Uğura aparan
Nicat yolu
Bir gəncin
manifesti
Hər bir gəncin həyatda
qazandığı nailiyyəti onun uğur hekayəti
adlandırmaq olar. Bu, həm də digərləri
üçün örnək kimi təbliğ olunmalı,
motivasiya nümunəsi kimi səciyyələnməlidir.
Psixoloqlara görə, həyatda
uğur qazanmaq üçün məsuliyyətli, səbirli və
özünə inamlı olmaq lazımdır. Bu gün
qürur hissi ilə demək olar ki, Azərbaycanda uğur hekayətinin
müəllifi olan yetərincə gənc var. Onlar müxtəlif
sahələrdə çalışmaqla həm özlərinə
gələcək karyera imkanları qurur, həm də dövlətçiliyin
möhkəmləndirilməsi istiqamətində öz
töhfələrini verirlər.
Təqdim edəcəyimiz gənc
- Nicat Hacızadə də onlardan biridir. Çoxları
Nicatı gənc iqtisadçı-ekspert, analitik kimi
tanıyır. Tələbəlik illərindən
başlayaraq ictimai fəaliyyətlə məşğul olan
Nicat mütəmadi olaraq müasir dünya iqtisadiyyatında
baş verən proseslər, bu proseslərin Azərbaycan
iqtisadiyyatına təsiri, milli iqtisadiyyatın dünya
iqtisadiyyatına inteqrasiyası və eləcə də,
müxtəlif iqtisadi münasibətlərlə bağlı
analitik təhlillər edir. Rəy və təhlilləri
ölkənin müxtəlif elektron və çap mətbuatında
dərc olunur.
1992-ci ildə Ağdaş
rayonunda anadan olan Nicatın uşaqlıq illəri paytaxta
keçib. Amma şəcərəsi qədim Lahıc qəsəbəsinə
dayanır. Böyük babaları
Lahıcdandırlar və uşaqlığının əksər
hissəsi də Lahıcda keçib. Abdulla Şaiq adına 54 saylı tam orta məktəbdə təhsil
alıb, 2009-cu ildə orta məktəbi bitirərək Azərbaycan
İqtisad Universitetinə qəbul olub. Bakalavr
pilləsini başa vurduqdan sonra hərbi xidmətə
yollanıb. Cəbhənin Füzuli rayonu
istiqamətində döyüş
tapşırığını icra edən hərbi hissədə
xidmət edib. Vətənə olan borcunu
yerinə yetirdikdən sonra yenidən universitetə üz tutub
və magistr təhsilini davam etdirib. Hazırda isə bu ali məktəbin doktorantıdır. Eyni zamanda, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin nəzdində yaradılan "Bir
Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri
vəzifəsində çalışır.
Qazandığı nailiyyətləri
şərtləndirən amillər isə uğurlu
karyerası naminə yorulmadan çalışması və
irəliyə doğru inamla addımlamasıdır. 27 yaşlı gəncin
uğur hekayətini öz dilindən eşitsək, daha
maraqlı olar...
- Hələ orta məktəbdə
oxuyarkən gələcəkdə iqtisadçı
olmağı qarşıma məqsəd qoymuşdum. Artıq
məktəbi bitirməyə iki il
qalmış düşünürdüm ki, bir neçə
ilə iqtisadçı kimi formalaşmalıyam. Bu səbəbdən də çox
çalışmağa başladım. Riyaziyyat
fənnini çox sevirdim və bir neçə dəfə
olimpiadalarda bu fənn üzrə qalib olmuşam. Bu biliklər mənə iqtisadçı kimi
formalaşmağa böyük imkan yaratdı.
Ali məktəbə qəbul
olarkən ictimai fəaliyyətə başladım. Bir sıra
layihələrin həm rəhbəri, həm də təşkilatçılarından
oldum. Xüsusən qeyd etmək istərdim
ki, 2009-2011-ci illərdə aktiv ictimai fəaliyyətə
başlayanda Azərbaycanda ilk dəfə gənclər
üçün böyük iqtisadi təşəbbüs
olan və o zaman üçün unikal model sayılan
"müasir iqtisad məktəbi” layihəsinin təməlini
qoydum. Bundan əlavə, Gəncə şəhərində
həyata keçirilən "Dünya Gənclər
Festivalının” təşkilat komitəsinin üzvü
olaraq da çalışmışam.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə ölkəmizdə yaranan könüllülər
institutunun tərkibində yer aldım. Bir sözlə,
həm universitet daxili elmi fəaliyyətim çoxşaxəli
olub, həm də ictimai fəal kimi müxtəlif gənclər
təşkilatlarının tərkibində fəaliyyət
göstərmişəm.
