Böyük Qayıdış - əbədi Qurtuluş
Azərbaycanın tarixində elə hadisələr olmuşdur ki, onlar yeni mərhələnin başlanğıcı kimi dövlətçiliyimizin salnaməsinə əbədi həkk olunub. Onlardan biri xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişidir.
Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası indi qürurla fəxr etdiyimiz güclü Azərbaycan dövlətinin qurulması ilə nəticələndi.
Müstəqillik xalq üçün, həm də hər bir vətəndaş üçün müqəddəs nemətdir. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bu baxımdan 1993-cü ilin ortalarına doğru Azərbaycanda cərəyan edən siyasi proseslər təsdiq edirdi ki, güclü dövlət olmadan xalqın azadlığı və müstəqilliyi mümkün deyil. Güclü dövləti yaratmaq üçün isə ilk növbədə güclü liderə ehtiyac var. Müstəqilliyimizin kövrək olduğu 1993-cü ildə ölkədə daha da dərinləşmiş siyasi təbəddülatlar, iqtisadi böhran, siyasi hərc-mərcliyin doğurduğu anarxiya və cəbhədəki uğurzsuzluqlar Azərbaycana qətiyyətli, təcrübəli liderin rəhbərlik etməsini qaçılmaz zərurətə çevirmişdi. Bu proseslərin fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi, erməni təcavüzü nəticəsində torpaqlarımızın işğalı təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ çox-çox illər əvvəl qazanmış Heydər Əliyev idi.
Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - ulu öndərin ünvanına minlərlə teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün xalqın verdiyi tarixi qərar idi.
Artıq o dövrdən 26 il ötür. Amma o tarixi mərhələnin reallıqlarını yada salanda bu gün də həyəcanlanmamaq olmur. Ölkəni separatizm bürümüşdü. Şimalda sadvalçılar, cənubda vətən xaini Ə.Hümbətov xarici mərkəzlərin diktəsi ilə Azərbaycanın parçalanması üçün əllərindən gələni edirdilər. Bir tərəfdən isə Ermənistan yeni hərbi əməliyyatlara başlamışdı. O dövrdə ölkəyə rəhbərlik edənlər faktiki olaraq respublikanı yaranmış böhrandan çıxarmaq qabiliyyətində deyildilər. Digər tərəfdən ovaxtkı iqtidarın səriştəsizliyi ölkədə hakimiyyətsizlik yaratmışdı. Siyasi və hərbi qruplar iqtidara tabe olmaqdan boyun qaçırır, öz diktələrini ortaya qoyurdular.
Bu günlərdə AXC-Müsavat iqtidarı zamanı may ayının 26-da dövlət başçısı yanında keçirilmiş iclasın protokolu mətbuatda yayıldı. Həmin protokol da o zaman ölkədəki siyasi böhranın nə qədər dərin olduğunu və mövcud iqtidarın problemlərin qarşısında aciz qaldığını göstərir. Aydın görünür ki, dövlət idarəetmə aparatı öz qarşısında dayanan vəzifələri yerinə yetirə bilmir, hər sahədə özbaşınalıq baş alıb gedirdi. Və bütün bu proseslərin məntiqi sonluğu iyunun əvvəllərində Gəncədə qan tökülməsi ilə nəticələndi.
Haqlı olaraq bu gün hər kəs bu fikirdədir ki, əgər o dövrdə ölkəyə Heydər Əliyev rəhbərlik etmiş olsaydı, Azərbaycan dövləti və xalqı faciələrlə üzləşməzdi. Nə torpaqlarımız itirilərdi, nə hakimiyyət böhranı yaranardı, nə də cənub və şimal rayonlarında separatizm baş qaldırardı. Hakimiyyətdə olan siyasi qüvvələr də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin dahiliyini, böyüklüyünü anlayır, onu özlərinə potensial rəqib kimi görür və buna görə də xalqımızın böyük oğlunu sıradan çıxarmaq barədə düşünürdülər. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ilin oktyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş etməyə, onu Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən devirməyə cəhd etmişdilər. Heydər Əliyevə qarşı hazırladıqları məkrli planları iflasa uğrayan hakimiyyət 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələrindən sonra özü ulu öndərə müraciət etməli oldu və vəziyyətdən çıxış yolunu ilk növbədə Heydər Əliyevin Bakıya dəvət edilməsində gördü.
28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev həmin dövrün təhlilini verərək dedi: "Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi”.
Heydər Əliyev Bakıya iyun ayının 9-da gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Azərbaycanın siyasi-ictimai həyatında xoş ovqat, cəmiyyətdə yüksək əhvali-ruhiyyə baş qaldırdı. Bakı sakinləri "Heydər baba, xalqı bu bəladan qurtar!” kimi şüarlarla ulu öndəri qarşılamaq üçün hava limanına yollanmışdılar. Heydər Əliyev də çox dəqiq bilirdi ki, o ağır, qarışıq günlərdə özünü irəli verməsə, kövrək olan müstəqillik əldən veriləcək, dövlətçilik məhv olacaq, xalq didərgin düşəcək. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatları, qarayaxma kampaniyasını bir kənara qoyub, o ağır və keşməkeşli günlərdə xalqın köməyinə tələsdi.
