı həlli Dağlıq Qarabağın Azərbaycan icmasının maraqları nəzərə alınmadan Azərbaycan üçün məqbul sayıla bilməz”.

Yekun olaraq vurğulayaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” əsəri Azərbaycanın son 30 ildə üzləşdiyi erməni separatizminə fundamental tarixi, politoloji və hüquqi elmi baxış olub, bədxah qonşularımızın əsassız ərazi iddialarının beynəlxalq miqyasda ifşası baxımından son dərəcə əhəmiyyətlidir.

Əsərlə tanışlıqdan doğan ən ümumi, yetkin qənaət isə ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti münaqişənin həlli ilə bağlı prinsipial mövqeyindən heç zaman çəkilməyəcək, xalqın dəstəyi ilə işğal olunmuş torpaqlarımızın azad edilməsi, ədalətin bərpası, milli maraqların təminatı üçün zəruri məqamda güc amilindən istifadədən belə çəkinməyəcəkdir.

 

Mübariz QURBANLI,

Yeni Azərbaycan Partiyası icra katibinin müavini,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2019.- 12 iyun.- S.1; 5.