Azərbaycanın UEFA Avropa
Liqasının finalından əldə etdiyi
gəlir açıqlanıb
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub. Ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.
AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.
Rəsmi göstəricilərə əsasən, 300 milyona yaxın insan oyunu televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.
Gənclər və İdman Nazirliyinin, AFFA-nın məlumatlarına görə, final oyunu ilə əlaqədar ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 milyon manat nağd vəsait daxil olub. İqtisadi dəyərin 1,25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əməkhaqları hesabına yaranıb.
AZAL-dan
daxil olan məlumatlarda
isə 108 çarter reysi
üçün alınan xidmət
haqqının 687 min manatdan
çox olduğu əksini
tapıb.
Azərbaycan.-
2019.- 12 iyun.- S.6.