Mərkəzi Asiya və
Şərqi Avropanın ən böyük beyin mərkəzi
sayılan İqtisadi və Sosial İnkişaf Mərkəzində
təcrübəçi kimi fəaliyyətə
başlayıb qısa müddətdə mərkəzin təhlil
və tədqiqatlar üzrə əsas ekspertlərindən
biri olmuşam.
Mərkəz olaraq ictimai-siyasi təkliflərin
verilməsi və o cümlədən, Avropa ölkələri
arasında müxtəlif siyasi proseslərə tövsiyələrimizi
irəli sürürdük. Qısa zamanda
təqdiqat və təhlil layihələrinin həmmüəllifi,
eləcə də müxtəlif layihələrə töhfə
verən şəxs oldum. Bundan əlavə,
beynəlxalq iqtisadi təşkilatların layihələrində
aparıcı ekspert olaraq çalışmışam. Xarici səfərlər zamanı dünya
görüşüm və iqtisadi biliklərim daha da
inkişaf etdi. Təvazökarlıqdan kənar
da olsa qeyd etməliyəm ki, mən sözügedən beyin mərkəzində
çalışan zaman bakalavr təhsilimi tam
yekunlaşdırmamışdım. Amma
buna baxmayaraq, məni daimi Azərbaycan telekanalları, habelə
yerli və xarici beyin mərkəzləri iqtisadi müzakirələrə
dəvət edirdilər. Bununla
yanaşı, biz Azərbaycan hökumətinin
apardığı siyasətə töhfələrimizi vermək
üçün təkliflər hazırlayırdıq.
2016-cı ildə Prezidentin fərmanı
ilə İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
yaradıldı və mən mərkəzə dəvət
edildim. Dövlətin yürütdüyü strateji xəttə
uyğun olaraq iqtisadi proseslərin tərkib hissəsinə
çevrildik. Həmin zaman dövlət
başçısı "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” fərman imzaladı. Mən də strateji yol xəritələrinin
hazırlanma prosesinin iştirakçısı oldum. Yəni
bu sənədlərin hazırlanmasında birbaşa töhfəm
var. Xüsusilə qeyd etməliyəm ki, "Milli
İqtisadiyyat Perspektivi” və "Kiçik və orta
sahibkarlıq üzrə Strateji Yol Xəritələri”ni
xüsusi qeyd etməliyəm. Sevindirici hal odur
ki, mərkəzin gənc kollektivinin gərgin əməyi sayəsində
ortaya qoyulan töhfələr bu gün Azərbaycanda icra
olunur və demək olar ki, ideyalarımız parlayır.
Bundan əlavə, Prezident
İlham Əliyevin ölkəmizdə biznes mühitinin əlverişliliyinin
artırılması və beynəlxalq reytinqlərdə
mövqeyimizin daha da yaxşılaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında sərəncamına
uyğun olaraq komissiya yaradılıb. Mən də bu
komissiyanın katibliyində fəaliyyət göstərirəm.
Katiblik çərçivəsində beynəlxalq
reytinqlərdə ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması ilə əlaqədar
islahat tədbirlərinin hazırlanmasında iştirak edirik.
Buna misal olaraq, "Doing Business 2019”
hesabatında Azərbaycan dünyanın ən çox islahat
aparan ölkəsi elan olunub.
Ümumiyyətlə,
düşünürəm ki, bu gün Azərbaycan
Prezidentinin yürütdüyü sosial-iqtisadi siyasətə
azacıq da olsa töhfə verə bilirəmsə, demək
dövlətimə xeyrim dəyir. Bu proseslər mənə
çox böyük motivasiya və ilham verir.
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzində
çalışdığı müddətdə öz
bacarığımı nümayiş etdiydiyim
üçün rəhbərliyin etimadını qazandım və
2017-ci ildə qurumun nəzdində yaradılan "Bir Pəncərə”
İxraca Dəstək Məkrəzinə rəhbər təyin
olundum. Bu gün mərkəzimizdə 6 dövlət qurumu və
onların xidmətləri fəaliyyət göstərir.
İdxal-ixrac əməliyyatlarında
sahibkarın böyük hamisi hesab olunan mərkəzdə cəmi
bir neçə saata müxtəlif dövlət icazələri
(sertifikatlar) verilir. "Bir Pəncərə”
İxraca Dəstək Mərkəzi Azərbaycanda həyata
keçirilən ixracın 10-15 faizi intervalında hissəsinə
dəstək göstərir. Bundan əlavə,
mərkəz beynəlxalq hesabatlarda da islahat tədbiri kimi,
xüsusilə şəffaf və hesabatlı bir xidmət
olaraq vurğulanıb.