Bakıya gələndən sonra Heydər Əliyevdən Ali Sovetə sədrik etməsi xahiş olunsa da, ulu öndər vəziyyətin son dərəcə təhlükəli olmasına baxmayaraq əvvəlcə vəziyyətlə tanış olmaq üçün Gəncəyə səfər etdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Elə bu səfərlə də ulu öndər ölkədə vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Yalnız Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilərdi. Bu addımı yalnız vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan adam ata bilərdi.
Bakıya gəldiyi gündən öz xilaskarlıq missiyasını layiqincə yerinə yetirən, ölkədə qardaş qırğınının qarşısını alan Heydər Əliyevin xalqın təkidli tələbi və yenilməz iradəsi ilə iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi ulu öndərə olan böyük inamın bariz təsdiqi idi. Ağır sarsıntılar içərisində olan xalq iyunun 15-də dərindən nəfəs aldı, sanki çiyinlərdən ağır yük götürüldü. Çünki hamı inanırdı ki, Heydər Əliyev ölkəni düşdüyü böhranlı vəziyyətdən mütləq xilas edəcək. Belə də oldu. Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi xalqımızın gələcək taleyini müəyyən etdi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü. Ümummilli lider qısa vaxtda ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi, Azərbaycanın tarixində yeni dövrün-faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Bu mənada ulu öndərin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsl mənasında, möhtəşəm siyasi hadisə kimi tariximizə yazıldı. Heydər Əliyevin xilaskarlıq missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şərəfli gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.
Milli Qurtuluş Günü yalnız Azərbaycan dövlətçiliyinin və xalqımızın faciələrdən qurtulduğu gün deyil, bu, həm də iqtisadiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın qurtuluşudur. Məhz Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunmuş bu gün bizə xalqımızın rifah və təhlükəsizlik şəraitində yaşayışını təmin edən, dünya birliyinin tamhüquqlu üzvü olan dövlət bəxş etdi. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq qurucusu və memarı ulu öndər Heydər Əliyev olan dövlətimizlə fəxr edir.
Bir məqamı da qeyd etmək yerinə düşərdi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ölkəyə rəhbərliyə başlayanda Azərbaycanın dövlət büdcəsi tamamilə boş idi. Büdcədə qalan cəmi 6 milyon dollar vəsait isə taxıl almaq üçün Taxıl Məhsulları Dövlət Şirkətinə köçürülmüşdü. Amma nə taxıl gəldi, nə də pul geri qayıtdı. Şirkətə rəhbərlik edən Əli Məmmədov isə ölkədən qaçdı. AXC-Müsavat iqtidarı dövlət büdcəsini belə talayırdı. Bunun nəticəsi idi ki, sonrakı dövrdə ölkədə əhalinin çörəklə təminatında ciddi çətinliklər yaranmışdı. Lakin Heydər Əliyevin sayəsində qıtlıq baş vermədi və problem ən qısa zamanda həllini tapdı.
1993-cü ildən başlanan Heydər Əliyev siyasəti bu gün də Azərbaycana möhtəşəm uğurlar gətirməkdə davam edir. Ulu öndərin siyasi kursu bu gün cənab Prezident tərəfindən layiqincə davam etdirilir. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev xalqımızın ümummilli liderinin başlamış olduğu siyasi kursu davam etdirərək milli tərəqqimizin yeni mərhələsinin başlanğıcını qoydu. Bunun nəticəsidir ki, ötən 16 ildə Azərbaycan sürətlə inkişaf edib, iqtisadiyyatımız 3 dəfə artıb. Bakıda, ölkənin hər yerində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib. Ən əsası odur ki, bu dövrdə Azərbaycan qlobal enerji və iqtisadi layihələri qətiyyətlə həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi” Azərbaycanın dünyada nüfuzunu artıran möhtəşəm infrastruktur qurğuları ölkəmizin inkişafına, xalqın sosial rifahının yüksəldilməsinə xidmət edir.
2003-cü il prezident seçkiləri ərəfəsində dahi öndər Azərbaycan xalqına müraciət edərkən demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq”. Ötən 16 ildə qazanılan uğurlar göstərir ki, Prezident İlham Əliyev Heydər Əliyevin arzularını reallığa çevirib, Azərbaycanı ulu öndərin görmək istədiyi inkişaf səviyyəsinə çatdırıb.
Heydər Əliyev Azərbaycanın
taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış,
müstəqil dövlətimizin yaşadılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə
yerinə yetirdi. Hüquqi
və demokratik dövlət quruculuğunu həyata keçirdi.
Prezident İlham Əliyev ulu öndərin yaratdığı təməlləri daha da möhkəmləndirir. Azərbaycan ildən-ilə inamla yüksəlir, regionun lider dövləti kimi beynəlxalq məsələlərdə söz sahibi kimi çıxış edir. Bu inkişaf və yüksəliş ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin
sədr müavini,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2019.- 13 iyun.- S.1; 4.