Prezident İlham Əliyevin hər
zaman sahibkarlara göstərdiyi qayğı və onların fəaliyyəti
ilə bağlı söylədiyi fikirlər bizim
üçün tapşırıqdır. Bu mərkəzdə
ilk növbədə vicdanlı, dürüst fəaliyyət
ana xətti təşkil edir. Heç bir sahibkar
bizdən incik halda binanı tərk etmir. Dövlət
başçısının qarşımızda qoyduğu tələblər
doğru istiqamətlərdə yerinə yetirilir.
Bu gün sahib olduğu dəyərləri
yüksək qiymətləndirən Nicat hesab edir ki, istənilən
gənc bundan da böyük uğurlara nail ola
bilər. Yetər ki, heç vaxt mənfəət
ardınca qaçmasınlar, şəxsi inkişaf barədə
düşünsünlər.
- Bəzən də gənclər
getdikləri yolda büdrədikləri zaman geri çəkilir,
sonadək mübarizə aparmırlar. Bunun da səbəbləri
olur - yorğunluq və ya ailə vəziyyəti, maddi durum
arzuların gerçəkləşməsinə maneələr
yaradır. Məndə də belə vəziyyətlər
olub. Bəzən tənbəlliklər
etmişəm, hətta əziyyət çəkib bəhrəsini
görmədiyim vaxtlar da olub. Ancaq
sarsılmamışam. Ayağa qalxıb
yenidən yoluma davam etməyə başlamışam. Həyat zatən mübarizədən ibarətdir və
ona görə də zəhmət çəkmək, çətinliklərə
sinə gərmək lazımdır.
Uğurlarımın əsas
faktorlarından biri də odur ki, özümə qarşı
çox tələbkaram. Daim öz üzərimdə
işləməyi, boşluqlardan istifadə etməyi
xoşlayıram. Planlamanı da çox
sevirəm. Ətrafımdakı insanlar da
bilirlər ki, bir işi görmədən əvvəl hadisələri
daha dərindən təhlil edib bir qədər irəlidə
baş verə biləcək prosesləri
düşünürəm. Yəni
qarşıda baş verə biləcək hadisələri
analiz edib proqnozlarımı ona uyğun qururam. Fikirləşirəm
ki, uğur qazanmaq üçün hər bir gəncə zəhmət,
çalışqanlıq və bir az da təvazökarlıq
gərəkdir. Asan iş yoxdur. Sadəcə zəhmət
çəkmək, işini sevərək yerinə yetirmək,
kompüter arxasında səmərəli vaxt keçirmək,
qənaət etmək və ən əsası da iradəli
olmaq insana uğur gətirəcək. Əgər insan
möhkəm iradəyə sahibdirsə, artıq uğurun
yarısını qazanıb demək...
Vaxtilə könüllü
olan bir gənc kimi tam məsuliyyətimlə deyirəm ki,
çəkdiyim əziyyətin bərhəsini
görmüşəm. Kimsə könüllülüyü vaxt
itkisi hesab edirsə, yanılır. Bu təcrübə
hər bir gəncin gələcək uğurlu
karyerasının açarıdır. Elm,
bilik paylaşdıqca artır.
Məqsədim bir gənc kimi tutduğum vəzifənin öhdəsindən layiqincə gəlmək, bu istiqamətdə öz töhfələrimi vermək və cənab Prezidentin sosial-iqtisadi siyasətinə bacardığım qədər dəstək olmaqdır. Həmçinin Azərbaycan dövlətçiliyinin gücləndirilməsi istiqamətində öz töhfəmi verməkdir. Arzum isə öz sahəmdə müəyyən vaxtdan sonra ən yaxşılardan biri olmaqdır.
Gənclərə tövsiyəm ondan ibarətdir ki, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün ulu öndər Heydər Əliyev ideyaları ətrafında sıx birləşməli və Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək olmalıdırlar. Çünki uğurlu gələcək gənclərin əlindədir və bu gün gənclərin uğur qazanması üçün hər cür şərait var. Cənab İlham Əliyev gənclərin ən böyük dayağıdır. Məhz buna görə də Azərbaycan gəncliyinin mütləq əksəriyyəti birlik nümayiş etdirərək hər zaman prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin yanında olduqlarını bəyan edirlər.
Nicatın uğur hekayəti bir çox gənclər üçün nümunədir desək, yanılmarıq. Gənc analitik və departament rəhbərinin səmimi fikirləri bir daha təsdiq edir ki, dövlət intellektual, təşəbbüskar gənclərə öz bacarıqlarını nümayiş etdirmək üçün lazımi dəstək göstərir. Əsas odur ki, gənclər çətinlikdən qorxmasınlar, geri çəkilməsinlər. Mübarizədən sonra əldə olunan nailiyyət insanı qürurlandırır, deyirlər. Odur ki, özünə, istedadına, bacarığına güvənən hər bir gənc potensial imkanını ortaya qoymalı və uğurlara aparan yolda həvəsdən düşməməlidir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 12 iyun.- S.7.